vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
11:08 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 2260 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şengen zonasında sərbəstlik

Gürcüstanın Avropaya vizasız gediş-gəlişi Azərbaycan üçün hansı gələcək ssenariləri vəd edir?

Şəbnəm MƏMMƏDOVA,
Magistr tələbəsi, ADA Universiteti

MÖVZU İLƏ ƏLAQƏLİ

Təhlükəsiz və daha effektiv idarə olunan mühitdə vətəndaşların sərbəst gediş-gəlişini təmin etmək Şərq Tərəfdaşlığı proqramının əsas məqsədlərindən biridir. Bu məqsədlə, Avropa İttifaqı (Aİ) tərəfdaş ölkələrlə viza rejiminin sərbəstləşməsi üçün dialoqlar qurmaqda maraqlıdır.

Aİ və Gürcüstan arasında Viza rejiminin Sərbəstləşməsi Dialoqu (VSD) 4 iyun 2012-ci ildə başladı və Sərbəst Viza Fəaliyyət Planı 25 fevral 2013-cü ildə Gürcüstana təqdim olundu. 2013-cü ilin noyabrında qəbul olunmuş ilkin hesabatda Komissiya qanunverilicilik və planlaşdırma mərhələsinin tamamlanması üçün Gürcüstan tərəfinə öz tövsiyələrini irəli sürdü. 2014-cü ilin oktyabr ayında Komissiya Gürcüstanın VSD-nın 1-ci mərhələsini uğurla başa vurduğunu və 2-ci mərhələyə keçidin zəruriliyini özündə ehtiva edən növbəti hesabatını təqdim etdi. 8 may 2015-ci ildə isə Komissiyanın 3-cü hesabatı Gürcüstan tərəfindən VSD-nın həyata keçirilməsini nəzərdə tuturdu. Nəhayət, Komissiya Gürcüstanın artıq sərbəst vizaya tam keçid üçün zəruri kriteriyalara cavab verdiyini özündə ehtiva edən 4-cü və ya sonuncu hesabatını qəbul etdi.

Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişi İrlandiya və Birləşmiş Krallıqdan başqa bütün ittifaq ölkələrinə şamil olunur, istisna olaraq isə İrlandiya, Birləşmiş Krallıq və 4 assosiativ Şengen ölkəsi – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə. 90-180 gün ərzində biznes, səyahət yaxud ailə məqsədlərini nəzərdə tutan səfərlər üçün Gürcüstan vətəndaşlarından viza tələb edilməyəcək.


Gürcü xalqı sərbəst viza rejiminə necə nail oldu?


2 fevral 2017-ci il Aİ Parlamentinin Gürcüstanla bağlı verdiyi yeni qərar təbii ki, Gürcüstan cəmiyyətində böyük sevinclə qarşılandı. Gürcüstan Respublikası Prezidentindən və Baş nazirindən gələn ilk təbrik mesajları göstərirdi ki, Aİ Parlamentində bu qərarın qəbul olunması üçün gürcü diplomatlarının həqiqətən böyük səyləri olmuşdur. Məsələn, Prezident Georgi Marqvelaşvili Aİ Parlamentinə bu qərarı qəbul etdiyi üçün təşəkkürlərini bildirərkən, digər tərəfdən də Baş nazir Georgi Kvirkaşvili «Twitter» hesabında həmin günü gürcü vətəndaşları üçün «tarixi gün» olaraq adlandırdı.

Əlbəttə ki, gürcü diplomatlarının bu sahədəki nailiyyətləri unudulmamalıdır. Gürcüstanın Avropa və AvroAtlantik İnteqrası üzrə keçmiş naziri David Bakradzenin 2014-2016-cı illərdə danışıqlar mərhələsində xidmətləri olmuşdur. Gürcüstanın Aİ-dəki səfiri Natalie Sabanadze Brüsseldəki səlahiyyəti dövründə İttifaqla danışıqlar prosesində fəal iştirak etmişdir. Aİ institutlarında fəaliyyətləri zamanı Maria Gabriel və Andreji Mamekinsin xidmətləri əsasən qanunvericilik və hüquqi məsələlərin tənzimlənməsində olmuşdur.


Gürcü vətəndaşları hansı çətinliklərlə qarşılaşa bilər?


Maraqlı məqam budur ki, yeni geosiyasi vəziyyətin Gürcüstan ərazisindəki Abxaziya və Cənubi Osetiya regionlarından olan əhaliyə necə təsir edəcəyi müzakirə mövzusu olub. De-fakto hakimiyyət orqanları iddia etsələr də ki, onlar müstəqil dövlətdir, ancaq nə Gürcüstan, nə də İttifaq üzvləri bu regionları müstəqil dövlət kimi tanımır. Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə naziri Ketevan Tsikhelaşvilinin sözlərinə görə, sərbəst viza rejiminin sərhədləri hətta separatist ərazilərin sakinlərinə də şamil edilə bilər. O həmçinin qeyd edib ki, Aİ və digər tərəfdaşlarla olan əməkdaşlıq Abxaziya və Tsxinvali regionda yaşayan əhaliyə də aid olmalıdır. Onun sözlərinə görə, hər bir gürcünün faydalana biləcəyi sərbəst viza rejimi sözsüz ki abxaziyalı və osetiyalılar üçün də mümkündür. Həmçinin, o əlavə edib ki, Gürcüstan işğal olunmuş ərazilərdə yaşayan əhali üçün biometrik pasportlara keçid üçün müəyyən planlar hazırlayır.


