vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
20:28 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 2790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki milyonu Eldar Mahmudova verdim»

Generalı sabiq nazirini satdı

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, həmin Mərkəzinin polkovniki Azər Mehdiyev və daha iki nəfər üzrə məhkəmə qarşısına çıxarılıb.

Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, Elçin Quliyev ifadəsində dəfələrlə sabiq nazir Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirdiyini, Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevlə birlikdə əldə olunacaq məlumatları bir yerdə işlədiklərini, bütün məlumatları topladıqdan sonra isə E.Mahmudova təqdim etdiklərini göstərib.

E.Quliyev ifadəsində, həmçinin göstərib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu sabiq MTN şefi ona işarə edib, həmin qurumlarda pul olub-olmadığını soruşub. 2015-ci ilin oktyabr ayınadək olan dövrdə rəhbərlik etdiyi mərkəzin sabiq rəis müavini İlqar Əliyev və digərləri ilə birlikdə əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı üçün dövlət büdcəsindən Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinin kassasından xüsusi xərclər smetasından ayrılmış pul vəsaitlərindən ümumilikdə 7.360.58 manat pul təyinatı üzrə xərclənməyib: «Antiterror Mərkəzinin rəisi işlədiyim müddətdə özümün və tabelyimdə olan işçilərin icraatında olan əməliyyat işləri üzrə mənbələrə iki istiqamət üzrə pul vəsaiti ödənilirdi. Mənbələrə pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyat işçisi tərəfindən raportla mənə müraciət olunurdu. Özüm raportda göstərilən məbləğin mühasibatdan alınması ilə bağlı viza verdikdən sonra razılaşdırılması üçün sabiq nazirə göndərirdim. Sabiq nazir raportu təsdiq edəndən sonra mənə qaytarılırdı. Sonra həmin raport əməliyyat işçisi tərəfindən nazirliyin Maliyyə İdarəsinə təqdim edilirdi. Maliyyə İdarəsindən müvafiq məbləğdə pul vəsaiti götürüldükdən sonra müavinim İlqar Əliyevə təqdim edilirdi. Onun tərəfindən də adiyyəti üzrə əməkdaşlara paylanılırdı.

Vəsaitlərin alınması işini özüm İlqar Əliyevə tapşırmışdım. Bir qayda olaraq vəsaitləri mühasibatlıqdan 1-ci idarənin rəis müavini Azər Məcidovun almasını bilirdim».

E.Quliyev ifadəsində «Şimal küləyi» əməliyyatından da danışıb. Belə ki, 2013-cü ilin dekabr ayında E.Mahmudov ona zəng vurub, İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də «Şimal küləyi» əməliyyat işi üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini tapşırıb. E.Quliyev də bununla bağlı İlqar Əliyevə məlumat verib, həmin iş üzrə bir neçə raport yazmalarını bildirib. Daha sonra ümumi məbləği 1.000.000 manatdan yuxarı pul vəsaitinin götürülməsinə dair bir neçə raport götürüb və silinmə arayışları ilə birlikdə E.Mahmudova göndərib: «Nazir tərəfindən həmin raportlar təsdiq edildikdən sonra pullar Maliyyə İdarəsindən götürüldü. Əvvəlcə İlqar Əliyevin otağına gətirildi, orada isə sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Məmmədova verildi. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar Məmmədova göndərilib».

Bu hadisədən bir neçə gün sonra E.Mahmudov ona zəng vurub və yenidən təxminən 1 000.000 manat məbləğində pul lazım olduğunu, yenə də «Şimal küləyi» adı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyi tapşırıb. E.Quliyev də sabiq nazirin tapşırığını yerinə yetirib. Pullar eyni qayda üzrə götürülərək Vüqar Məmmədova verilib.

Keçmiş MTN əməkdaşı ifadəsində sahibkar «Elite Travel» turizm şirkətinin rəhbəri Xalıq Sadıxovun külli miqdarda pul vəsaitinin ələ keçirilməsi və hər ay ondan pul alınması faktı ilə bağlı ittihamda göstərilənləri inkar edib, guya Xalıq Sadıxovu tanımadığını, onunla bağlı Antiterror Mərkəzində hər hansı materialın, ərizənin olmasını xatırlamadığını göstərib.

