«Allaha tapşırıram»
Zavod direktoru ondan şikayətçi olanlara qarğış etdi
Gəncə Detal Alüminium Zavodunda işçilərlə direktor arasında qalmaqal baş verib. Zavodun işçiləri etdikləri şikayətdə bildiriblər ki, zavodun direktoru Cəmil Səfərov işçilərə münasibətdə ayrı-seçkilik edir.
Zavodun mühəndisi Sitarə Bağırovanın verdiyi məlumata görə, Cəmil Səfərov artıq bir ilə yaxındır ki, onlara heç bir tapşırıq vermir.
«Əlimizdə olan avadanlıqları da alıblar. Kompüterlərimizi alıblar. Bizə heç bir tapşırıq vermirlər. Bir ilə yaxındır ki, boş-boşuna gedib-gəlirik. İş görmədən maaş alırıq. Bu da sonra bizim ziyanımıza olacaq” - deyə Sitarə Bağırova bildirib.
Sitarə Bağırova deyir Cəmil Səfərov onlarla ona görə düşünüşüb ki, baş verən haqsızlığa göz yummayıblar: «Biz Cəmil müəllimdən şikayət etmişdik. İndi bunun əvəzini bizi incitməklə çıxır. Bizi işdən qovmaq üçün bəhanələr axtarır. Hər vəchlə çalışır ki, bizi işlərdən kənarda saxlasınlar”.
ANS problemin nədən qaynaqlandığını öyrənmək üçün zavodun Gəncə filialının direktoru Cəmil Səfərova əlaqə saxlayıb. O bildirib ki, səslənən bütün ittihamlar əsassızdır. Direktorun sözlərinə görə, bir neçə nəfər birləşərək zavodun iş prinsiplərinə xələl gətirir.
«Aprel ayında Gəncəyə güclü yağış yağmışdı. Bu səbəbdən bir neçə nəfər sözü bir yerə qoyublar və bir neçə gün işə gəlməyiblər. Biz də sadəcə sənəd xatirinə onlara xəbərdarlıq yazmışıq. Onlar da bundan qəzəbləniblər və bizə qarşı saymazlıq edirlər” - deyə Cəmil Səfərov bildirib.
Direktor deyir ki, başda Sitarə Bağırova olmaqla bir neçə işçi onlara verilən tapşırıqları yerinə yetirməkdən imtina edir. Hətta iş o yerə çatıb ki, onlar məhkəməyə də üz tutublar. Məhkəmə də qərar çıxarıb. Onun sözlərinə görə, bir qrup işçi indi zavodda öz bildiyini edir.
Avadanlıqların və kompüterlərin işçilərdən alınmasına gəlincə isə Cəmil Səfərov bunu belə izah edib: «Onlar şikayət ediblər ki, bizə kompüterdə yazı yazdırırlar, biz mühəndisik, bizə imkan vermirlər öz işimizi görək, bizi katibə kimi işlədirlər və s. Ona görə də tapşırıq vermişəm ki, kompüterləri götürsünlər. Mühəndisdirlər, onlara verilən tapşırıqları yerinə yetirsinlər”.
Direktor sonda işçilərin haqsız davrandıqlarına görə qarğış da edib: «Mənim adımı haqsız yerə pisə çıxarırlar. Mən istehsal adamıyam. İnsidentdən uzağam. İstehsalatla məşğulam. Mənim işimə əngəl vuranları Allaha tapşırıram. Allah bəlalarını versin».