«40 illik məvacibim idi...»
Tağı Əhmədov aylıq qazancı 7500 manatdan yuxarı olub?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun «Bakı Metropoliteni» sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları məlum olub.
«Qafqazinfo»nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məsələyə T.Əhmədovun A.Çovdarovun xahişini yerə salması səbəb olub.
Belə ki, MTN-ə 10 ədəd «Range Rover» markalı avtomobil lazım olub. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov təxminən 1 milyon dollara başa gələcək bu «xərc»dən imtina edib. Bu da qarşı tərəfi narazı salıb, bundan sonra T.Əhmədov və ətrafı barədə araşdırmalar başlanılıb.
Tağı Əhmədovun özünün, metroda işləyən qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyevin (Tağı Əhmədovun qardaşı oğlanları) istifadəsində olan telefon nömrələri qanunsuz olaraq dinlənilib. Bu işdə A.Çovdarovun tapşırıqlarını MTN-in Monitorinq Xidmətinin sabiq rəisi, general-mayor Teymur Quliyev, həmin xidmətin əməkdaşları Anar Şirəliyev və Fərhad Atayev yerinə yetirib.
Dinləmələr zamanı lazımi məlumatlar əldə edildikdən sonra Xidmətin üçüncü idarə rəisi Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. Ona rəhbərliyin mesajını çatdırıb. R.Rəsulov Metropoliten haqda MTN-ə daxil olan şikayətlər əsasında onu həbs edəcəkləri, şəxsiyyətini zor tətbiq etməklə alçaldacaqları ilə hədələyib. Bunların baş verməməsi üçün isə T.Əhmədovun 3 milyon manat verməsini istəyib. Sabiq Metropoliten rəisi bu tələbi də rədd edib.
Bundan sonra T.Əhmədovun qohumları olan Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub, döyərək işgəncələr verilib. Onlardan T.Əhmədovun əleyhinə ifadələr almağa çalışıblar. Elşən Tağıyev MTN-dən ağır kəllə-beyin travması diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilib.
Nəhayət, Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun digər oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.
T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan «Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?» sualına «40 illik əmək haqqımdı, yığıb saxlamışdım» deyə cavab verib.
P.S. Ən adi hesablama aparsaq, T.Əhmədov yeyib-içmədən, qanuni yolla, 3 milyon manatı toplamaq üçün 40 il (480 ay) müddətində hər ay azı 6250 manat qazanmalı idi. Məbləğə aylıq qazancdan tutulacaq vergiləri də daxil etsək, bu rəqəm 7500 manatdan çox edir.