vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
12:11 | 11 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2484 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yalan yapışmadı...

Sabiq baş prokurorun qardaşı Şahin Həsənova böhtan atılması faktlarla sübut olundu

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD FOTO

Sabiq baş prokuror Eldar Həsənovun qardaşı Şahin Həsənova qarşı növbəti əsassız ittiham səslənir. Belə ki, virtualaz.org saytında Mərdanov Qardaşları küçəsi ev № 4, Mənzil №2 ünvanının keçmiş sahibi Çimnaz Cəfərovanın guya evindən məcburi çıxarılması barəsində müsahibəsi yayılıb. Yayılan materialda bildirilir ki, Şahin Həsənov guya Çimnaz Cəfərovanı məcbur edib ki, evini ona 5 min dollara satsın. Və iddialara əsasən, guya hətta bu pulu belə ala bilmədən Ç.Cəfərova evsiz qalıb.

Hadisə yeri faktları ortaya çıxarır

Hafta.az məsələ ilə bağlı araşdırma apararkən çox maraqlı məqamlarla rastlaşdı. Hadisələrin tamamilə başqa istiqamətdə inkişaf etdiyini elə adıçəkilən ünvandaca aydınlaşdırmaq mümkündür.

Sözügedən ünvanda məhəllənin maşınlarına 17 ildir nəzarət edən Adil Səməndərovla danışdıq. Bu kişinin o məhəllədə tanımadığı kimsə yoxdur, necə deyərlər “məhəllənin inini də tanıyır, cinini də”. 

Ç.Cəfərovanı da yaxından tanıyan Adil əmi sözügedən evin Ş.Həsənovla heç bir əlaqəsinin olmadığını deyir: 
“Şahin müəllimi də yaxşı tanıyıram. Uzun müddət qonşumuz olub. Onun siz deyən mənzillə heç bir əlaqəsi yoxdur. Burada əvvəl Çimnaz adlı bir qadın yaşayırdı oğlu ilə birlikdə. Bir az psixoloji problemi olduğunu düşünürəm. Qonşularla da yola getmirdi. Öz qapı qonşusunu pis söyüşlərlə təhqir etmişdi. Bir dənə də it saxlayırdılar, onun nəcisini gətirib tökürdü qonşuların evinin qarşısına. Qapı qonşusu ilə ədavəti olduğu üçün hətta bir dəfə iti bağlamışdı qapının ağzına ki, qonşu evinə girə bilməsin. O qadın buranı satandan sonra təxminən 20 gün öncəyə qədər burada Sədrəddin adlı biri ailəsi ilə yaşadı. Həmin Sədrəddin də başqa birinə evi satıb. Şahin müəllim bu məhəllədə yaşayıb və o zaman da hamının hörmətini qazanıb. İndi də bütün qonşular üçün hörmətlidir”.

Ç.Cəfərovanın keçmiş qapı qonşusu və əsassız iddialarda adı hallanan Natavan İsakova ilə də görüşmək imkanımız oldu. O bizimlə söhbətində bildirdi ki, Ç.Cəfərova uzun müddətdir ki, insanlara qara yaxmaqla məşğuldur. Qeyd edək ki, müsahibədə Ç.Cəfərova Natəvan İsakovanın da adını çəkərək bildirir ki, Natəvan və anası Leyla onlardan dəfələrlə 39-cu polis bölməsinə şikayət ediblər.

N.İsakova qeyd edir ki, sözügedən ünvanda tamamilə başqa adam yaşayıb ki, onun Ş.Həsənova dəxli yoxdur:

“Alqı-satqı müqaviləsinə də nəzər salsalar görərlər ki, Şahin Həsənovun məsələ ilə bağlı heç bir yerdə adı çəkilmir. Bu evdə əvvəllər Çimnaz, oğlu Hikmət və yoldaşı Elxan yaşayıb. Sonra onlar buranı 2002-ci ildə sənədli şəkildə Sədrəddinə satdılar. Çimnaz Cəfərova burada yaşadığı müddətdə bizim ailəyə xəsarətlər yetirib, pis söyüşlərlə təhqir etdiyi üçün onu polisə şikayət etmişik. Araşdırsanız polisdə bu sənədləri tapmaq olar. Onların psixoloji problemi olması əslində hamıya bəllidir. Səslənən fikirlər sadəcə şər və böhtandır. Daha bu qədər də ağ yalan olmaz. Təsəvvür edin ki, bu Çimnaz mənim anamın başın divara vurub. Anamın başında şiş əmələ gəlmişdi buna görə. Bütün dediklərim sənədli şəkildə məhkəmənin arxivində var. İndi bunun sözlərini necə ciddiyə alırlar?”.

