vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SƏNƏTÇİ  
19:34 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 3064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bilirsən qarşında oturan kimdir»

Rafiq Hüseynovla bağlı xatirələr: «Yumruğunu masaya vuraraq televiziya qaydalarını pozdu»

E.NİHAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan televiziya məkanının əfsanələrindən olan tanınmış diktor, Xalq artisti Rafiq Hüseynov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. O, oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində - müalicə aldığı klinikada vəfat edib.

Öncə, ağciyər xərçənginə yaxalanan diktor, sonradan bağırsaq, ayaq şişləri və başqa xroniki fəsadlardan əziyyət çəkdi. Bir neçə il ərzində Türkiyə və Azərbaycanda dəfələrlə əməliyyat olundu.

Rafiq Hüseynovun dünyasını dəyişməsi ona olan tamaşaçı sevgisini bir daha üzə çıxardı.

Modern.az saytı Rafiq Hüseynovla ayrı-ayrı vaxtlarda bir yerdə işləmiş şəxslərdən onunla bağlı xatirələrini soruşub. Həmin xatirələri əslində bir incə xətt bağlayır - şəxsiyyət kimi faciələrə tuş gələn adamın kənardan xoşbəxt insan kimi görünməsi:

 

Firuz Mustafa (yazıçı):

«Politologiya İnstitutunda (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasında) saat hesabı dərs deyirdim. Orada Rafiq Hüseynovla rastlaşdım. Sən demə, o da həmin təhsil ocağında pedaqoji fəaliyyətlə məşğul olurmuş. Orada daha tez-tez ünsiyyətimiz olurdu. Yüksək mədəniyyətli, savadlı, sadə, ziyalı bir insandır. Yaxşı musiqi və yumor duyumu vardı. Arada özü də musiqi ifa edər və oxuyardı. Yeri gəlmişkən, kiçik bir xatirəmi də bölüşmək istərdim. Bəlkə də sizə təəccüblü görünə bilər, mən həyatda sintezator ifa edən ilk «musiqiçi» kimi Rafiqi görmüşəm.

Yadımdadır, günlərin bir günü AzTV-nin foyesində bir xeyli adam toplaşmışdı ki, onların da çoxu hansısa verilişdə iştirak etməyə gəlmiş müğənni və aktyorlar idi. Mən də yaxınlaşdım. Rafiq Hüseynov qarşısındakı alətdə musiqi ifa edirdi. Hamı maraqla onu dinləyirdi. Musiqi başa çatdı. Oradakılar əl çaldılar. Sonra adamların bir çoxu bu tanış olmayan musiqi aləti barədə məşhur aparıcıya yerbəyerdən suallar verməyə başladılar. Yadımdadır, rəhmətlik Yaşar Nuri gülə-gülə dedi:

- Rafiq, bu gedişlə sən müğənnilərin çörəyinə şərik olacaqsan... Alə, nə əntiqə şeydir, bir orkestrin işini görür. Yaxşı, bir bizə izah elə görək, bu qəribə şeyin adı nədir?

Rafiq ciddiləşib dedi:

- Düzü, mən özüm də bu alət haqda az məlumatlıyam. Bir onu bilirəm ki, adı sintezatordur. Odur, bir baxın, elektrik naqilinə qoşulub. Elə buna görə də adına elektrik musiqi aləti də deyirlər. Yaşar demişkən, bu, bütöv bir orkestri əvəz edir. Mən indi burada məşq etdim. Gələcəkdə bir konserti, bir toyu bircə alətlə yola vermək olacaq.

Hamı güldü. Rafiq çox kövrək adam idi. Mən onu dost məclislərində şən və kədərli anlarda görmüşəm. Övladının yasında hönkür-hönkür ağladığının da şahidi olmuşam. Allah rəhmət etsin».

