vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QALMAQAL  
15:36 | 27 yanvar 2014 | Bazar ertəsi Məqaləyə 2682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əzimovdan Səfərova sərt sözlər

«Maskalı separatçılar süfrəsinin payçılarına cavab»

Professor Hacıbaba Əzimov, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlum olduğu kimi, Milli Şuranın son sessiyasında Azəri-Talış Birliyi rəhbəri Mehdibəy Səfərovla istiqlalçı deputat Hacıbaba Əzimovun arasında sözlü münaqişə baş verib. M.Səfərovun açıqlamaları mətbuatda, o cümlədən «Yeni Müsavat»da dərc olunub. Hacıbaba Əzimov cavab haqqından istifadə edərək, musavat.com-a geniş məqalə göndərib. Professorun cavabını dərc edirik:

***
Bu günlərdə Azəri-Talış Birliyi adlandırdığı qurumun sədri kimi özünü təqdim edən Mehdibəy Səfərov adlı bir şəxs bəzi saytlarda yaydığı açıqlamasında məsuliyyət hissini büsbütün itirərək, heç bir dəlil-sübut göstərmədən iddia edir ki, H.Əzimov «...xalqların milli birliyinə (?), bərabərhüquqluluq (?) ideyalarına, vətəndaşlıq azadlıqlarına (?), dövlətçiliyimizin təməl prinsiplərinə, eləcə də gənclərin vətənpərvərlik hisslərinə sarsılmaz zərbələr vurmuşdur (?)...ziyalıları təhqir və təhdid edir. Beləliklə, H.Əzimovun törətdiyi əməllər vətəndaşların çox incə və kövrək milli özünüifadə tellərini zədələyərək, bu sahədə ciddi çatların əmələ gəlməsinə yönəlik addımlardır. Bu sayaq hərəkətlər, birbaşa Erməni (mətndə erməni sözü böyük həriflə yazılıb - H.Ə.) dəyirmanına su tökmək kimi dəyərləndirilməlidir». Bu savadsız, qondarma ifadələr, iddialar, sayıqlamalar özü –özlüyündə M.Səfərovun hansı səviyyədə olduğunu aydın şəkildə göstərdiyinə görə onların siyasi-hüquqi baxımdan dəyərləndirilməsinə hələlik ehtiyac görmürəm və çox ola bilsin ki, gələcəkdə bu məsələlərə, onun və onu himayə edənlərin keçmişdə və indi milli müstəqil dövlətçiliyimizə qarşı zərərli və təhlükəli əməllərinə ayrıca bir yazıyla cavab verəcəyəm.
 M.Səfərov mənimlə bağlı «kimə, haraya və hansı məzhəbə xidmət edir? - sualına cavab tapmaq üçün Sovet dövründə, 80-ci illərin əvvəllərində çap edilmiş iki kitabımdakı bəzi məqamlara istinad etməyə cəhd göstərir və belə iddia edir ki, H.Əzimov «Bakı Kommunası» kitabını başdan-ayağa «...Stepan Şaumyanın inqilabi fəaliyyətinə həsr etmiş və onu «milli qəhrəman» səviyyəsinə qaldırmışdır», lakin o, kitabda S.Şaumyanı müsbət səciyyələndirən hər hansı bir fakt, cümlə, hətta ifadə belə tapa bilməmişdir. Cünki, belə bir şey yoxdur! 
M.Səfərov «Böyük Oktyabr Azərbaycanda»  kitabım ilə bağlı başqa bir avantürist, normal düşüncəyə sığmayan saxtakarlıq cəhdi göstərərək «əsərdə Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Müsavat partiyasının mürtəciliyini, satqınlığını və xalqın qanuni hökumətini - Kommunanı devirmək üçün «murdar cəhdlər» ifşa edilir (səh. 88)» - yazır. Halbuki, nə kitabın həmin səhifəsində, nə də başqa səhifələrində belə bir iddia və fikir yoxdur. Başqa bir misal: M.Səfərov yazır: «Müsavatçı burjua millətçiləri zəhmətkeşləri aldadaraq «ümummilli marağın» müdafiəsi, «milli bərabərlik», «milli istisnaların ləğvi» haqqında demoqoqcasına boşboğazlıq edirdilər (səh.132). Əslində isə mətndə «müsavatçı» sözü yoxdur, bu sözü də o, qəsdən cümləyə əlavə etmişdir.
