vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
MÜƏLLİF  
22:14 | 23 avqust 2012 | Cümə axşamı Məqaləyə 3328 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Modernist türkçülük və təriqətlər»

Dilqəm ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən ilin mart ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucova bir yazımda çağrıda bulundum. Cənab sədrdən Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamənin 6-cı bəndini xatırlamasını arzu etdim: “Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır”.

Bayraq, gerb, himnin bir insan tərəfindən müqəddəs sayılması məcburi deyil, hər kəs öz dünyagörüşünə uyğun bu atributlara münasibət sərgiləyir. Lakin ortada maraqlı bir qanun vardı, bu qanunun əməl edilməsinə isə bütün vətəndaşlar məsuldur. Sədrə bayraq məsələsini xatırlatmaqda məqsədim o idi ki, ölkənin dövlət kitabxanalarında kitabları xüsusi ayrılmış hissələrdə satılan şizofrenik bir insanın-Harun Yəhyanın öz kanalında Azərbaycan bayrağı altında gənc qızlara sözlü seksual təzyiqləri göstərməsi idi. “Youtube”də həmin videoları izləmisiniz.
Təsəvvür edin, canlı yayımda Azərbaycan bayrağı altında gənc qızlara təzyiq edən birinin kitabları “Akademkitab”da xüsusi ayrılmış hissədə satılırdı. Çağrının Hidayət Orucova ünvanlamam isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquqları çərçivəsinə daxil olan “dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalı, idxalı və yayılmasına nəzarət etmək, dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək” bəndinə əsasən idi. Çağrımıza rəsmi cavab gəldi, lakin təbii ki, problem həll olunmadı. 
Təsəvvür edin təkamül nəzəriyyəsini məhv etdiyini iddia edən müəllifin “Yaradılış atlası” kitabının rus dilində olan variantı “Akademkitab”da 80 AZN-ə satılırdı. Halbuki o kitab haqqında “Science” dərgisinə danışan avropalı mütəxəssislər kitabın lapma altı kimi istifadəyə gərəkdiyini yazırdılar. 
Hazırda Harun Yəhyanın Azərbaycanda rəsmi fəaliyyət göstərən bir neçə saytı, ucuz qiymətə satılan yüksək keyfiyyətli dizaynı olan dərgiləri və yönəltdiyi bir din xadimi var. Hansı ki, həmin din xadiminin də iki dərgisi, bir saytı fəaliyyət göstərir. 
Tələbəlik müddətində Fəthullah Gülən camaatı ilə uzun illər münasibətim olub. Bu qaragüruhçu kütlənin həyat tərzi, Atatürkə münasibəti, laik dəyərləri ayaqlar altına almalarını gördükcə, artıq tələbəlik həyatını bitirdiyimdə həmin kütlənin qalstuklu mollalarının hakimiyyətə gəlməsi, TSK məsnublarını CİA ilə birlikdə Silivri həbsxanasına saldıqlarını izlədikcə türkün qazandığı bəşəri dəyərləri yüz ildə nə hala gətirdiklərinə təəssüf etdim. Halbuki, bu gün Ərdoğanın etdiklərini yüz il öncə təmizləyən Atatürk türk milli kimliyini mərkəzə alaraq dövlət idarəçiliyində xilafətə yer olmadığını bildirərək demokratik dəyərlərə əsaslanan laik Türkiyənin əsasını qoyub. 
Dini və dünyəvi dövlətlərlə bağlı hüquqda istifadə olunan və elmi dairələrdə Böyük Fransa inqilabından sonra işlədilməyə başlanılan “laik” termini qədim yunan dilində olan “laicos” sözü ilə bağlıdır. Qədim yunanlar bu sözü özlərini Tanrıya həsr edən rahiblər sinfinə daxil olmayan geniş xalq kütlələrini adlandırmaq məqsədilə istifadə edirdilər. Buna görə də, laiklik iki təməl prinsipə söykənir: 1) Din azadlığı 2) Din və dövlət məsələlərinin ayrılığı
Laikliyin vətəndaşlara verdiyi din azadlığı ondan ibarətdir ki, hər bir şəxs istədiyi inancda ola bilər və dövlətçiliyə zidd olmadığı təqdirdə öz inancının tələb etdiyi ibadətləri sərbəst şəkildə yerinə yetirə bilər. Eyni zamanda istənilən fərd hər hansı bir dinə mənsub olmamaq hüququna da malik ola bilər. Böyük Atatürk haqlı olaraq deyirdi: “Din bir vicdan məsələsidir, hər kəs vicdanının səsini eşitməkdə sərbəstdir”. Yəni laiklik dinsizlik və insanlığın sahib olduğu dini dünyagörüşü qadağan etmək anlamında olmayıb, dinin azadlığı və fərdiliyi prinsipini rəhbər tutmaqdır. 