 

Vüqar Əhməd (şair):

«Radio və televiziyadakı bütün diktorların hamısı verilişlərimin mətnini oxuyub. Amma çox təəssüf ki, bircə Rafiq Hüseynov mənim proqramlarımın mətnini səsləndirmədi. O, hərdən bədii verilişləri səsləndirsə də, əsas işi rəsmi informasiya, xəbərlər idi. Rafiq Hüseynov sanki rəsmi xəbərlər oxumaq üçün yaranmışdı. Onun əsl Azərbaycan kişisinə xas olan əzəmətli, qaltanlı səs tembri, gözəl diksiyası, baxışları, səsindəki ahəng - hər şey çox mükəmməl idi. O bir dəfə televiziyada yaxşı mənada efir qaydalarını pozdu: ermənilərin özbaşınalıqları barəsində xəbəri səsləndirən zaman əsəblərini cilovlaya bilməyib, yumruğunu möhkəmcə masaya çırpdı. Bu, bəlkə də sovet televiziya məkanında ilk belə hadisə idi.

Sonradan ailəsində baş verən faciə, oğlunun ölümü ona çox pis təsir etdi. Kənardan nə qədər xoşbəxt görünürdüsə, şəxsi həyatında da bir o qədər uğursuzluqları oldu».

 

Natəvan Dəmirçioğlu (telejurnalist):

«Heyf Rafiq Hüseynovdan! Azərbaycan Teleradio Verlişləri Komitəsilə 1984-85-ci illərdən - hələ tələbəlikdən əməkdaşlıq edirdim. Rafiq müəllim AzTV-də işləyirdi. Azərbaycanda və bütün SSRİ məkanında tanınan diktor idi. Moskvanın Yeni illə bağlı «Mavi işıq» bayram proqramında dəfələrlə iştirakçı- aparıcı olmuşdu. O proqram sovetlərin hər bir məkanında baxılırdı. Bundan əlavə, Moskvada Azərbaycan ongünlüklərinin təqdimatçısı olurdu. Çox tanınırdı. Hətta, diktor peşəsini sənət səviyyəsinə qaldıran sənətkar idi Rafiq Hüseynov. Mən dediyim tarixdən, Rafiq Hüseynov AzTV-dən gedənə qədər bir kollektivdə işləmişik. Müəyyən fasilədən sonra indiki rəhbərlik onu yenidən ana televiziyamıza dəvət etdi, yenə kollektivimizin nüfuzlu nümayəndəsi oldu. Amma şəxsi münasibətim və yaxın söhbətim olmayıb onunla heç vaxt.

Yalnız bir gün… Əmim oğlu Politexnik İnstitutunu qurtarmışdı, diktor olmaq istəyirdi. Çox ziyalı bir insan olan əmim isə əsəbiləşirdi ki, sən diktor olmaq istəyəcəkdinsə, humanitar fakültələr seçərdin. Bu mübahisələrdə çıxış yolu kimi məsələni mənimlə çözməyi qərarlaşdırdılar. Mən onu AzTV-yə gətirdim ki, mütəxəssis diktorlar nə deyir. Xalq artisti, əsas diktorlardan biri xeyli söhbətdən sonra dedi ki, çox səviyyəli oğlandır, televizuallığı da əladır, amma ciddi bir məsələ var, bunda qulaq quruluşu elədir ki, qulağın kölgəsi düşəcək divara. Vəssalam, ümidsiz qayıtdıq.. Amma o, özünə əsas «kumir» saydığı Rafiq Hüseynovun rəyini bilmək istəyirdi. Rafiq müəllim həmin gün işdə yox idi. Rafiq müəllim kollektivdə seçilən, çox mədəni, çox ciddi və populyarlıqdan dolayı insanlarla ara məsafəsi böyük bir adam idi. Məsələn, qohumunu götürüb gedəsən ki, bu diktor olmaq istəyir, bu gəncin qabiliyyətini yoxlayın. Onunla belə davranmaq olmazdı. Hər halda mən bunu edə bilməzdim. Bir gün işin həyətində ona rast gələndə məsələni dedim. Çox kübarcasına «Gəlsin, baxaq» dedi. Gəldik, üçlükdə söhbət elədik. Söhbət əsnasında bir dəfə artıq AzTV-yə gəldiyimizi və məşhur diktorun söylədiklərini ona dedim. Rafiq müəllim, güldü. Necə güldü… Hətta biz qayıdanda əmim oğlu dedi ki, o güləndə bildim, bu kişi səviyyədir əməlli-başlı. Həqiqətən, ibrətli söz var: « Nəyə gülmək ağılın, necə gülmək mədəniyyətin göstəricisidir».

