vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏHKƏMƏ, İSTİNTAQ  
12:36 | 27 yanvar 2017 | Cümə Məqaləyə 1052 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bilirəm, Eldar Mahmudov toy eləyir...»

«Biz milyonları müstəntiqə vermişik, o da qaytarsın...»

MÖVZU İLƏ ƏLAQƏLİ

MTN İstintaq İdarəsində şöbə rəisi olmuş Vüsal Ələkbərov özü haqqında cinayət işinə qapalı məhkəmədə baxılmasını istəyir. Keçmiş müstəntiq bir sıra iş adamlarını, o sıradan iri məbləğdə bank əmanəti olanları MTN-ə gətirib, heç bir əsassız cinayət işi başladaraq həbs etməkdə, onların milyonlarla manatını ələ keçirməkdə suçlanır.

Yanvarın 26-da keçirilən məhkəmədə Vüsal Ələkbərov işinə qapalı prosesdə baxılması haqda vəsatət qaldırsa da, bu vəsatət rədd edilib.

 

MTN-in keçmiş müstəntiqi həbsdən çıxmaq istəyir

 

MTN-in həbsdə olan keçmiş müstəntiqinin işinə Bakı Hərbi Məhkəməsində Səyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Dövlət ittihamını prokuror İlqar Quliyev müdafiə edir. Vüsal Ələkbərov buna etiraz edərək deyib ki, özü keçmiş MTN əməkdaşı kimi hərbçi statusundadırsa, işinə də hərbi məhkəmə baxırsa, dövlət ittihamını da hərbi prokurorluğun nümayəndəsi müdafiə etməlidir. Onun etirazı da təmin olunmayıb.

Vüsal Ələkbərovun daha bir vəsatəti ev dustaqlığına buraxılması barədə olub. Prokuror bu vəsatətin də əleyhinə çıxıb. Xatırladıb ki, Vüsal Ələkbərov mütəşəkkil dəstənin üzvü kimi, hədə-qorxu ilə başqalarının əmlakını ələ keçirməkdə günahlandırılır: «Dəstənin ehtimal olunan başqa üzvləri azadlıqdadır və onların bir-birilə əlaqə saxlayıb, zərərçəkmişlərə, şahidlərə təzyiq göstərməsi istisna olunmur. Ona görə də həbsdən buraxıla bilməz».

Keçmiş müstəntiqə bu məsələdə də «yox» deyilib.

 

«Biz milyonları müstəntiqə vermişik, o da qaytarsın...»

 

Bu işdə zərərçəkmiş kimi tanınan şəxslər məhkəmədə mülki iddialar qaldırıblar. Onlar vaxtilə MTN-də Vüsal Ələkbərova verdiklərini iddia etdikləri məbləğləri indi geri istəyirlər. Zərərçəkmişlər həmin pulların başqalarına, o cümlədən MTN İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevə çatdırmaq adıyla alındığını söyləsələr də, pulları əlbəəl Vüsal Ələkbərova verdiklərindən, elə ondan da geri qaytarmasını tələb edirlər.

«Mən pulu Vüsal Ələkbərova vermişəm, ondan da istəyirəm. O, pulu kimə verib, öz işidir, getsin ondan alsın», - zərərçəkmiş Akif Qurbanovun sözləridir.

Qaldırılan mülki iddiaları məhkəmə qəbul edib.

Ardından Vüsal Ələkbərova ifadə vermək təklif olunsa da, o bundan imtina edib. Özünü təqsirli bilməyən sabiq müstəntiq zərərçəkən və şahidlər dindiriləndən sonra ifadə verəcəyini bildirib.

Zərərçəkənlərin bir neçəsi «Texnikabank»ın əmanətçiləri olub. Bir neçə il əvvəl MTN-də «Texnikabank»la bağlı cinayət işinin istintaqı aparılıb, bankın rəhbəri Etibar Əliyev də daxil, xeyli vəzifəli əməkdaşı həbs edilib. Etibar Əliyev aylarla həbsdə saxlanılandan sonra azadlığa buraxılıb. Elə həmin istintaq araşdırmalarında o bankda kimlərin böyük məbləğdə əmanəti olduğu üzə çıxıb.

 

«MTN-də YAP-ın vəsiqəsini göstərdim»

 