Yeni geosiyasi mühit Azərbaycan üçün hansı gələcək ssenariləri təklif edir?


Gürcüstan-Aİ münasibətlərindəki əməkdaşlığı nəzərə alsaq, yeni geosiyasi mühitin formalaşması digər Şərq Tərəfdaşlığı ölkələri üçün nəticələr debat xarakterli görünə bilər. Çünki, bir tərəfdən yeni geosiyasi mühit bu ölkələrin İttifaq ilə münasibətlərini inkişaf etdirə bilər, digər tərəfdən isə Rusiya ilə münasibətlərini korlaya bilər. Bu baxımdan, yeni geosiyasi mühit Gürcüstanın şərq qonşusu olan Azərbaycan üçün də müxtəlif ssenarilər təklif edir.

Əslində, Gürcüstan və Aİ arasında əməkdaşlığın olması Azərbaycan tərəfi üçün üstün cəhət ola bilər. Xüsusilə də, Gürcüstanın vizasız sərbəst gediş-gəliş rejiminə keçməsi digər Şərq Tərəfdaşlığı ölkələri üçün nümunəvi addım ola bilər. Çünki, Şərq Tərəfdaşlığı proqramının qayəsində elə post-sovet ölkələri ilə İttifaq arasında əməkdaşlığı genişləndirmək məqsədi durur. Aİ bu proqram çərçivəsində GUAM ölkələri ilə siyasi, iqtisadi, enerji və sosial sahələrdə əməkdaşlığı gücləndirməyə səy göstərir.

Azərbaycan da həmçinin Aİ üçün Şərq Tərəfdaşlığı proqramı çərçivəsində mühüm ölkədir. Çünki, Azərbaycanın strateji inkişaf xətti Avro-Atlantik məkana inteqrasiyadan keçir və Şərq Tərəfdaşlığı proqramı da bu məsələdə mühüm addımlardan biridir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rola malikdir və bu sahədə əməkdaşlığını davam etdirmək niyyətindədir. Bütün bu qeyd olunan faktorları nəzərə alsaq, Gürcüstanın yeni viza siyasəti bütövlükdə Cənubi Qafqaz regionuna və xüsusilə də, Azərbaycan üçün əlverişli fürsətlər gətirə bilər. Çünki, Azərbaycan tərəfi İttifaq ilə münasibətlərini gücləndirmək üçün bu fürsətdən yararlana bilər. Qısacası, Aİ Parlamentinin yeni qərarı Azərbaycan üçün motivasiya mənbəyi ola bilər. Ölkəmiz Gürcüstan-Aİ tərəfdaşlığının iqtisadi, mədəni və siyasi məsələlərindəki dividentlərdən bəhrələnə bilər. Bu baxımdan, Aİ Parlamentinin Gürcüstanın sərbəst viza rejiminə keçidlə bağlı verdiyi qərarı Azərbaycan üçün müsbət nəticə kimi qiymətləndirmək olar.

Digər tərəfdən, Aİ Parlamentinin yeni qərarı Azərbaycan-Gürcüstan münasibətlərinin gələcəyi üçün bir qədər mübahisəli də görünə bilər. Başlıca səbəb budur ki, Aİ təbii ki, Gürcüstan hökumətindən sərbəst gediş-gəlişlə bağlı daha ciddi mexanizm tələb edəcəkdir. Bu məhdudiyyətlər Azərbaycan-Gürcüstan münasibətlərində əngəllər yarada bilər. Məsələn, Azərbaycan, eləcə də digər post-sovet ölkələrinin vətəndaşları Gürcüstana vizasız səfər edirlər. Nəticə etibarilə, Gürcüstanın Aİ ilə vizasiz rejimə keçməsi Azərbaycan vətəndaşlarının bu ölkəyə səfərlərində məhdudiyyətlər yarada bilər. Belə görünür ki, Gürcüstan bu məsələ ilə bağlı daha sərt siyasət həyata keçirmiş olacaqdır. Qısacası, Gürcüstan Aİ ilə sərbəst viza rejimi olmayan ölkə vətəndaşları üçün müəyyən qaydalar tətbiq edə bilər. Bu halda, Gürcüstanın Aİ ölkələri ilə vizasiz rejimə keçməsi Azərbaycan tərəfi üçün mənfi nəticələrə səbəb ola bilər. Üstəlik, problem təkcə vətəndaşların səfər prosesində deyil, eyni zamanda ticarət sahəsindəki yük daşınmalarında da məhdudiyyətlər yarada bilər. Buna görə də, əgər Azərbaycan tərəfi Gürcüstan hökuməti ilə danışıqlara başlamasa, yeni geosiyasi vəziyyət ölkəmiz üçün bəzi çətinliklər yarada bilər.

