vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏHKƏMƏ, İSTİNTAQ  
18:39 | 28 aprel 2017 | Cümə Məqaləyə 1313 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MTN polkovniki şok sirləri açdı

SEPAH-ın generalı Cəmşidyan, Azərbaycanda həbslər və silinən milyonlar...

İlkin MURADOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ləğv edilmiş MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində keçirilib. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda təqsirləndirilir.

Musavat.com xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş sahibkar Vidadi Əzizov ifadə verib.

V.Əzizov həbsdə olan polkovniki əvvəllər tanımadığını deyib və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. O, deyib ki, Rusiya və İran arasında kübrə alveri ilə məşğul olan şəxslərlə işləyib. Həmin ərəfədə - 2012-ci ildə Dubaydan Azərbaycana «Zaminbank» vasitəsi ilə pul göndəriblər.

Sahibkar ifadəsinə davam edib: «Həmin pulu götürmək üçün bankın «Nərimanov» filialına yollandım. Yanımda sürücüm və həyat yoldaşım da var idi. Nəriman adlı tanışım bankdan götürdüyü 1 milyon manatı mənə verdi. Sonra Nərimana puldan 300 min manat qaytardım. Həmin vaxt Nərimanın dostundan ev almışdım. Pulu ona çatdıracaqdı. Qalan pulu maşının baqajına qoydum. Bu zaman Nəriman məni çağırdı. Ona tərəf getmək istəyən zaman üstümüzə tökülüşdülər, bizi əhatəyə alaraq tutdular və MTN-ə gətirdilər».

Əzizov deyib ki, onu MTN hazırda həbsdə olan polkovnikin otağına aparıblar: «Otaqda Rəşad adlı şəxs bildirdi ki, bura sənin üçün axırıncı yerdir. Ona etiraz etdim, bildirdim ki, bura dövlətin binasıdır və hər kəs üçün axırıncı yer qəbiristanlıq ola bilər. Dedim ki, bura bizim üçün başlanğıçdır. Məni vətənə xəyanət etməkdə, İrana casusluq etməkdə suçladılar».

Onun sözlərinə görə, həbslə hədələndikdən sonra ondan külli miqdarda pul tələb ediblər: «Mirəziz Əsgərova dedim ki, 100 min manat verə bilərəm. Soruşdu ki, «hansı puldan verəcəksən?» Dedim ki, burada olan pulumdan verəcəm. Bu zaman təqsirləndirilən şəxs həmin pulun mənə məxsus olmadığını bildirdi, dedi ki, «o pul sənlik deyil». Məni dindirənlər arasında ən mədənisi Mirəziz Əsgərov idi. Elə hərəkət edirdilər ki, elə bil bazardasan. Axşama qədər saxlanıldım. Buraxılmağım üçün 300 min dollar aldılar».

Ancaq sahibkarın dediyinə görə, bundan sonra da canını MTN-dən qurtara bilməyib. Daha sonra ondan Mirəziz Əsgərov tərəfindən 100 min dollar tələb edilib. Sonda 40 min dollara razılaşıblar.

Vidadi Əzizov onu da bildirib ki, 4 ay MTN əməkdaşları tərəfindın izlənilib: «Əvvəllər təqib olunduğumu bilirdim. Amma sonda belə biabırçılıq edəcəklərini, məni küçənin ortasında saxlayacaqlarını bilməzdim. Məni MTN-dən Mirəziz yola saldı. Torbada qalan pulumu da mənə qaytardı, amma 300 min dollarını götürmüşdülər. Pulu sürücümə verdim və bacımgilə aparmasını istədim. Özümün isə başqa işim olduğu üçün onunla getmədim».

Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş bildirib ki, kübrə alveri ilə məşğul olub. İspaniya və Argentina şirkətlərindın aldığı malı İran şirkətinə sataraq qazanc əldə edirmiş.

Sahibkar MTN-də təzyiqlərə məruz qalması haqda bunları deyib: «Bir MTN əməkdaşı mənə qarşı silahı tuşladı. Həmin vaxt mənə 1 milyon yox, 20 milyon dollar gələcəyini düşünüblər».

Əzizov ifadəsində mülki iddiasını müdafiə etdiyini və dəymiş zərərin ödənilməsini tələb edib. Polkovnik Mirəziz Əsgərov isə zərərçəkmişin dediklərinə etiraz edib. Və bildirib ki, bu deyilənlər ona qarşı təhqirdir.

Daha sonra sahibkar MTN polkovnikinin suallarını cavablandırıb:

- İranda saxlanılıb təsir altına düşmüşdün...

- Belə bir hal baş verməyib.

- Nihad Əliyev sənə mesaj yazıb ki, «Azərbaycanda 22 nəfər tutulub, ehtiyatlı ol». O, bu mesajla sənə nə demək istəyirdi?

- Həmin ərəfədə Azərbaycanda ara qarışmışdı.

Bu suallardan sonra zərərçəkmiş Əzizov deyib ki, MTN-də onu İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, «Eurovision» ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham ediblər.

Bu sözlərdən sonra MTN polkovniki Mirəziz Əsgərov arayış verib: «Zərərçəkmişin ifadələrində ziddiyyətlər var. Deyir ki, onun 674 min pulu olub. Guya 300 min dollarını alıb, qalan pulu özünə qaytarmışıq. Sonra iddia edir ki, ondan 40 min dollar da əlavə tələb edilib. 40 mini alacaqdımsa, onun əlimizdə olan pulunu niyə qaytarırdım? Vidadi Əzizovun ətrafında apardığımız araşdırmalarla kifayət qədər sübutlar toplamışdıq. İndi burada yalan danışır ki, 2001-ci ildən bizneslə məşğulam. Bu şəxsin yaşam tərzinə nəzər yetirin. Özünün heç bir mülkü olmayıb. Bacısının evində yaşayıb. Deyir ki, biznesdə 1 milyon, 10 milyon, 18 milyon dövriyyəsi olub. Bu qədər dövriyyəsi olan adamın yarım milyonluq mülkü olmalı idi. Mən bu gün Vidadi Əzizovun ifadəsi ilə həbs olunmuşam və əsassız olaraq da həbsdə saxlanılıram. Vidadi Əzizov İran vətəndaşları ilə tanış olub. Onu İranda əməkdaşlığa cəlbetmə şərti ilə saxlayıblar. Bu haqda bizdə əməliyyat məlumatları olub. Burada deyir ki, Cəmşidyan iranlı biznesmendir. Heç kimə sirr deyil ki, Cəmşidyan SEPAH-ın generalı olub. Zərərçəkmiş burada deyir ki, həmin şirkətlərlə biznes fəaliyyətinə dair sənədlər göstərə bilmir. Bunun da səbəbi həmin ərəfədə İranın beynəlxalq sanksiyalar altında olmasıdır. Bu şirkətlər qanunsuz fəaliyyət göstərir, çirkli pulların yuyulmasıyla məşğul olurdu. Beynəlxalq təşkilatlar var ki, məhz dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə ilə məşğuldur. Ona görə də Vidadi Əzizova pullar İrandan yox, «Ziraatbank» vasitəsilə Dubaydan göndərilirdi. Vidadi İranda əməkdaşlığa cəlb olunarkən çirkli pulların yuyulması məqsədilə ölkədən çıxarılmasını öz üzərinə götürmüşdü. Burada Vidadinin bir faiz qazancı olacaqdı. Bizim əməliyyatımızı Moskvada bildilər. Bundan sonra həmin pullardan imtina elədilər».

Növbəti məhkəmə prosesi mayın 12-nə təyin edilib.