vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
ANALİZ  
22:00 | 25 iyun 2014 | Çərşənbə Məqaləyə 1753 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezidentin ilk azad yürüşü

İlham Əliyev: «Baxın görün sizin ölkənizdə nələr baş verir, mitinqlər necə dağıdılır, etiraz edənlər necə təqib olunur!»

MÖVZU İLƏ ƏLAQƏLİ

İlham Əliyev Avropa Şurasında yaxşı mənada böyük təəssürat yaratdı. Səmimi desəm, prezidentin belə parlaq, aydın, ölçü-biçili, inamlı və sərt çıxışını çoxdan eşitməmişdim. Əliyev bu dəfə özünəməxsus özünəinamlılığı ilə yox, özünə əmin olması ilə valeh etdi. Çox sərbəst idi, heç nədən sıxılmırdı...


Azərbaycan prezidentinin qatı tənqidçiləri nəyə hazırlaşmışdılar? Bəs Həbib Müntəzirin timsalındakı sınıq-salxaq siyasi mühacirlərimizin xırda-xuruş nümayəndələri nəyə hazırlaşmışdı? Yeri gəlmişkən, Berlinin mərkəzində «Meydan» açıb özünü blogger kimi təqdim edən bu adam Avropada çoxdan bəri yaşasa da hələ də alman dilini öyrənə bilməyib...

Prezident Əliyevə, yumşaq desək, «soyuq qəbul» hazırlayan, Avropa Şurası Parlament Assambleyasının divarları arasında ona öz aləmlərində «soyuq duş» yaşatmaq istəyən bütün bu bir ovuc adam, bu balaca yığnaq nəyə hazırlaşmışdı?

Onlar başqa mənzərənin yaranacağını xəyal edirdilər. Bu adamlar öz ağıllarınca belə təsəvvür edirdilər ki, prezident salona əsl şərqli despotlar sayaq, eqoistcəsinə daxil olacaq. Onlar isə Azərbaycan prezidentini özlərinə xas yaramazlıqla, istədikləri şəkildə, mənfi planda təqdim edəcəklər, tənqidləri hər tərəfdən onun üzərinə yağdıracaqlar, açıq tənqidlərə hazır olmayan İ.Əliyevi küncə sıxacaqlar, sonra da prezidenti divara dirəyib o ki var sıxışdıracaqlar...

Bəs axırı nə oldu?! İ.Əliyev bu cılız, zəif adamcıqların məkrli niyyətlərini nəinki puça çıxardı, həm də bütün dünya üçün tamamilə yeni olan siyasi döyüşçü, istənilən zərbələri asanlıqla dəf edə bilən, buna hazır və qadir olan soyuqqanlı siyasətçi obrazında çıxış etdi.

Biz zalda müstəqil dövlətin başçısına xas ləyaqət və məğrurluqla gülümsəyən prezidenti gördük. Tamamilə sakit, təmkinli və özünəinamlı prezidenti...

Əliyev keçib ona ayrılmış kürsüdə əyləşdi. Sonra da tribunaya qalxdı. O, hamının gözü qabağında şəstlə dayanmışdı.

Və qəfildən yersiz bir mənzərə ilə qarşılaşırıq: həbibmüntəzirlər, Qənimət Zahidin həyat yoldaşı və «siyasi küfr»ün digər nümayəndələri ağızlarını bağlamış halda zala girib öz yerlərini tuturlar. Onlar bununla Azərbaycanda söz azadlığının olmadığını göstərmək istəyirdilər. Onlar bu «dilsiz-ağızsız sarğılı aksiya» ilə öz prezidentlərinin əcnəbi deputatlar qarşısındakı çıxışına etiraz bildirməyə çalışırdılar...

Hamının nəzərləri İlham Əliyevə tərəf çevrildi...

Bəs Əliyevin reaksiyası nə oldu? Sıfır! Əliyev heç gözünü də qırpmadı. Hətta qaşını da çatmadı...