İkincisi, Gürcüstanın Qərb ilə əməkdaşlığı Cənubi Qafqaz regionunda ümumi abu-havanı dəyişdirə bilər. Qərbin post-sovet məkanında möhkəmlənməsi ekstremist qüvvələri fəallaşdıra bilər. Xüsusilə də erməni azlığı məsələsini yenidən gündəmə gətirə bilər. Üstəlik, yeni geosiyasi şərait Gürcüstan-Rusiya ikitərəfli münasibətlərini də dəyişdirə bilər. Məhz bu qərardan sonra Rusiyanın Gürcüstana münasibətdə hansı siyasət sərgiləcəyi sual altındadır, eləcə də Rusiyanın Aİ ilə münasibətlərinin gələcəyi. Əgər yeni geosiyasi mühit Aİ və Rusiya arasında hər hansı gərginlik yaratsa, bu toqquşma ilk növbədə Cənubi Qafqaz regionuna təsiri olacaqdır. Bu halda, Azərbaycan hökuməti Rusiya ilə münasibətlərinin gələcəyini götür-qoy etməlidir. Azərbaycanın Aİ ilə perspektivdəki münasibətlərinin gələcəyi də həmçinin Aİ-Rusiya münasibətlərinin səviyyəsindən asılı ola bilər. Aİ və Rusiya arasındakı kiçik bir gərginliyin belə olması Qafqaz respublikaları üçün təsirini gözlənilməz edir. Ancaq, münasibətlərin hazırkı vəziyyətin nəzərə alsaq, Azərbaycan-Aİ münasibətlərində hər hansı əngəllər görünmür.

Məsələdə maraqlı məqam budur ki, Aİ Parlamentinin qərarından cəmi 3 gün sonra Prezident İlham Əliyev 5 fevral tarixində Brüsselə səfər etdi. Bu səfər Azərbaycan-Aİ münasibətlərinın yaxın gələcəkdə yeni mərhələyə qədəm qoyacağından xəbər verirdi. Müzakirələr zamanı əsas məqamlar sırasında regional, qlobal inkişafın Dağlıq-Qarabağ münaqişəsinin həllində əsas faktor olması vurğulanaraq, Aİ ilə yeni strateji razılığın əldə olunmasının münasibətlərdə yeni səhifə açacağını qeyd edirdi. Belə ki, Aİ ilə ölkəmiz arasında münasibətlər 1990-cı ilin əvvəllərindən bəri güclənib. Xüsusilə də enerji sahəsindəki əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsindəkı Azərbaycanın səyləri və Avropanın enerji təhlükəsizliyinin diversifikasiyasındakı rolu münasibətləri yeni səviyyəyə apara bilər. Yeni razılıq hazırkı Tərəfdaşlıq və Əməkdaşlıq Razılığının bir hissəsini əhatə edəcəkdir.  Bu, həmçinin müdafiə, təhlükəsizlik və mədəniyyətlərarası dialoq sahəsindəki əməkdaşlığa da şamil olacaqdır. Yeni razılıq Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və ticarət əlaqələrinin inkişafına dəstək verəcəkdir. Əlbəttə ki, Azərbaycan ortaq maraqlara və məqsədlərə söykənən strateji əməkdaşlıq istəyir. Digər mühüm məsələlər sırasına həmçinin Azərbaycan vətəndaşlarının Şengen zonasına sərbəst gediş-gəliş imkanları, terrorizmlə mübarizə sahəsində qarşıda duran planlar daxil ediləcək.

Nəticə olaraq, regionda baş verən istənilən hadisənin Azərbaycanın milli maraqları baxımından həyati əhəmiyyəti vardır. Bu yaxınlarda Aİ Parlamentinin Gürcüstan vətəndaşlarına sərbəst viza rejimini tətbiqi ilə bağlı yenicə qəbul etdiyi qərarın da Şərq Tərfdaşlığı ölkələri, eləcə də Azərbaycan üçün mühüm nəticələrə səbəb olacağı aydın göründü. Ancaq yeni geosiyasi şəraitin üstünlüklər yoxsa risklər gətirə biləcəyi regionda böyük güclərin davranışından və region dövlətlərinin xarici siyasət qərar qəbul etmə prosesindən asılı olacaqdır. Bu mənada, Azərbaycanın risklərdən üstünlüklərə necə strateji manevr etməsi Gürcüstan hökümətinin viza məsələləri ilə bağlı yaxın gələcəkdə həyata keçirəcəyi planlardan asılı olacaqdır.