Laikliyin ikinci təməl prinsipi din və dövlət məsələlərinin ayrılığıdır. Hüquqi bir anlayış olan laikliyə görə, din və dinə aid işlər cəmiyyətin ümumi xarakter daşıyan tələbatlarından olduğundan dövlətin sosial xidmətləri çərçivəsinə salınmalı, bu məsələləri tənzimləyəcək qurumlar dövlətdə olmalıdır. Hər hansı bir dinin qanunları və ya bir din ətrafında birləşən icmaların açıq və ya gizli şəkildə dövlət idarəedilməsində istifadəsinə cəhd göstərilməsi qanuna zidd hesab olunur. Laik hüquqda qanunlar ağıla, isbat olunmuş dəyərlərə və ortaq məntiqə əsaslanır, dini qanunlar kimi doqmatik xarakter daşımır. Atatürkçü Düşüncə Sistemində hüququn əsasını insanların ortaq iradəsi təşkil edir, hüquq bəşəri dəyərlərə əsaslanır, zamana uyğun olaraq dəyişdirilməsi nəzərdə tutulur. Atatürk haqlı olaraq deyirdi: “Yüz, beş yüz, min il əvvəl yaşayan bir cəmiyyət üçün qəbul edilmiş qanunlarla çağdaş cəmiyyəti idarə etməyə cəhd göstərmək qəflətdir, cəhalətdir”. 
Məhz buna görə 23 aprel 1920-ci ildə açılan Türkiyə Böyük Millət Məclisi milli suverenlik, milli iradə prinsiplərinə söykənirdi. 1921-ci il yanvarın 21-də qəbul edilən konstitusiyaya əsasən bu prinsiplər siyasi-hüquqi əsasa çevrildi. Bu yeniliklərin ardınca 1922-ci il noyabrın 1-də xilafət idarəçiliyi aradan götürülür, 29 oktyabr 1923-cü ildə Türkiyə Cumhuriyyətinin əsası qoyulur. Artıq Cumhuriyyətin əsası qoyulduğu üçün Mustafa Kamal hələ I Dünya Müharibəsi ərəfəsində düşüncəsində formalaşan dəyərləri ardıcıllıqla həyata keçirməyə başlayır. 2 mart 1924-cü ildə verilən qərarla 479 mədrəsə ləğv olunur, martın 3-də alınan qərarla Türkiyə ərazisində olan bütün təhsil mərkəzləri Təhsil Nazirliyinin nəzarətinə verilir. 1924-cü il aprelin 20-də alınan qərarla ibtidai təhsil məcburi elan edilir. Bu islahatların ardınca 1925-ci ilin sentyabrın 2-də türbələrin, təkkələrin fəaliyyəti və çoxevlilik qadağan edilir, noyabrın 25-də qiyafət yasası, 1 yanvar 1926-cı ildə təqvim və ölçü dəyişikliyi həyata keçirilir. 1926-cı il oktyabrın 4-də İsveçrə, Almaniya və İtaliya hüquqi sistemlərindən nümunələr əsasında yeni hüquqi dəyərlər yaradılır. 1928-ci ildə konstitusiyada aparılan dəyişikliklə qanunda mövcud olan “dövlət dini İslamdır” maddəsi götürülərək Türkiyə Cumhuriyyəti laik sistemə qədəm qoyur. Həmin ilin noyabrın 1-də alınan qərarla ərəb əlifbası latın əlifbası ilə əvəz olunur. 1932-ci ildə isə məscidlərdə azanın türkcə verilməsi qanuniləşdirilir. Çağdaşlaşan Türkiyə 1934-cü ildə qadınlara millət vəkili olmaq və seçmək hüququnu bəxş edir. Növbəti ildə artıq TBMM-ə 15 qadın millət vəkili seçilir. 1935-ci ildə qüvvəyə minən qanuna əsasən ərəbcə olan familiyalar türk soyadları ilə əvəz olunur. 1937-ci il 5 fevralda Anayasada edilən dəyişikliklə Türkiyədə laik sistem ana qanunla müəyyənləşir və 1982-ci ildə qəbul edilmiş sonuncu Anayasada da təsdiqlənir. Konstitusiyanın ikinci maddəsində yazılır: “Türkiyə Cümhuriyyəti, cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı içində, insan haqlarına hörmətlə yanaşan Atatürk millətçiliyinə bağlı, “Başlanğıcda” müəyyən edilən əsas prinsiplərə söykənən demokratik, dünyəvi (laik) və sosial bir hüquq Dövlətidir”.
Lakin bu gün bu dəyərlərlə idarə edən övləti yıxmağa cəhd edirlər. Atatürkün deyil, Fəthullah Gülənin, Harun Yəhyanın, Cübbəli Əhməd Hocanın, “demokratiya məqsəd deyil, vasitədir” deyən Ərdoğanın arxasınca gedir. 
Ən pisi odur ki, Türkiyədə Atatürkçülüyün ləğvi ilə yanaşı, Azərbaycanda da Axundovun, Nemanzadənin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Rəsulzadənin yaratdığı dəyərlərə hücumlara cəhd edilir. Ona görə də, cumhuriyyət dəyərlərini qorumaq üçün modernist türk millətçisi arianist ocaqlardan, nurçuların işıq evlərindən gələn qaranlıq gələcəyin qarşısını almalıdır.
Cəhalətin qarşısı isə yalnız modern bilgilərə yiyələnmək, ən sadəsi isə kitab oxumaqdır.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)