M.Səfərov riyakarlıqla məni həm də 1918-ci ildə Bakıda baş vermiş mart hadisələrinin milli qırğın xarakterini inkar etməkdə təqsirləndirməyə cəhd edir. Əvvələn, hər kəs bilir və bilməlidir ki, Sovet imperiyası dövründə həqiqətən totalitar rejim hökm sürürdü və dövlətin sərt ideoloji xətti ilə bir çox tarixi həqiqətlərin, o cümlədən Mart qətliamının əsl mahiyyətinin açıqlanmasına tabular, qadağalar qoyulmuşdu. O zaman heç kəs bu qadağaları açıq şəkildə poza bilməzdi və müəyyən olunmuş konsepsiyadan kənara çıxan hər hansı bir əsər işıq üzü görə bilməz, çap edilməzdi. Bu görə də xüsusən 1917-1920-ci illərin hadisələrinə dair əsərlər dəfələrlə rəsmi və qeyri-rəsmi sərt senzuralardan keçirdi. Bunlara baxmayaraq, Mart hadisələri mənim tədqiqat obyektim olmasa da,  bəhs edilən əsərimdə ümumi tarixi proseslər kontekstində bu məsələyə də qısaca toxunmuş və o vaxt daşnakların rəhbərlik etdiyi hərbi hissələrin dinc azərbaycanlılara qaşı qırğınlar törətdiyini bir neçə dəfə xüsusi olaraq qeyd etmiş və bunu əsaslandırmaq üçün hətta S.Şaumyanın da Mart hadisələrinin «qismən milli qırğın xarakteri aldı»- etirafını misal göstərmişəm (səh. 245,293,294,295 və s.) . M.Səfərov isə zamanın sərt tələblərini adlayaraq imkan daxilində göstərdiyim bu tarixi həqiqətləri  büsbütün inkar etmək, saxtalaşdıraraq ictimaiyyətə təqdim etmək yolunu tutmuşdur.
M.Ə.Rəsulzadəyə və Müsavat Partiyasına münasibətdə isə mən həmişə obyektiv olmağa,  cəsarət göstərib rəsmi dövlət siyasətinin müəyyən etdiyi sərt konseptual tələblərdən xeyli fərqli bir mövqe nümayiş etdirməyə çalışmışam. Belə ki, hələ 60-70-ci illərdə M.Ə.Rəsulzadənin və Müsavat Partiyasının düşmən kimi təqdim edildiyi bir şəraitdə o zaman gənc tədqiqatçı olduğuma baxmayaraq, əməkdaşı olduğum EA-nın Tarix İnstitutunda və elmi ictimaiyyət arasında M.Ə.Rəsulzadəni görkəmli ideoloq və siyasi lider kimi təbliğ etmiş, əsərlərini, məqalələrini öyrənərək  ilk dəfə olaraq onun 1917-ci ildə baş vermiş prosesləri obyektiv və dürüst dəyərləndirdiyini elmi əsərlərimdə işıqlandırmışam. Məsələn, hələ 60-cı illərin ortalarında yazıb başa çatdırdığım və 1971-ci ildə EA-nın «Elm» nəşriyyatında çapdan çıxmış «Azərbaycan qəzalarında Sovetlər (1917-1918-ci illər)» adlı kitabımda M.Ə.Rəsulzadənin redaktoru olduğu «Açıq Söz» qəzetinin 28 mart 1917-ci il tarixli sayında dərc etdirdiyi «İki hökumət» sərlövhəli məqaləsində Fevral inqilabından sonra ölkədə yaranmış ictimai-siyasi durumu düzgün, uzaqgörənliklə dəyərləndirdiyini qeyd etmiş və bunun sübutu olaraq ondan sitatlar gətirmişəm. Yazmışam ki, M.Ə.Rəsulzadə  deyirdi: «Bu gun bu fəhlə vəkilləri şurası olmasa və özünə məxsus bir əzmlə işə müdaxilə edib inqilabı bugünkü dərəcəyə yetirməsə idi, kim bilir nələr olardı...» (səh. 26-27). Sonra həmin fikri inkişaf etdirərək demişəm: «M.