vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MƏHKƏMƏ, İSTİNTAQ  
23:35 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 742 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İlk dəfə evə bir diplomat pul gətirdi»

«Dedim apar qaytar, yoxsa od vurub yandıracağam»

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevə və onun qızlarına məxsus külli miqdarda qızıl-zinət əşyalarını mənimsəmədə ittiham olunan Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.


«Qayınatam Rövşənə hamıdan çox etibar edirdi»


Şahid qismində prosesdə ilk dindirilən sabiq nazir müşavirinin kürəkəni Mübariz Ələkbərov olub. İstintaq zamanı ifadə verdiyini bildirən şahid yoxa çıxan qızılların bir hissəsinin ona məxsus olduğunu məhkəməyə bildirib: «Həmin qızılların arasında 50 ədəd «onluq» və 10 ədəd «beşlik» bizim olub. Mütəmadi olaraq xaricə gedib-gəldiyimizə görə 3-4 il olardı ki, qızılları qayınatamgilə saxlamağa vermişdik. Qızılların harada olduğunu, kimin kimə verdiyini bilmirəm».

Tərəflərin suallarını cavablandıran şahid qayınatasının Rövşən Əkbərova hamıdan çox etibar etdiyini deyib: «Rövşən qayınatamgillə mehriban idi, qayınatam ona çox etibar edirdi. Qızılları Rövşənə saxlamağa verib, sonra məlum olub ki, yoxdur».


«İlk dəfə evə bir diplomat pul gətirdi»


Prosesdə R.Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova da ifadə verib. İfadəsində ərinin yaxın qohumu Ç.Baxşıyevin külli miqdarda pul və qızıl əşyalarının onların evində saxlanıldığını deyib: «Çingizi ilk dəfə 2003-cü ildə Bakıya gələndə tanımışam. Rövşəni yanına işə düzəltmişdi. Çox mehriban idilər. İlk dəfə Rövşən evə qara diplomatla pul gətirdi. Həmin pul hansısa nazirə çatacaqdı. O pulu Rövşənlə birlikdə gedib valyutaya çevirdik. Bu minvalla evimizə Rövşən həmişə küllü miqdarda pul, sonralarsa qızıl bağlamaları gətirib saxlayırdı. Bizim evimiz Bayılda yerləşir. Bu qədər şeyləri evdə saxlamağa, açığı, özümüz də qorxurduq».


«Dedim apar qaytar, yoxsa od vurub yandıracağam»


Şahid ifadəsində deyib ki, Çingiz Baxşıyevin ərinə saxlamağa verdiyi bütün əmlakın hamısını siyahısını tutub, bloknota qeyd edib: «2010-cu ilə kimi bu beləcə davam etdi. Çingizin pullarının, qızıllarının evimizdə olması məni narahat edirdi. Hətta Rövşənə bir dəfə dedim ki, töküb hamısını yandıracağam. Qızımın toyu ərəfəsində Rövşənə dedim ki, apar, evdə olan qızılların hamısını Çingizə təhvil ver. Çünki evə gedib-gələn olurdu, rayondan qonaqlar gəlirdi, cehizlik yorğan-döşəkhazırlayırdıq. Rövşən də aparıb verdi. Qızımın toyuna Çingiz gəlmədi, kürəkəni Mübariz gəlib toyda iştirak etdi. Dedi ki, Çingiz müəllimin vəziyyəti yaxşı deyil, mədəsindən qan açılıb. Rövşən elə toydan çıxıb xəstəxanaya getmək istəyirdi, mən qoymadım, dedim, qonaqlarımız var, toy bitsin, sonra gedərsən. Bu hadisədən sonra Rövşən bir neçə dəfə Çingizin yanına getsə də, onu görə bilməmişdi. Sonra Çingiz Avstriyaya müalicə olunmağa getdi. Martın 26-da Avstriyadan qayıdanda Çingizi hirsli halda zəng vurub Rövşəni yanına çağırdı».


«Rövşəni itirmək istəmirsənsə…»


X.Əhmədovanın ifadəsinə görə, Ç.Baxşıyev həyat yoldaşına qızılların yerində olmadığını, onların X.Əhmədova tərəfindən götürüldüyünü deyib: «Rövşən ona uşaqlarını halallıqla böyütdüyünü, mənimsə Allah adamı olduğumu, heç vaxt harama əl uzada bilməyəcəyimi açıqlayıb. Bu söhbəti eşidəndə dözməyib özüm zəng vurdum Çingizgilə. Arvadı Dostuxanım mənə dedi ki, əgər başının ağrımağını, Rövşəni itirmək istəmirsənsə, gətir qızılları qaytar».


