vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:58 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çovdarov kimin başına «qara torba» keçirmək istəyib?

İttihamçı ilə müdafiəçinin sözü çəp gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü iclasda zərərçəkmiş qismində iki sabiq bələdiyyə sədrinin – Biləcəri qəsəbə bələdiyyəsinin sədri İlham Xəılilovun və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Elman Salmanovun ittihamları əsasında epizoda baxılıb.

Məhkəmədə zərərçəkmiş qismində ifadə verən sabiq Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov bildirib ki, 2004-cü ildən bu vəzifəyə seçilib. Bundan 4 il sonra – 2008-ci ildə yaxın dostu, keçmiş polis rəisi Adil Yaqubov ona xəbər çatdırıb ki, Akif Çovdarov İlham Xəlilovla görüşmək istəyir.

Zərərçəkmişin sözlərinə görə, Adil Yaqubov uzun müddət Akif Çovdarovla birlikdə polis sistemində işləyib, sonradan təqaüdə çıxıb və Çovdarovun Masazırdakı istixanasını idarə etməyə başlayıb.

MTN binasında general bələdiyyə sədrinə çatdırır ki, 100 min manat gətirməlidir. Onun vasitəsilə Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan da 150 min tələb edir. Pulun verilməyəcəyi təqdirdə, bələdiyyə sədrlərinə hədə-qorxu gəlinib ki, onları da Rəsulzadə bələdiyyəsinin həbs olunmuş sədri Məcnunun aqibəti gözləyə bilər, başlarına «qara torba» keçirib apararlar.


Elman Salmanovun «üç hərfli nazirliy»i


İlham Xəlilovun sözlərinə görə, bu görüşdən bir neçə gün sonra Binəqədi bələdiyyəsinin sədri Elman Salmanov ona zəng vurur. Telefonlarının dinlənildiyini təxmin etdiyindən qorxub MTN-in və Çovdarovun adını telefonda çəkmir. «Sənə üç hərfli nazirlikdən zəng olub?» - Salmanov həmkarından soruşur.

E.Salmanov 90 min manat düzəldə bilir. İ.Xəlilov isə cəmi 50 min manatı da bunun üstünə qoyaraq, ümumilikdə 140 min manat pulu götürərək, Rəsulzadə-Biləcəri yolunun kənarında Çovdarovun sürücüsü Nurxan və başqa bir şəxslə görüşür, məbləği həmin adama verir.

Zərərçəkmiş bildirdi ki, aradan bir neçə gün keçmiş A.Yaqubov ona zəng edib pulun qalanını nə vaxt verəcəklərini soruşur. 1 aya yaxın müddət keçir və ümumilikdə yerdə qalan 110 min də Yaqubovun vasitəsiylə Çovdarova ötürülür.


İkinci seriya – 6 ildən sonra


Bu hadisənin üstündən 6 il keçir və 2014-cü ildə Çovdarov yenidən İ.Xəlilova zəng vurur. Bu dəfə əmr bundan ibarət olur ki, Masazırda «Zəli gölü» deyilən su hövzəsinə yaxın ərazidə 10 hektar torpaq sahəsi Adil Yaqubovun adına sənədləşdirilsin. Lakin bu torpaq Binəqədi bələdiyyəsinin ixtiyarında olduğundan, işə yenidən artıq sabiq sədr Elman Salmanovu qoşmalı olurlar. Ona 2007-ci il tarixli sənədi imzaladaraq həmin torpaq sahəsini Adil Yaqubovun adına keçirirlər.

Lakin sənədləşmə işi davam etdiyi vaxt Çovdarov hökm verir ki, bələdiyyə sədri bu iş üçün ona verilmiş 10 min manatın üstünə 10 min də qoyub ona verməlidir. Bələdiyyə sədri 20 mini bir neçə gün sonra düzəldir. 2014-cü ilin yayında Xəlilov cibində 20 min manat Çovdarovun istixanasına gəlir və pulu təhvil verir. Əsəbiləşmiş general onu təhqir etdikdən sonra deyir: «Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirib zirzəmiyə ataram». Çovdarov əlavə edir: «İndi sən işi gecikdirdiyin üçün mənə 20 min yox, 120 min verməlisən!»