N.İsakova vurğulayır ki, Çimnaz Cəfərovanın mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur:

“Onun evini alan şəxs Sədrəddin müəllim burada 12 ildir yaşayır. Bunu bütün qonşular bilir. Çimnazın hansısa saytda və ya kanalda bizim haqqımızda danışması əsassızdır. Həmin mətbuat orqanları özləri də gəlib məsələnin mahiyyətinə varsalar görəcəklər ki, yayımladıqları məlumat yalandan ibarətdir. Niyə gəlmirlər ki? İllərdir Sədrəddin kommunal xərcləri bizim gözümüzün qabağında özü ödəyir. Adi bu kimi sənədləri araşdırsalar görərlər ki, orada ödənişlər Sədrəddinin adına aparılıb. Çimnaz bizim üstümüzə it buraxırdı. Qarabağ əlili olan dayımın başını vurmuşdu həyətdəki kranta. Yəni o insanın ağılı yerində deyildi. İndi də hansısa məqsədi var, nə isə düşündüyü üçün belə böhtanlar danışır. Məhkəmə prosesində qonşular da bizimlə birlikdə şahid qismində iştirak edib. Onların da fikrini ala bilərsiz”.

Qonşu Marina Şükürova bildirir ki, Ş.Həsənov heç zaman 2 nömrəli mənzildə yaşamayıb. Çimnaz Cəfərovanı isə normal ağılda olan insan kimi tanımayıb:

“Mən bu evdə Şahin Həsənovun yaşadığını görməmişəm. Bu qədər də böhtan olmaz. Yadımdadır ki, burada Çimnaz adlı bir qadın oğlu ilə birlikdə yaşayırdı. Oğlu namaz qılan olsa da, heç kimlə normal yola getmirdilər. Dəfələrlə qonşularla sözləri düz gəlməyib. Mən onları normal ağılda biri kimi xatırlamıram”.

Marina Şükürovanın sözünü digər qonşular Lera Yakutofi və 70-dən yuxarı yaşı olan Nargilə Nəbiyeva da təsdiqləyir. Eyni zamanda, qonşu Rəfael Cəfərov da bildirir ki, Çimnaz Cəfərovanı çox gözəl tanıyır:
“Burada yaşayan Çimnaz deyilən xanım qonşular arasında Zema kimi tanınırdı. Onun iki adı vardı, kimi Zenfira deyirdi, kimi də Çimnaz deyərək çağırırdı. Yoldaşının da adı Elxan idi. Bu evdə oğlu Hikmət, Zema və Elxan birlikdə yaşayırdılar. Hikmət dəfələrlə qonşuların qızlarına sataşırdı. Özü namaz qılan olsa da, dinə uyğun hərəkətlər etmirdi. Şahin Həsənovun deyilən evə aidiyyəti yoxdur. Hər ikisi mənim qonşum olub. Haqq üçün söyləyim ki, Zema bir az əqli cəhətdən sağlam deyildi. Demək olar ki, heç kimlə yola getmirdi. Ümumiyyətlə nə danışdığını bilmirdi. Ancaq Ş.Həsənov burada yaşayan müddətdə böyükdən kiçiyə hamının hörmətin qazanmış adamdır. İndi başqa yerə köçsə də, yenə lazım olanda köməyimizə yetir. Hikmət bütün günü burda qışqırırdı, qonşu qıza deyirdi ki, sən evdə qalacaqsan, səni mən alacam. Yəni bir az əqli cəhətdən anormal idi. Və bunu da hamı bilir”.

Qonşuların hamısının eyni fikirdə olması əslində işin mahiyyətini açır. 


