Boksçuların qanlı davası
Gömrük işçisi güllələndi; 1 ölü, 2 yaralı
Binəqədi rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində peşəkar boksçular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov, onun 37 yaşlı qardaşı Şəhriyar bıçaqlanıb. 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyəsindən bıçaqlanıb. Fəridi xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb. Bıçaq onun arterial qan damarını kəsdiyindən qanı saxlamaq mümkün olmayıb. 1977-ci il təvəllüdlü Şəhriyar isə qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qardaşları bıçaqlayan Samir Həsənov da peşəkar boksçudur. Dövlət Gömrük Komitəsinin mühafizəçisi işləyən Samirlə qardaşlar arasında mübahisə düşüb. Mübahisəyə isə deyilənə görə, tərəflərdən birinin digərinin arxasınca danışması səbəb olub. Mübahisə zamanı onlar bir-birinə qarşılıqlı söyüş söyüblər. Bu zaman Samir cibindəki bıçağı çıxararaq qardaşları vurub.
Şəhriyar isə pnevmatik tapança çıxararaq Samirə bir neçə dəfə atəş açıb. Tapançanın kürəcikləri Samirin bədəninin müxtəlif yerlərinə dəyib. O hadisə yerindən qaçmağa müvəffəq olub.
Onu da əlavə edək ki, hər üç şəxs eyni idman zalında məşq edirlər.
Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.