Dediyinə görə, sonradan Yaqubov bələdiyyə sədrinə tez-tez zəng vuraraq 120 min manatı çatdırmağı tələb edirmiş. Nəhayət, bələdiyyə sədri razılaşır ki, Çovdarova 80 min manat versin, məbləğin qalan hissəsini torpaqla ödəsin.


4-cü mərtəbədə kim otururmuş?


Vəkillərin suallarına cavab verən İ.Xəlilov bildirib ki, MTN-də Akif Çovdarovla ya 4-cü, ya da 6-cı mərtəbədə görüşüb, dəqiq xatırlamır. Bu yerdə məhkəməyə sədrlik edən Həbib Həsənovdan icazə alaraq ayağa qalxan Akif Çovdarov üzünü İlham Xəlilova tutaraq deyib: «Bu adamın bayaqdan burda danışdıqları hamısı yalandır. Mən bilirəm, o niyə 4-cü mərtəbəyə gəldiyini deyir. Danışım sizə. Mən əslində o vaxt 1-ci mərtəbədə otururdum. Bu adamın isə başqa bir idarə ilə problemi vardı, İlhamdan 500 min istəmişdilər. Adil Yaqubov məndən xahiş etdi ki, ona kömək edim. Mən də zəng edib 40% «endirim»ə nail oldum, aparıb 300 min verdi. Həmin idarə 4-cü mərtəbədə idi. O yadında qalıb. Bir söz deyim – bu adam həmin pulları elə o idarəyə çatdırmaq üçün alıb, mən 1 qəpik də istəməmişəm».

Sonra təqsirləndirilən general əsəbiləşərək burada təhqirə keçdi: «Adam kişi olar, bu qədər yalan danışmaz, oğ...!»


Elman Salmanov bələdiyyə sədrinin sözlərini təsdiqləmədi


Digər zərərçəkmiş, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Elman Salmanov məhkəməyə verdiyi ifadədə bildirdi ki, ona MTN-dən heç kim zəng etməyib və 150 min manatı Akif Çovdarova çatdırmağın lazım olduğunu İlham Xəlilovdan eşidib.

E.Salmanovun sözlərinə görə, məbləği eşidən kimi fikirləşib ki, «başımın sədəqəsi»dir, toplayıb vermək lazımdır. Qardaşı oğlu və eyni zamanda sürücüsü olan Zakir Salmanzadə özünə məxsus «Range Rover» avtomobilini sataraq 90 min manatı əmisinə verib, E.Salmanov isə pulu Biləcəri qəsəbə bələdiyyəsinin sədrinə ötürüb.

Bundan 10-12 gün sonra E.Salmanov həyat yoldaşı Tamilla Salmanovanın qızıllarını «Moskva» univermağında sataraq, daha 60 min manatı İ.Xəlilova çatdırıb. 


Bələdiyyə sədrini vəzifəyə kim seçdirib?


Bu arada söz istəyən Akif Çovdarovla zərərçəkmiş Elman Salmanov arasında qısa dialoq baş tutdu:

A.Çovdarov: İkimiz də bilirik ki, səni ora bələdiyyə sədri kim seçdirib. Adını çəkmək istəmirəm, amma necə olur ki, səndən mənim adımla 150 min istəyirlər, sən Hacıya bir kəlmə demirsən ki, Çovdarov məndən bu qədər pul istəyir. Məni də yaxşı tanıyır, araşdırardınız da...

E.Salmanov: Məbləğ elə də böyük deyildi. Bizim də işimiz günahdan xali deyildi və fikirləşdim ki, istəyiblərsə, aparıb verim.