Ə.Rəsulzadə yuxarıda qeyd  edilən məqaləsində burjua-mülkədar təşkilatlarından fərqli olaraq (halbuki, o zaman Müsavat Partiyası da burjua –mülkədar təşkilatı kimi qələmə verilirdi - H.Ə.) Sovetlərin böyük nüfuzu və iqtidarı olduğunu etiraf edir və açıqdan-açığa yazırdı: «... hər nə qədər rəsmən hökumət müvəqqəti icra komitəsində isə də həqiqətdə iqtidar soldat və fəhlə vəkilləri şurasındadır. Bu bir inqilab komitəsidir. Bir komitədir ki, həqiqi inqilab qüvvəsi onun əlindədir» (səh. 28).  Göstərmişəm ki, «Açıq söz» qəzeti isə uzaqgörənliklə yazırdı: «Rusiya inqilabının cərəyanından göründüyü vəchlə irəlidə bütün iqtidar hökumət fəhlə, soldat və əkinçi şuralarının əlinə keçmiş olacaq» (səh. 28). Göstərilən və digər açıqlamalarla açıq şəkildə M.Ə.Rəsulzadəyə, Müsavat Partiyasına rəğbət nümayiş etdirdiyimə görə də o zaman təzyiqlərə, təhdidlərə məruz qalmışam. 
Bunlara baxmayaraq 80-ci illərin axırlarında ölkədə tarixi hadisələrə yeni təfəkkürlə yanaşmaq üçün azaçıq şərait yaranmasından faydalanaraq, əvvəllər tariximizin bir çox aktual problemləri haqqında heç bir tarixçi alimin demədiyi, daha doğrusu yaza bilmədiyi həqiqətləri yeni, düzgün konsepsiya əsasında həm özüm yazmış, həm də bu məsələlərin obyektiv işıqlandırılmasının zəruri olduğunu tədqiqatçıların diqqətinə çatdırmışam.  Təsadüfi deyildir ki, əsərlərimdə bir sıra tarixi hadisələri ilk dəfə olaraq yeni konsepsiyada, dürüst işıqlandırdığıma görə o zaman heç şəxsi tanışlığımın belə olmadığı professor C.Həsənli müstəqillik əldə edildikdən sonra, 1993-cü ildə nəşr olunmuş «Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər)» adlı monoqrafik kitabında yazmışdır: «Dövrün problemlərini köhnə konsepsiya ilə işləmiş tarixçilər içərisində ilk dəfə olaraq professor H.S.Əzimov uzun müddət rəhbər tutulan bu konsepsiyanın yararsız olduğunu qeyd etmişdir» (səh. 19).
Həqiqətən də o zaman mən cəmiyyətdə olan nüfuzumdan istifadə edərək hətta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan «Azərbaycan kommunisti» jurnalında (1989-cu il) dərcinə nail olduğum iri həcmli elmi məqaləmdə tarix ədəbiyyatında ilk dəfə olaraq açıq şəkildə Müsavat Partiyasının burjua-mülkədar, əksinqilabçı partiya kimi təqdim olunmasına qarşı çıxaraq göstərmişəm ki, «seçkilər zamanı azərbaycanlı əhali arasında ən çox səs toplamış Müsavat Partiyası haqqında da çox az yazılmışdır...Müsavatçılar 1917-ci ilin noyabrında Müəssislər Məclisinə keçirilən seçkilərdə Bakıda bolşeviklərdən sonra (22,2 min) ən çox (21,7 min) səs toplamış, qəza yerlərində isə səslərin böyük çoxluğunu ala bilmişdilər. Bütün bunlar və Müsavat Partiyasının fəaliyyəti ilə bağlı digər siyasi hadisələr...bu partiyanın sinfi və sosial tərkibi, fəaliyyət xarakteri məsələlərinin obyektiv şəkildə öyrənilməsini zəruri edir» (səh. 55), yəni Müsavat Partiyasına rəsmi mənfi münasibətin dəyişdirilməsinin zəruri olduğunu bildirmişəm. 
