vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
22:24 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 4420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İtlərin bayramı…

... və ya Amonun və İsidanın dili ilə oxuyan aşıq

Ləman ƏLƏŞRƏFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Maşallah, hər günə bir əndrəbadi mövzumuz var. Bu günün mövzusu da itlərinə toy edən goranboylu biznesmendir.

Və yaxud, əksinə, goranboylu biznesmenin itlərinə toy eləməsi xəbəridir. Biri çıxıb ortaya desə ki, edib edib də. Adam it üçün bəyəm restoran bağlatdırıb, Limuzin sifariş verib, qızıldan «namordnik» alıb, 400 min manat pul xərcləyib? Yox, sadəcə bir tortluq xərc çəkib və ağız şirin eləmək üçün iki cüt, bir tək adam dəvət edib.

Hə, bir də çalıb oxumağa aşıqları çağırıb. Əgər Cennifer Lopezi,ya Ledi Qaqanı çağırsaydı, bu olardı fısqırıq, sensasiya! Amma adam aşıq, çağırıb, aşıq. Üç-beş manat verib və deyib ki, çal, aşıq, çal. Aşığın da sənəti bu deyilmi? Onun nə vecinə ki, kimi mədh edir, kimin üçün çalıb oxuyur? Əsas sifarişi verəndir. O da sözünü əvvəldən deyib. Ki, Amonla İsida üçün çalıb oxuyacaqsan.Vəssalam!

Aşıq da fikirləşib ki, bir halda Seyid Əzim Şirvani «İt demə o dəxi bizim birimiz?» deyibsə, mən niyə itin şərəfinə bir-iki ağız..oxumayım? Yeri gəlmişkən, indi bu yazını yaza-yaza mən artıq sazı başı üzərinə qaldıran aşıqların atılıb düşə-düşə, hoppana-hoppana oxuduğu mahnını belə təsəvvür edirəm.. Aşıqlardan biri Amonun dilindən belə oxuyur:


Durum dolanım başına Gözləri qara İsida.

Saldın eşqin ataşına Eylə dərdə çarə, İsida.


Sonra İsidanın dilindən o biri aşıq başlayır:


İsidayam, oldum dəli- divana

At müjganın, sinəm durub nişana.

Sallanışın bənzər huri-qılmana (iki dəfə)

Kəbəm, qibləm, din imanım ay Amon.


İsidayla Amon isə ətrafda nə baş verdiyinin fərqinə varmadan qabaqlarına qoyulan kababdan yeyib, tortun kremindən yalayıb hərdən bir-iki ağız hürürlər.Şəninə mahnı oxumaqla, toy çaldırmaqla it dönüb adam olmayacaq ki! Amma bu şadyanalıqdan sonra qanı it qanına dönən adamlar nə qədər desən oldu. Bütün günü xəbər saytlarında, sosial şəbəkələrdə bu mövzu dartışıldı. Adamları qınamaq da olmur, hardasa haqlıdırlar. Deyirlər ki, goranboylu biznesmen itlərini evləndirincə iki yetimə toy çaldırsın.

Cəbhə xəttində bir susuz kəndə su xətti çəkdirsin. Aşıqları oxutdurunca bir şəhid balasının uşağını oxutdursun, onun təhsil xərclərini üzərinə götürsün. Əlbəttə, insanlıq prizmasından yanaşmadır. Baxmayaraq ki, bunu da «çürük sovet təfəkkürü» kimi dəyərləndirənlər var. Məni isə bu məsələdə,sadəcə, biznesmenin açıqlaması təəccübləndirdi. Adam itinin «xeyir işi»ndən yayılan videodan, şəkillərdən sonra çıxıb deyir ki, günah mətbuatdadır, mətbuat bunu düzgün başa düşməyib.

Sanki bəyaz tortun üzərində dodaq-dodağa dayanan it təsvirlərini, «Amon və İsida xoşbəxt olun» yazısını da mətbuat yazıb. Yəni, sən, mən, bir başqası. Biznesmen bu halıyla bilirsiz nəyə oxşadı? Bu günlərdə qalmaqallı müsahibəsindəın sonra « mən heç kimə müsahibə verməmişəm» deyən aktrisa Vəfa Zeynalovaya.

Yaxşı, Vəfanı başa düşdük, çoxları deyir ki, səhnəyə birbaşa gözəllik salonundan gəlib.

Yəni, adi saç kəsən imiş. Bəs pulunu balta kəsməyən bu biznesmen?

Belə qafayla, düşüncə tərziylə bu adamlar necə olur da milyonçu olur?


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)