Qeyd edək ki, zərərçəkmişlərin sözlərinin üst-üstə düşməməsi vəkillərin çoxsaylı suallarına səbəb oldu. Çarpaz suallardan da aydın oldu ki, vəziyyət heç də tamamilə İlham Xəlilov deyən kimi deyil.


Vəkilin Elman Salmanova ünvanladığı «Sizdə şübhə yaranmır ki, İlham Xəlilov bu pulu sadəcə olaraq mənimsəyib və Akif Çovdarova verməyib?» sualına zərərçəkmiş cavab verib: «Buna inanmıram».


2010-cu ilin «Land Rover»inin keçmişə səyahəti


Şahid qismində ifadə vermiş Tamilla Salmanova (E.Salmanovun həyat yoldaşı) və Zakir Salmanzadə (E.Salmanovun qardaşı oğlu və sürücüsü) istintaqa verdikləri ifadələri təsdiqlədilər və vəkillərdə onlara ciddi bir sual yaranmadı.

Şahid, Akif Çovdarovun keçmiş xidməti sürücüsü Nurxan Atakişiyev ifadəsində bildirdi ki, zərərçəkmiş İlham Xəlilovun 2008-ci ildə onu qara «cip»də görməsi mümkün deyil: «O vaxt mən «Nissan Maxima» sürürdüm. Qara rəngdə «Land Rover» isə bizə 2010-cu ildə verilib. Bunu arayış kimi özünüz də yoxlaya bilərsiniz. 2008-ci ildə mən həmin maşınla İlham Xəlilovla görüşə necə gələ bilərdim?»

N.Atakişiyev heç bir puldan xəbərinin olmadığını qeyd etdi.


Adil Yaqubov: «Zərərçəkmişin mənə 30 min dollar borcu var»


Keçmiş polis rəisi, polkovnik-leytenant Adil Yaqubov şahid qismində ifadə verərək dedi ki, İlham Xəlilovu da, Akif Çovdarovu da çoxdan tanıyır. Onun sozlərinə görə, İlham Xəlilov təqsirləndirilən generalla çox yaxın münasibətdə olub və daim məclislərində iştirak edib.

«Deyirlər mənə pul verib ki, Çovdarova çatdırım. Bu adamın mənə 30 min dollar borcu var. Pul versəydi, elə borclu olduğunu götürərdim də, Çovdarova niyə verirdim?»


Çovdarovun kürəkəninə torpaq necə verildi?


Şahid qismində ifadə vermiş iş adamı, Akif Çovdarovun kürəkəni Rövşən Qasımov bildirdi ki, 2014-cü ildə artıq bələdiyyə sədri işləməyən, lakin Biləcəridə öz torpaqları olan zərərçəkmiş İlham Xəlilovdan pulu ilə 6 sot torpaq istəyib.

«Mənə təklif edilən torpaqda xeyli iri ağaclar var idi. Fikirləşdim ki, bunları köçürmək çətin olacaq, imtina etdim. Qayınatam tutulandan sonra İ.Xəlilov mənə zəng etdi ki, səndə torpağın sənədi var, onu geri ver, başıma iş açarlar».

Şahidin sözlərindən məlum oldu ki, imtina etsə də, onun adına rəsmiləşdirilmiş torpaq sahəsi var imiş və bu torpağa görə İ.Xəlilov ondan pul almayıb. Sonradan icarə müqaviləsi İ.Xəlilova geri qaytarılıb.


Prokurorla vəkillərin sözü çəp gəldi


Bugünkü iclas zahirən sakit görünsə də, zərərçəkmişlərin və şahidlərin ifadələrindəki uyğunsuzluqlar atmosferi gərginləşdirmişdi və günün sonuna yaxın Akif Çovdarovun vəkilləri ilə dövlət ittihamçısı arasında xırda qalmaqal yaşandı.

Hakim Həbib Həsənovun vaxtında müdaxiləsi vəziyyətin nəzarətdən çıxmasına imkan vermədi.

Növbəti iclas bazar ertəsi, yanvarın 16-na təyin olundu.