«Ərimin həbsinə səbəb Çingizdən polisə şikayət etmək istəməsi olub»


Təqsirləndirilən R.Əhmədovun həyat yoldaşı sabiq nazirin müşaviri tərəfindən dəfələrlə hədələndiklərini məhkəmənin diqqətinə çatdırıb. O, Ç.Baxşıyevin şikayəti əsasında R.Əhmədovun aprelin 5-də həbs olunaraq «bandotdel»ə aparıldığını deyib: «Bizə hədə-qorxu gəlirdi, oğlumuzu ön cəbhəyə göndərtdirəcəyini, orada öldürtdürəcəyini deyirdi. Rövşən də onun təhdidlərinə dözməyib polisə şikayət edəcəyini bildirmişdi. Rövşənin həbsinə səbəb Çingizdən polisə şikayət etmək istəməsi olub».


«Qırğızıstanda adına şirkət açacağam, ayda 500 min manat qazanacaqsan»


Dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandıran şahid həyat yoldaşının evə gətirib saxladığı pulların və qızılların miqdarından xəbərsiz olduğunu bildirib: «Allaha and olsun, baxmamışam, görüm o qızıllar nə ağırlığındadır, hansı çəkidədir, heç əlimi də vurmamışam. Rövşən özü gətirib, özü də aparıb».

Sualları cavablandıran şahid sabiq nazirin müşavirinin narkotik ticarəti ilə məşğul olduğunu deyib: «Rövşənə deyirdi ki, Qırğızıstandan kilosu 5 manata satmaq üçün ət gətirəcək, bununla milyonlar qazanacaq. Bu qədər pulu ət satmaqla qazanmaq mümkün deyil axı. İrandan narkotik gətizdirmək məsələsi var idi ortada. Rövşənə deyirdi ki, mən çıxmışam işdən, sən də çıx. Qırğızıstanda adına şirkət açacağam, ayda 500 min manat qazanacaqsan».

Dövlət itithamçısının «Əgər belə idisə, niyə ərinizi onun yanından uzaqlaşdırmırdınız?» sualına şahid «Mən evin böyüyünün sözünə qulaq asıram» cavabı verib.


Akif Çovdarova göndərilən pul dolu diplomat


Daha sonra şahid Ç.Baxşıyevin hazırda həbsdə olan MTN generalı Akif Çovdarova bir diplomat pul verdiyini, bu barədə ərindən eşitdiyini söyləyib: «Bir dəfə çay fabrikinin yanına, bir dəfə də aeroportda pul götürməyə gedəndə Rövşənlə birlikdə getmişəm, onu tək buraxmamışam. Rövşən deyirdi ki, Çingiz qara çemodan dolu pulu aparıb Akif Çovdarova verib».

Dövlət ittihamçısının «Çingiz Baxşıyevin Akif Çovdarovla görüşdüyünü hardan bilirsiniz?» sualına təqsirləndirilən şəxs belə cavab verib: «Gecənin bir aləmi Çingiz zəng vurub dedi ki, tez ol, pulu gətir. Həmin gün pul Çovdarova çatmalı idi. Kürəkəni Mübarizi göndərdi. Bir diplomat pulu məndən götürdülər. Aparıb verdilər Akif Çovdarova. Çingiz deyirdi ki, Çovdarov məni boğaza yığıb».

Məhkəmə prosesi 15 mart saat 16:00-da davam edəcək.

İttihama görə, Rövşən Əhmədov qohumu Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib.

Təqsirləndirilən R.Əhmədov isə ittihamları qəbul etmir.

Qeyd edək ki, sözügedən cinayət işi artıq beş aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsindədir. Əvvəlcə bu işə Rasim Sadıxovun sədrlik elədiyi hakimlər heyəti baxırdı. Ötən ilin dekabr ayında vəkil Adəm Məmmədovun hakimə etirazla bağlı vəsatəti əsasında R.Sadıxov prosesdən uzaqlaşdırıldı. Sonradan cinayət işi hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyaya verildi.