Vüsal Ələkbərov işində zərərçəkənlərdən biri də Etibar Əliyevin dostu olmuş, əvvəllər Azərbaycanda, son dövrlərdə isə Rusiyada bina tikintisi aparan işadamı Akif Qurbanovdur. O, məhkəmə ifadəsində deyib ki, MTN İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyıb. Etibar Əliyev həbsdə olduğu dövrdə təsadüfən toyda Şıxəliyevi görüb, ondan «Texnikabank»la bağlı işin nə yerdə olduğunu soruşub. Ertəsi gün onu MTN-ə çağırıb, orada bir otağa salıblar. Dediyinə görə, Vüsal Ələkbərov orada onu hədələyib: «Mənə dedi ki, dövlətçilik əleyhinə danışırsan, hökümətə qarşı çıxırsan. Bildirdim ki, mən YAP-ın üzvüyəm, vəsiqəmi də göstərdim. Başladı tikinti şirkətlərimi saymağa. Axşamacan saxlayıb, buraxanda da dedi ki, «sabah tikintilərlə bağlı icazə sənədlərini də götür, gəl MTN-ə». Mən Mövlam Şıxəliyevlə görüşmək istədiyimi bildirdim. Əvvəl müavini Təhsin Ağayevin yanına apardılar, sonra da özünün. Kabinetə girəndə, salam vermədim. Mövlam səbəbini soruşanda cavab verdim ki, «dünən toyda sənə salam verdim, məni MTN-ə gətizdirdin, indi də salam versəm, tutub ya həbs eləyəcəksən, ya da asacaqsan». Dedi ki, sən tikinti ilə məşğulsan, yoxlatdırsam, evindən 10 milyon pul çıxar. Dedim, sən məndən də çox tikinti işi ilə məşğulsan».

Akif Qurbanovun sözlərinə görə, ondan 1 milyon manat tələb edərək, əks halda həbs olunacağını bildiriblər: «Dedim ki, bilirəm, şefiniz (Eldar Mahmudov) toy eləyir, cibxərci lazımdısa, 10 min manat verim. Təhsin Ağayev qışqırdı ki, «boş-boş danışma». Mənim özümün də, oğlanlarımın da həbs olunacağını dedilər».

Akif Qurbanov deyir ki, 1 milyon manatı şəxsən Vüsal Ələkbərova verib, o da pulu Mövlam Şıxəliyevə çatdıracağını bildirib: «Vüsal Ələkbərov burada icraçı olub, yəqin ona da həmin puldan 5-10 faiz çatıb».

Zərərçəkmiş qeyd edib ki, MTN-in tikinti işlərinə də qarışdığını görəndən sonra ölkəni tərk edib: «Gördüm ki, burada mümkün deyil».

 

«Hacı Məmmədov evindəki bunkerə salıb pul alırdı, bunlar da MTN-ə...»

 

«Texnikabank»da əmanəti olmuş zərərçəkmiş Nizami Kazımov da deyir ki, onu MTN-ə çağırıb 3 milyon manat tələb ediblər. Verməyəndə isə barəsində cinayət işi başlanıb, sifarişlə Səbail Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilməsinə nail olublar. Üç ay həbsdə qalandan sonra 2 milyon verib, canını qurtarıb – haqqındakı cinayət işinə xitam verilib.

«Məni həbs-qətimkan tədbiri seçmək üçün Səbail Rayon Məhkəməsinə aparanda, orada hakimə dedim ki, bankda əmanətim olub, o da batıb, indi məni tutub gətiriblər, mən heç bir cinayət törətməmişəm. Hakim üzümə baxdı, dedi ki, «mən neyləyə bilərəm?». Sonra Vüsal Ələkbərov məni zaldan çıxardı. Özüm olmadan haqqımda həbs qərarı verildi. Osman Kazımovu vəkil tutmuşdum, Vüsal Ələkbərov təzyiq göstərib, məni ondan imtina eləməyə məcbur etdi. Mənə dövlət hesabına Cahangir adlı bir vəkil verdilər. Düzdü, mədəni insan idi, amma bunların dediyi ilə oturub-dururdu. MTN-də mənimlə əsl alver gedirdi. O vaxt Hacı Məmmədov insanları evindəki bunkerlərdə saxlayırdı, pul alıb buraxırdı. Bunlar da MTN-də saxlayıb, pul alıb buraxırdılar», - zərərçəkən Nizami Kazımovun məhkəmədə dedikləridir.

O, təzyiqlərə dözməyərək, 2 milyon manat verməyə razılaşdığını söyləyib. Əvvəlcə qohumları 1 milyon düzəldib verib, onu buraxıblar. Ardınca qalan 1 milyonu da çatdırıb.

Zərərçəkmiş Hüseyn Səfərov da deyir ki, «Texnikabank»da pulu batandan sonra MTN-ə çağrılıb və ondan şantajla 2 milyon manatını, 2 kiloqram da qızılını alıblar. O da əvvəl pul vermədiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilib: «Mövlam Şıxəliyev dedi ki, nazir Eldar Mahmudovun tapşırığıdır, bu pulu düzəldib, Vüsala çatdırmalısan. Dedim ki, qoy 2 milyon manat nəzir payınız olsun. Sonra 1 milyonu yaxınlarım düzəldib gətirdi, məni buraxdılar. Qalan 1 milyonu da verəndən sonra cinayət işinə xitam verildi».

Məhkəmədə dindirilən zərərçəkmiş Elşən Mədətov deyir ki, 2007-ci ildə «Texnikabank»a 677 min avro pul qoyub. 2008-ci ildə bankın rəhbəri həbs olunandan sonra onu MTN-ə çağırıb 300 min dollar tələb ediblər. Axırda Vüsal Ələkbərova 250 min verib, canını qurtarıb.

Məhkəmə fevralın 2-də davam edəcək.