vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
15:56 | 25 yanvar 2017 | Çərşənbə Məqaləyə 991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çovdarovun unitaz tələbi

Məhkəmə təxirə salındı: Bağırsaq pozulması yoxsa, vəkillərin taktikası

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Saat 11-ə təyin olunmuş iclas təqsirləndirilənlərin təcridxanadan gətirilməsinin gecikməsi üzündən bir saat gec başladı. Qeyd edək ki, bugünkü iclas 1 saatdan bir qədər artıq davam etsə də, xeyli maraqlı məqamları ilə yadda qaldı.


Müttəhim unitaz tələb edir


Konvoy təqsirləndirilənləri məhkəmə zalına gətirdikdən sonra məlum oldu ki, Akif Çovdarov onların arasında deyil. Əvvəlcə bildirildi ki, generalın halı özündə deyil və yuxarı qalxa bilmir. Sonradan məlumat verildi ki, Akif Çovdarov ayaqyolundadır.

Məhkəmə zalında təqsirləndirilənlər üçün nəzərdə tutulmuş şüşə qəfəsə daxil olan Akif Çovdarov prosesə sədrlik edən hakim Həbib Həsənovdan söz istədi.

«Başa salın ki, buraya məni hansı qanuna əsasən gətirib oturmağa məcbur edirlər. Ay kişi, otura bilmirəm. Bilirsiniz, nə haldayam? Əgər oturmağımı istəyirsiznizsə, onda bir unitaz gətirin bura, oturum», - general əsəbi halda bildirdi.

Hakim Həbib Həsənov təqsirləndiriləndən etik normalara uyğun davranmasını xahiş etdi.


Səlim Məmmədov: «Oğlum oğurluq etsin?»


Akif Çovdarovun MTN-də başçılıq etdiyi Baş idarənin 1-ci idarəsinin rəisi işləmiş təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə vəsatətlə çıxış edərək, müvəkkilinin pensiyasının ötən ilin fevral ayından ödənilmədiyini bildirdi. Bunun S.Məmmədovun bank hesablarının həbsinə heç bir aidiyyatının olmadığı bildirən vəkil məsələnin hər hansı yolla həll olunmasını istədi. Digər vəkillər də onun vəsatətini dəstəklədilər.

Dövlət ittihamçısı bildirdi ki, bu vəsatətə məhkəmə prosesi çərçivəsində bir neçə dəfə baxılıb, pensiya təqsirləndirilənin konstitusion hüququdur, lakin bugünkü iclasda səsləndirilmiş formada onun təmin edilməsinin əleyhinədir.

Məsələ ilə bağlı təqsirləndirilən Səlim Məmmədov özü də danışdı: «Mən bir söz demirəm, amma hamıdan bircə şeyi xahiş edirəm – vicdanlı olmağı. Üç uşağım var – biri universitetdə, o biri məktəbdə oxuyur, kiçiyi isə hələ uşaq bağçasına gedir. Bir ildir ki, evə pul girmir. Bilirsiniz ki, təcridxanada qalmaq da pulsuz deyil. Tamam, əldə, boyunda, qulaqda olanlar da hamısı satıldı getdi. Mənim ailəm indi nə etsin? Oğlum gedib oğurluq etsin? Bu məsələyə vicdanla yanaşmağınızı xahiş edirəm».

Hakim Həbib Həsənov məsələyə aydınlıq gətirərək dedi ki, prosesin gedişi boyunca məhkəmə bu məsələnin həlli üçün əlindən gələni edir və sırf insani yanaşma ilə təqsirləndirilənin ailəsinin vəziyyətini anlayaraq, bundan sonra da kömək edəcək. Daha sonra hakim Səlim Məmmədovun vəkilinə pensiya təminatının bərpa edilməsi üçün hansı addımların atılmasının lazım olduğunu bildirdi.


Generalın vəkillərinin yeni «təxirəsalma oyunu»


Məhkəmə prosesinin hazırlıq mərhələsindən tutmuş, cinayət işinin gedişi boyunca üçüncü vəkilin cəlb edilməsi ilə davam edən təxirəsalmalar Akif Çovdarovun vəkillər komandasının artıq yaxşı unudulmuş taktikası idi. Xatırladaq ki, bu tələb bir neçə dəfə məhkəmə heyəti tərəfindən təmin də edilmişdi. Bu gün həmin taktiki gediş yenidən yada düşdü.

(Qeyd edək ki, zalda bütün bunlar baş verdiyi vaxt təqsirləndirilən Akif Çovdarov bir neçə dəfə 5-10 dəqiqəlik zalı tərk edib geri döndü).

