Bakıda itkin düşən uşaq tapıldı
Onu diləndiriblər?
Bakıda itkin düşən uşaq tapılıb. Lent.az-ın məlumatına görə, Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amil tapılıb.
Bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. «Qapı döyüldü, açdıq gördük uşağın özüdür», - deyə Amilin anası Arzu Abbasova bildirib.
3-cü sinif şagirdi olan Amin özü isə aznews.az-a onu dilənçilərin oğurladığını deyib: «Məni soyuqda diləndirdilər».
Bunu həmin sayta Aminin anası da təsdiqləyib. O bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: «Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır».
***
21:41
Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib. Bu barədə Lent.az-a uşağın anası məlumat verib.
Anası Arzu Abbasovanın sözlərinə görə, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: «Qardaşı da onunla olub. Lakin Əli üşüdüyündən evə qalxıb. Amil isə həyətdə qalıb».
Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən bildirilib ki, belə bir şikayət qəbul edilib: «Abbasov Amilin axtarışları paytaxtın bütün istiqamətlərində davam etdirilir».
Qeyd edək ki, Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir.
Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055) 563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.