Bundan başqa  elmi ədəbiyyatda ilk dəfə olaraq 1918-ci ildə «Hümmət» təşkilatının Azərbaycan xalqına müstəqil dövlət qurmaq hüququ verilməsi tələbinə işarə edərək yazmışam: «Bu təşkilat ...bir sıra mühüm əməli təkliflər, o cümlədən millətlərə öz müqəddəratını təyin etmək hüquqi verilməsi haqqında partiya proqramı tələbinin yerinə yetirilməsi...təklifini irəli sürmüşdü. Lakin Bakı Sövetinin, Bakı Quberniya Xalq Komissarları Sovetinin bu təkliflərə münasibəti, onları həyata keçirməməsinin səbəbləri hələ də açılıb göstərilməmişdir» (səh.53).
Həmin elmi məqaləmdə daha sonra Andronikin dəstələrinin Azərbaycan xalqına qarşı qətliamına xüsusi diqqət çəkərək demişəm: « ...ingilis və eyni zamanda çar agenti olmaq kimi şərəfsiz bir yol tutmuş daşnak Andronikin cinayətkar fəaliyyəti və onun başçılıq etdiyi quldur dəstələrinin görünməmiş vəhşilikləri haqqında Azərbaycan tarix ədəbiyyatında indiyədək demək olar ki, heç bir məlumat verilməmişdir. Halbuki, Andronikin quldur dəstələrinin keçmiş İrəvan quberniyasında təkcə 1918-ci ilin birinci yarısında 200 min azərbaycanlının yaşadığı 200-dən artıq kəndi viran qoymasını, silahsız, dinc əhalini qılıncdan keçirməsini, hətta qadın və uşaqlara qarşı zorakılıqlar etməsini...və s. vəhşiliklərini tarix nə unuda bilər, nə də bağışlaya bilər» (səh. 55).
Bu məsələni 20 Yanvar qətliamından dərhal sonra, 1990-cı il yanvarın 31-də «Bakinskiy raboçiy» qəzetində hərbi senzuranın sərt nəzarətinə rəğmən, dərcinə çox çətinliklə nail olduğum iri həcmli «Azərbaycan tarixi: 1918-1920-ci illər. «Ağ ləkələr» yeni təfəkkür aynasında» başlıqlı məqaləmdə də bir daha kəskinliklə vurğulamış, həm də S.Şaumyanın cəllad Andronikə, eləcə də ingilis agenti Biçeraxova dəstək verdiyini təkzibedilməz faktlarla açıqlamış və göstərmişəm ki, «Bakı Kommunası dövründə daşnak partiyasının sənəd materiallarında əks olunmuş saysız-hesabsız cinayətləri və xəyanətkar fəaliyyəti bu vaxta qədər hərtərəfli öyrənilməmiş və tarix ədəbiyyatında lazımınca işıqlandırılmamışdır». Həmin məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirmiş və vurğulamışam ki, AXC «milli Azərbaycan dövlətinin bərqərar olması tarixinin mühüm bir mərhələsini təşkil etmişdir». Məqalənin sonunda 20 Yanvar qətliamını həyata keçirən və xalqın istiqlal arzularını dəfn etmək istəyən işğalçılara xitabən bəyan etmişəm ki, «cəmiyyətdə inqilabi dəyişikliklərin» və  »respublikanın tam müstəqillik əldə etməsi prosesinin qarşısını almaq mümkün olmayacaqdır». 