Bakı şəhər sakini Əliəsgər Əliyevin Mərdəkan qəsəbəsində yerləşən 74 min manat dəyərində 50 sot torpağının hədə-qorxu yolu ilə ələ keçirilməsi epizoduna gəlincə isə E.Quliyev ifadəsində göstərib ki, işçisi Rafiq Səfərovun ona Mərdəkan qəsəbəsində ucuz qiymətə torpaq olduğunu, həmin torpaq sahəsini alaraq üç yerə - E.Quliyev, İ.Əliyev və R.Səfərovun arasında bölmək istədiyini deyib. Sözügedən torpaq sahəsi əvvəlcə R.Səfərovun adına alınsa da, sonradan E.Quliyevin həyat yoldaşı Kəmalə Axundovanın adına rəsmiləşdirilib.

Elçin Quliyev həmçinin qeyd edib ki, bir neçə dəfə sabiq nazir ona zəng vurub, Monitorinq Xidmətinin rəisi Teymur Quliyevə bir obyekt barədə texniki-tədbir keçirilməsini, əldə olunacaq məlumatları birgə işləyib, əlavə zəruri işlər görməklə məruzə etməyi tapşırıb. T.Quliyev ona müəyyən məlumatlar göndərib. O da öz növbəsində həmin məlumatları Eldar Mahmudova təqdim edib: «Barəsində texniki tədbirlər tətbiq olunmuş vəzifəli şəxslərin adlarını hazırda xatırlamıram. İttihamda göstərilən şəxslər barəsində hər hansı bir tədbirin keçirilməsi, telefon danışıqlarına dair məlumatların götürülməsi, qulaq asılması məsələlərin razılaşdırılması ilə bağlı sabiq nazir Eldar Mahmudova və ya nazir müavini Hilal Əsədova məruzə edib-etmədiyimi xatırlamıram».

Sahib Qurbanov və Zaur Əzimovun istifadəsində olan telefon nömrəsi üzrə danışıqların qanunsuz dinlənilməsi və mütəşəkkil dəstə üzvləri tərəfindən Sahib Qurbanovdan 55 min manat, Zaur Əzimovdan isə 120 min manat alınması epizodu üzrə ifadə verən sabiq MTN əməkdaşı cinayət əməllərini gizlətməyə çalışaraq zərərçəkmiş şəxsləri tanımadığını bildirib.

Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu yolu ilə 250 min dolları tələb edilməsi və onun 120 min dollarının ələ keçirilməsi epizodu üzrə də özünü günahkar bilməyib və zərərçəkmişi tanımadığını deyib.

İş adamı Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilməsi, ona məxsus 30 min dollar məbləğində «İnfinity FX 35» markalı avtomobilin hədə-qorxu yolu ilə əlindən alınması epizodu üzrə ifadəsində bunları göstərib: «2015-ci ilin sentyabr-oktyabr aylarında anam Ədilə Quliyevanın xahişi ilə, onun iş yoldaşı Mahirə Süleymanovanı MTN-in Antiterror Mərkəzində qəbul etdik. O, Yalçın Abdullayev və digərlərinin qanunsuz əməlləri barədə ərizə yazdı. Həmin ərizə əsasında Yalçın Abdullayev və onun tanışlarını MTN-ə çağırdıq. Onlardan «İnfinity FX 35» markalı avtomobili Mahirə Süleymanovaya qaytarmasını tələb etdik. Həmin avtomobillə əlaqədar faktiki olaraq Binəqədi Rayon Məhkəməsində mülki işə baxıldığını bilirdim. Eyni zamanda ləğv olunmuş MTN-in Binəqədi Rayon İdarəsinin sabiq rəisi Rafiq Səfərovdan həmin avtomobilin Binəqədi rayon İcra şöbəsinin əməkdaşları tərəfindən Yalçın Abdullayevdən alınaraq saxlanca yerləşdirilməsini və daha sonra Mahirə Süleymanovaya qaytarılmasını təmin etməyi xahiş etdik. Göstərilən məsələlərlə bilavasitə İlqar Əliyev və Azər Mehdiyev məşğul olub».