Vəkil Kamandar Nəsibov söz alaraq bildirdi: «Möhtərəm məhkəmə kollegiyası! Hüquqlarını müdafiə etdiyim şəxsin vəziyyəti göz qabağındadır. O, iclasda iştirak edə bilmir. Adamın həzm sistemi ilə bağlı ciddi problemləri var. Qanunla onun da zərərçəkmişləri, şahidləri dinləmək, onlara sual vermək ixtiyarı var. Lakin o, fiziki cəhətdən iclasda iştirak edə bilmir. Xahiş edirəm, bunu nəzərə alaraq, iclas təxirə salınsın».

Vəkil prosesi daha uzun müddətə təxirə salmaq üçün də bəhanə tapdı: «Bildiyiniz kimi, Akif Çovdarovun səhhəti ilə bağlı ekspertiza keçirilib. Lakin onun nəticəsi hələlik məlum deyil. Ekspertiza qarşısında qoyulan məsələlərdən biri də müvəkkilimin məhkəmə iclaslarında iştirak edə bilib-bilməməsinin müəyyənləşdirilməsi idi. Yəni, yalnız ekspertizanın verəcəyi cavabdan sonra biləcəyik ki, Çovdarov məhkəmədə iştirak etmək iqtidarındadır, ya yox. Bəlkə elə dedilər ki, iştirak edə bilməz? Neçə vaxtdır ki, proses davam etdirilir. Xahiş edirəm ki, ekspertizanın cavabı alınana qədər proses təxirə salınsın».

Onun sözünə qüvvət verən digər vəkil Şahin Rəfiyev məhkəmə heyətini Avropa İnsan Hüquqları Məhkəməsi ilə qorxutmağa başladı: «Bütün bunlar Avropa konvensiyalarının pozulmasıdır. Təqsirləndirilən məhkəmədə iştirak etməkdən boyun qaçırmır, amma onun fiziki vəziyyəti buna imkan vermir. Buna görə Avropa məhkəməsinin qarşısında siz cavab verməli olacaqsınız».

Vəkillərin bu vəsatəti təmin edilmədi.


Mübariz Məmmədovun hamını çaşdıran çıxışı


Hüquqşünas, «Hüquq Ekspertiza Mərkəzi»nin direktoru, cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış Mübariz Məmmədov ifadə vermək üçün dəvət edildi.

Bilavasitə təqsirləndirilən Akif Çovdarova torpaq sataraq, sonradan yaxasını onun əlindən qurtara bilməmiş və xeyli maddi ziyana düşmüş M.Məmmədov prosesin əvvəlində mülki iddiasından imtina etdiyini bildirmişdi.

Bugünkü ifadəsini isə Mübariz Məmmədov daha müəmmalı tərzdə başladı: «Mən ibtidai istintaq dövründə verdiyim ifadəni təsdiq edirəm, amma təqsirləndirilən Akif Çovdarova qarşı heç bir şikayətim yoxdur». Hamını çaşdıran bu cümlədən sonra bir neçə saniyəlik pauza yarandı və dövlət ittihamçısı zərərçəkmişə veriləcək sualının olmadığını bildirdi.

Akif Çovdarovun vəkilləri isə maraqlı sual verdilər: «Cənab Məmmədov, deyirsiniz ki, şikayətimi geri götürürəm. Eyni zamanda, istintaqa verdiyiniz ifadəni təsdiqləyirsiniz. Həmin ifadədə isə siz Akif Çovdarovu qanunsuz hərəkətlərdə ittiham edirsiniz. Bilmək istəyirik, sizə qarşı hər hansı qanunsuz hərəkət edilib, ya yox?»

Zərərçəkmiş bu suala cavab vermək istəmədiyini bildirdikdə, hakim Həbib Həsənov onun diqqətinə çatdırdı ki, suala cavab vermək zərərçəkmişin borcudur.

«Mən şikayətimi geri götürdüm, amma ifadəmi təsdiq edirəm», - zəzərçəkmişin müəmmalı qərarı bir də təkrarlandı. Vəkillərin israrlı suallarına cavab olaraq Mübariz Məmmədov daha konkret cavab verdi: «Əgər mənə qarşı qanunsuz hərəkətlər edilməyibsə, mənim MTN-də nə işim var idi? Dörd dəfə niyə getmişəm MTN-ə?»


Çovdarovun vəziyyəti iclası davam etdirməyə imkan vermədi


Hakim Həbib Həsənov iclasda fasilə elan etdi, lakin vəkillər bir daha onun diqqətinə çatdırdılar ki, Akif Çovdarov iclasda iştirak edə bilmir, «bir ayağı ayaqyolunda qalıb».

Bunu nəzərə alaraq, məhkəmə yanvarın 30-na qədər təxirə salındı.