Rafiq Hüseynov dedi ki, yox, qulağın kölgəsi məsələsi indi asandı, işığı elə rakursdan verəcəklər ki, heç bir problem olmayacaq. Rafiq müəllim birdən qayıtdı ki, «Natəvan, (burada əlavə edim ki, əksərən insanlar mədəni görünmək üçün, hətta uyğun olmayan situasiyada «xanım» sözündən istifadə edirlər. O sadəcə adımı dedi, amma necə mədəni, səviyyəli göründü hər ikimizə) mən bu oğlanın dediyi kimi yaxşı diktor ola bilərəm, ancaq yaxşı diktor-aparıcı necə olmalıdır, onu sən məndən yaxşı deyə bilərsən buna. İndi gəl ikimiz birlikdə ona deyək ki, yaxşı diktor- aparıcı olmaq üçün nələr lazımdır».

Dedik, birini mən, ikisini o, üçünü mən, dördünü o. Mikrofon məsələsi… Aparıcı - diktor mikrofonu canlı hesab etməli, onun yüksək tribuna olduğunu qəbul etməli və həssaslığını unutmamalı… Aydın diksiyası, gözəl tembri, yüksək oxu texnikası, məntiqi vurğunu bilməyi, televizuallığı, savadı, intellekti, dünyagörüşü, səmimiyyəti, ünsiyyəti, mədəniyyəti…

Elə sonuncunu demişdim ki, Rafiq müəllim əlavə etdi: «Bir də görəcəksən qarşında oturan adamın səviyyəsi aşağıdır, amma vəzifəsi yüksəkdir. Sən bunu bilirsən, amma elə hərəkət etməlisən ki… ya da kimsə Xalq artisti adı alıb, bu səbəbdən verilişdə qonaqdır. Sən onu yaxşı tanıyırsan, çünki, bu sənətdə adam tanınmışları artıq tanıyır, onların cikini-bikini bilir, bu bəzən ümumu işin xeyrinə olmur, amma sən elə davranmalısan ki…».

Bir azdan söhbətimiz bitdi, gəldik, evdə soruşdular, «nə oldu?». Dedim, «əla, heç bir nöqsan demədi, artıq maraqlana, ərizə-zad hazırlaya bilərsiz». Oğlan etiraz elədi: «Yox mənlik deyil. O dediyi var idi ha, «bilirsən qarşında oturan kimdir, amma sən onun ictimai mövqeyinə görə davranmalısan». Mən belə işləri bacarmaram. Bir də ki, o nəhəngliyində adamla, o səviyyədə, o intellektdə insanla bərabər işləmək, gör nə deməkdi…». Unudulmaz Rafiq müəllimin bu acı günündə mən bir də onu xatırlayıram ki, Xalq artisti Roza Tağıyeva ilə Rafiq Hüseynovun ilk evlilikdən bir oğulları var idi. O oğlan faciəvi şəkildə həlak oldu. Bir vaxt mənim haqqımda çəkilən televiziya verilişinin mətnini oxumağa gələn Roza xanıma başsağlığı verdim. Nə qədər güclü və dözümlü xanım olsa da Roza xanım, bir-iki cümləlik dərdini də bölüşdü, hətta. Amma Rafiq müəllimə mən başsağlığı vermədim, verə bilmədim. Çünki o çox yüksək bir adam idi, hətta dərdini zirvədən ləyaqətlə çəkirdi, gizli. Həm də onunla işləyən insanlar üçün də Rafiq Hüseynov ekranın o üzündə idi…

Bu gün deyirəm, Allah Sizə də, ciyərparanıza - bircə oğlunuza da Rəhmət eləsin, Rafiq müəllim!».