Bunun əvəzində hamı sərt siyasətçinin sakit və təmkinli üzünü gördü. Əliyev çox gözəl bildiyi ingilis dilində səlis danışmağa və öz ölkəsinin uğurları barədə parlaq bir nitq söyləməyə başladı. Bu çıxışı təkcə ölkəsinin yox, həm də özünün uğurları barədə idi. Gəlin etiraf edək ki, İlham Əliyevə qədər ki və ondan sonrakı iki Azərbaycan tamamilə fərqli ölkələrdir. Əliyevin şəxsi uğurları ölkəsinin nailiyyətləri ilə bir məcrada birləşərək çulğaşıb...

Elə bu məqamda AŞ PA prezidenti Ann Brassör dözmədi. O da başa düşdü ki, belə hərəkətlərlə İlham Əliyevi təsir altına salmaq olmaz. A.Brassör İ.Əliyevin sözünü kəsdi, üzünə də bir qədər süni narazılıq ifadəsi verib oturaq «sarğılı aksiya» iştirakçılarına tərəf döndü. Onları öz aksiyalarını jurnalistlər üçün ayrılmış lojada davam etdirməyə çağırdı.

Azərbaycan adına toplaşmış bu siyasi oyuncaqlar isə üzüsulu kənardakı eyvana getdilər. İ.Əliyev gülümsədi. Onun bu təbəssümü mənalı idi. Bu gülüşdə incə istehza vardı. Ümumən Əliyevin çox incə yumor hissi var.

Əliyevin həmin təbəssümünün açması belə idi: «Onlar mənə mane olmurlar, ola da bilməzlər, qoy otursunlar özləri üçün...»

Doğrudan da bu etiraz əyalət mığmığalarının «Köhnə qitə»nin mərkəzində xırda dişləməsindən başqa daha nə idi ki...

İ.Əliyev həmin zalda A.Brassörün xırda, lakin məkrli zərbəsini də uğurla dəf etdi. AŞ PA prezidenti Azərbaycan prezidentinə çoxdan - Əliyev AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən elə bu zalda dediyi «hər ölkədə iqtisadi inkişaf siyasi azadlıqlarla möhkəmləndirilməlidir» sözlərini xatırlatdı.

Əliyev gülümsəyib sədrə tərəf çevrildi. Dedi ki, o, heç indiki Azərbaycanı da siyasi azadlıqlarsız təsəvvür etmir. Dedi ki, lakin azadlıq çaxnaşmalar, kataklizmlər, küfr etmək cəhdləri demək deyil. Qeyri-adi hərəkətlər edib nə yolla olursa-olsun başqalarından fərqlənmək cəhdi demək deyil. Özünü yalandan «demokratiya əzabkeşi» kimi gözə soxmaq, özünü yalançı, uydurma siyasi məhbusların taleyindən guya narahat olurmuş kimi göstərmək demək deyil.

Azadlıq ideyasının daşıyıcıları böyük cəmiyyətləri dağıdacaq və Ukraynada olduğu kimi xırda anarxist qruplar yaradacaq müxtəlif maniyalara düçar olmamalıdırlar. Axı hamı bilir ki, bu proseslərin mahiyyəti azadlıq və demokratiya deyildi, şöhrət və hakimiyyət ehtirasları idi...

Əliyev parlaq nitqini bitirəndən sonra sakitcə «ev tapşırığı»na - öz tənqidçiləri və rəqibləri ilə sərt siyasi diskussiyaya başladı. «Siyasi məhbuslar» məsələsində Bakıda az qala sirk tamaşası göstərən və ikinci Ştrasser roluna iddia edən Maknamara birinci başladı.

Əliyev tərəddüd etmədən o dəqiqə cavab verdi. Dedi, cənablar, axı il yarım qabaq elə siz özünüz Ştrasserin qətnaməsinin əleyhinə səs vermisiniz, Azərbaycanda siyasi məhbusların olmadığını elə özünüz bəyan etmisiniz. Bəs bu təzə oyun nədir? Bu əsassız, qəzəbli hücumların adı nədir?

Daha bir britaniyalı deputat qalxıb İ.Əliyevi prezident seçkini saxtalaşdırmaqda ittiham edir.

