vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
12:43 | 9 iyul 2022 | Şənbə Məqaləyə 2515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət”

Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda İslam dünyasının ən əziz bayramlarından biri – Qurban bayramı qeyd olunur. Prezident İlham Əliyev başda olmaqla ölkənin dövlət rəsmiləri və nazirləri KİV-lərdə, sosial şəbəkələrdəki rəsmi səhifələrində, bayram münasibətilə Azərbaycan xalqını, o cümlədən ölkəmizdən kənarda yaşayan soydaşlarımızı təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza ünvanlandığı bayram təbriki:

“Hörmətli həmvətənlər!

Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.

Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm.

Əziz bacı və qardaşlarım!

Ümidvaram ki, etdiyiniz dua və niyyətlər Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək, cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcəkdir.

Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!".

***


Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qurban bayramı təbrikindən: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!”

***


İqtisadiyyat naziri Mikayıl Cabbarovun bayram təbriki: “Xeyirxah əməllərin və bərabərliyin rəmzi olan mübarək Qurban bayramı münasibətilə sizi təbrik edir, cansağlığı, firavanlıq və xoş ovqat arzulayıram”.

***


Xarici işlər naziri Ceyhun Bayramovun bayram təbriki: “Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı  və dünya müsəlmanlarını ürəkdən təbrik edir, özündə xeyirxahlığı və həmrəyliyi tərənnüm edən bu əlamətdar bayramda hər bir evə cansağlığı, ruzi-bərəkət arzu edirəm.

Qurban Bayramınız Mübarək!”

***


Təshil naziri Emin Əmrullayevin bayram təbriki: “Xeyirxahlığın və həmrəyliyin rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edirəm. Allahdan hər bir evə ruzi-bərəkət, əmin-amanlıq və sağlamlıq arzulayıram”.