Cavid Qurbanovun qəfil yoxlaması...
... vağzal işçilərini çıxılmaz vəziyyətə saldı
İki gün öncə prezidentin sərəncamı ilə «Azəryolservis» ASC-nin sədri postundan azad olunaraq «Azərbaycan Dövlət Dəmir Yolları» QSC-yə rəhbər təyin edilən Cavid Qurbanov bu gün heç kimin gözləmədiyi halda qəfildən Bakı Dəmiryol Vağzalına gedib.
Bu məlumatı virtualaz.org saytına dəmiryolçular verib.
Onların sözlərinə görə, səhər saat 8:30 radələrində dəmiryol vağzalına heç kimin müşayiəti olmadan, təkcə gedən Cavid Qurbanov bir müddət vağzal ərazisində gəzib: «Vağzal rəhbərliyi yeni sədrin vağzala gəlişindən xəbər tutandan sonra əl-ayağa düşdü. Dərhal Cavid Qurbanovun yanına gələn işçilər düşdükləri vəziyyətdən çıxmağa çalışdılar».
Vağzal ərazisinə baxış keçirən C.Qurbanov daha sonra sərnişin qatarlarının təmir edildiyi depoya yollanıb. Yeni sədr depodakı şəraitdən narazılığını bildirib. Fəhlələrin soyunub-geyinmə otağındakı bərbad vəziyyətin aradan qaldırılmasına göstəriş verib.
Qeyd edək ki, son zamanlar dəmiryolçuların, xüsusilə də qatar bələdçilərinin çoxsaylı şikayətləri eşidilir. Dəmiryolçular keçmiş sədr Arif Əsgərovun rəhbərliyi vaxtında «Azərbaycan Dövlət Dəmir Yolları» QSC-dəki özbaşınalıqdan şikayətlənirlər. QSC-nin binası qarşısında etiraz aksiyaları keçirən bələdçilər maaşlarının artırılmasını, haqsız yerə işdən çıxarılan iş yoldaşlarının geri qaytarılmasını, yeni işə götürülən qadın bələdçilərlə aralarında olan maaş fərqinin aradan qaldırılmasını, bu sistemdəki rüşvət və korrupsiya faktlarının araşdırılmasını tələb edirdilər.
Narazı bələdçilər yeni sədr Cavid Qurbanovla görüşmək üçün ona gələn həftə yazılı müraciət edəcəklər. Bələdçilər yeni sədrin onların şikayətini dinləyəcəyinə və problemlərini həll edəcəyinə inandıqlarını deyirlər.