Əliyev yenə tövrünü pozmur. Sakitcə, tərəddüd belə etmədən, məntiqlə cavab verir. Deyir cənablar, axı seçkilərin demokratik və ədalətli keçdiyini elə siz özünüz, AŞ-nin nümayəndə heyəti rəsmən bəyan etmisiniz, onun nəticələrini tanımısınız. Bəlkə yaddaşınızda problem var?! Deyirsiniz ki, bizdə sərbəst toplaşmaq azadlığı yoxdur. Bəs seçkinin nəticələri elan olunandan dərhal sonra müxalifətə şəhərin mərkəzində mitinq üçün meydanı kim vermişdi? Bunu mən etməmişdimmi? O etiraz aksiyasına cəmi 860 nəfərin gəlməsi məgər mənim günahımdır? Siz məni nədə ittiham edirsiniz? Bəlkə Azərbaycan xalqının məni dəstəkləməsi xoşunuza gəlmir deyə hücum edirsiniz?...

Əlbəttə, İ.Əliyev bunu deyə bilməzdi ki, etiraz üçün meydana çıxan həmin 860 nəfərin də tən yarısı açıq və gizli polisin əməkdaşları olub...

«Siz yalan danışırsınız,- Əliyev davam edir,- baxın görün sizin öz ölkənizdə nələr baş verir, mitinqlər necə dağıdılır, etiraz edənlər necə təqib olunur!»

...İ.Əliyev siyasi döyüşçü və mahir polemika ustasıdır. O, bu bacarığını da nümayiş etdirdi, üstəlik daha bir stereotipi də darmadağın etdi. Müxalifət uzun illər ərzində cəmiyyətə belə bir fikir aşılmağa çalışırdı ki, İ.Əliyev guya nomenklatura tipindəki kabinet siyasətçisidir, prezident guya açıq siyasi oyunları bacarmır, bir insan, siyasətçi kimi açıq və sərt siyasi mübarizəyə guya hazır deyil, açıq siyasi döyüşlərdən guya yayınır...

Əliyev isə bunun tam əksini göstərdi. Məlum oldu ki, o, böyük siyasi məharətə malik usta siyasətçidir və onunla polemikaya girmək o qədər də asan məsələ deyil.

Burada məsələ başqa şeydədir: Azərbaycanda onun qarşısına çıxacaq ikinci siyasətçi yoxdur! İndiki müxalifətdən «siyasi meyit» iyi gəlir. Bu parlaq siyasətçi bu halda kiminlə polemikaya girsin, kiminlə mübarizə aparsın?

Deyirlər ki, İ.Əliyev ictimai rəylə hesablaşmır, ona bəzən məhəl qoymur. Amma bunu nəzərə almaq lazımdır ki, ictimai rəy hələ Elçibəy dövründən bəri Azərbaycanda yolgöstərən mayak deyil, insanlarda çaşqınlıq yaradan qorxudur. İndi sizə niyə elə gəlir ki, İ.Əliyev çaşqınlıq yaradan bu qorxu ilə hesablaşmalıdır?!

2011-ci ildə AŞ PA-nın elə bu zalında başqa prezident - Serj Sərkisyan da çıxış edirdi. Sınıq-salxaq rus dilində, hətta sadə ifadə və cümlələri də bir-birinin dalına güc-bəla qoşa-qoşa danışırdı...

Ona açıq mətnlə ünvanlanan alçaldıcı sual və iradlardan rəngi qaralmış erməni siyasətçisinin Avropanın siyasi tribunasını fağır-fağır tərk eləməsi səhnəsinə baxanda adamın ona yazığı gəlirdi. O zaman erməni deputatlar da belə prezidentləri olduğu üçün möhkəm pərt olub utanmış və özlərini təhqir olunmuş saymışdılar...

Bu günsə şəxsən mən öz ölkəmə görə, ölkəmizin başçısının uğuruna görə qürur hissi keçirdim. İlham Əliyev də Avropa Şurasının binasını belə məğrurluqla, vüqarla tərk etdi.

Bravo, cənab Əliyev! Bu, sizin ilk azad yürüşünüz idi...(Virtualaz.org)