Bunlarla bərabər deməyə məcburam ki, mənim Azərbaycanın istiqlalına, xalqımızın ali mənafeyinə sədaqətimin təsdiqi idi ki, 1990-cı ildə deputat seçildikdən sonra Müstəqil Azərbaycan Deputat Blokunun («Demblok»un) təsisçilərindən və 1991-ci ilin martın 7-də Ali Sovetdə SSRİ –nin saxlanması əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş cəmi 43 deputatdan biri, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri və Konstitusiya Aktının əsas müəllifi olmuşam. Mən eyni zamanda 90-cı illərin əvvəllərində talışların da kompakt yaşadığı cənub bölgəsində Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru olaraq talış icmasından olan xeyli sayda gəncləri və alimləri işlə təmin etmiş, talış ənənələrini, folklorunu, məişətini öyrənən xüsusi tədqiqat qrupu formalaşdırmış, partiyamızın rəyasət heyətinin üzvü, professor Qəmərşah Cavadovu LDU-da işə götürüb onun «Talışlar» adlı böyük bir monoqrafiya yazıb çap etdirməsinə şərait yaratmışam.  Bundan başqa xarici düşmənlərimizin fitvası ilə qondarma «TMR» adı altında Azərbaycanı etnik dövlət qurumlarına bölmək istəyən Ə.Hümmətovçuların qarşısını almaq məqsədilə Vahid Azərbaycan Milli Birlik Partiyasını (VAMBP) yaratmış, bir çox tanınmış talış ziyalılarını da partiyamızın sıralarına cəlb etmiş və 1993-cü ilin avqust ayının axırlarında yerli ictimaiyyətin geniş təbəqələrinin, o cümlədən VAMBP üzvlərinin fəal iştirakı ilə «TMR»-cilərin xəyanətkar fəaliyyətinə son qoyulmasına, bədniyyət qüvvələr tərəfindən cənub bölgəsi əhalisinə, o cümlədən talış icmasına «separatçı» damğası vurulmasının qarşısının alınmasına nail olmuşuq.
Azərbaycan xalqı, o cümlədən talış icması qarşısında göstərilən və digər xidmətlərimə baxmayaraq M.Səfərov adlı bir şəxsin məni «vətəndaşların çox incə və kövrək milli özünüifadə tellərini» zədələməkdə, «xalqların milli birliyinə» sarsılmaz zərbələr vurmaqda günahlandırmaq cəhdləri riyakarlıq və simasızlıq əlamətləri, cinayət əməlləri deyilmi?  Paradoksal və rüsvayçı haldır  ki, bir sıra KİV əməkdaşları M.Səfərov kimi, yumşaq desək, qeyri-ciddi bir adamın yalan və böhtanlarına, onun ölkədə etnik zəmində münaqişə salınmasına rəvac verən hərəkət və tələblərinə biganəlik nümayiş etdirir, Vətən və xalq qarşısında öz övladlıq borclarını unudaraq hətta belə zərərli açıqlamaların yayılmasına şərait yaradırlar.  
Yazımın sonunda M.Səfərova xatırladıram ki, Vətənimizə düşmən kəsilən bəzi xarici dairələr həmin ölkələrin strateji mərkəzlərində Azərbaycanın xırda etnik dövlətlərə parçalanması məqsədilə hazırlanmış xüsusi plan-proqramları həyata keçirmək üçün son illərdə ölkəmizdə pozuculuq fəaliyyətlərini gücləndirməyə çalışır və bu mənfur niyyətlərini həm də etnik zəmində yaradılmış müxtəlif qurumlar vasitəsilə reallaşdırmağa cəhdlər göstərirlər. Ona görə də belə hesab edirəm ki, xaricdə və ölkə daxilində açıq və ya gizli şəkildə etnik zəmində əsassız tələblər irəli sürməklə separatizmə yol açan adamların  hərəkətləri və fəaliyyətləri antiazərbaycan, antimilli xarakter daşıyır və ölkəmizin unitar dövlət quruluşunu sarsıtmaq məqsədinə yönəldilmiş xəyanətkar əməllərdir. Azərbaycan ictimaiyyəti isə maskalı və ya maskasız separatçıların xəyanətkar əməllərinə diqqət yetirməli və adekvat münasibət bildirməlidir.