Yeni ev sahibinin adi səhv salınır


 Hafta.az-a bu məsələdə adı hallanan Şahin Həsənovla da əlaqə saxladı. Ş.Həsənov bildirir ki, səslənən bu iddialar onun üçün də qəribə gəlib: 

“Bu iddialar tamamilə yalandır. Çimnaz Cəfərova ilə indiyə qədər heç bir məsələ barəsində mübahisə etməmişik və ümumiyyətlə, bu şəxslə sadəcə bir zamanlar qonşu olmuşuq və onu qiyabi tanıyıram. Mən bu məhəllədən 1996-cı ildə ev almışam. Həmin mənzildə təxminən 14 il yaşadıqdan sonra buranı satıb başqa ünvana köçmüşəm. Yəni mənim Mərdanov Qardaşları küçəsində cəmi bir evim olub ki, bu da az öncə qeyd etdiyim mənzildir. Mənzil çox səsli-küylü yerdə olduğu üçün buranı satmaq qərarına gəldim. Mən buradan ev alan zaman məhəllədə 30-a yaxın ailə yaşayırdı. Hamısı da təsdiqləyə bilər ki, haqqımda mətbuata açıqlama verən Çimnaz adlı şəxslə mənim heç bir alqı-satqım olmayıb. Onun mənim haqqımda dedikləri də böhtandan başqa bir şey deyil”.

Ş.Həsənov vurğulayır ki, bəlkə də Çimnaz Cəfərova sadəcə adları səhv salıb:

“Bir qonşu kimi onu bu cür tanıyırdım ki, bir oğlu var idi. Səhv etmirəmsə, mənzildə ikisi yaşayırdı. Yəni o adamın həyat yoldaşını mən burada yaşadığım müddətdə görməmişəm. Mən hələ bu mənzildə yaşadığım vaxt eşitdim ki, Çimnaz adlı xanım bu mənzili Sədrəddin adlı kiməsə satıb. Qonşuların deməyinə görə, 2002-ci ildən bəri bu mənzildə Sədrəddin adlı həmin şəxs yaşayıb. Bəlkə də bu evi qadının yoldaşı satdığı üçün o, mənimlə Sədrəddinin adını səhv salıb. Çünki başqa cür ola bilməz, mən həmin insanı tanımıram. Bu illər ərzində işə gedib gələndə Sədrəddini görürdüm məhəllədə. Aramızda sadəcə salamımız var idi. Təxminən 20 gün olar eşitdim ki, Sədrəddin də bu evi başqa birisinə satıb. Mən burada yaşadığım müddətdə bütün qonşuların imkanım daxilində hər işinə kömək etmişəm. Məhəllədə yeri təmir etdirdim, uçuq yerləri düzəltdirmişəm. Yəni çalışdığım qədər ətrafımdakı insanlara yardım etməyə çalışmışam. Bunu qonşular da təsdiq edə bilərlər. Son olaraq demək istəyirəm ki, mənim bu məsələlərlə heç bir əlaqəm olmamış və bu gün də yoxdur. Adıçəkilən şəxslərdən heç birini demək olar ki, tanımıram”.

Araşdırmalardan məlum oldu ki, səslənən fikirlərin heç bir əsası yoxdur. Maraqlıdır bəs 2002-ci ildə başqa birisinə satılan evlə bağlı səslənən bu iddiaların nə qədər hüquqi əsası var?


Hüquqi rəy


Məsələ ilə bağlı müraciət etdiyimiz Vəkillər Kollegiyasının üzvü, mülki işlər üzrə ən çox populyar 
olan vəkil Vidadi Mahmudov bildirdi ki, bu iddiaların heç bir hüquqi əsası ola bilməz. Hüquqşünasın qeydinə əsasən, başqa birisinin adına olan evlə bağlı digərini ittiham etmək yanlışdır və hətta 2002-ci ildə satılan evlə bağlı heç bir məhkəmə icraata iş almaz. 

Ən konkret açıqlama isə mənzil-istismar sahəsinin ərazi üzrə təyin edilmiş nümayəndəsi Xamis Qasımovdan gəldi. O bildirir ki, mübahisəli mənzil sənədli şəkildə Sədrəddinə satılıb və Şahin Həsənovun bu alqı-satqı ilə əlaqəsi yoxdur:

“Bəhs edilən mənzili Sədrəddin alıb, o da yaxın günlərdə başqa birisinə satıb. Mən başa düşmürəm ki, axı sənədli evi necə başqasının adına çıxa bilərlər? Söhbət evdən gedir, daha bazardan alma-armud almırsan ki? Bu evin sənədləşməsi üçün Forma-1B və Forma-2 sənədləri tələb olunur. Forma-2-ni biz vermişik, orada da Sədrəddinin adı yazılıb, Şahin Həsənovun adı qeyd edilməyib. Yəni Sədrəddin mənzili qanuni şəkildə alıb. Şahin Həsənovun isə bu mənzillə heç bir əlaqəsi yoxdur”.

Bütün bu araşdırmalardan sonra məlum olur ki, sözügedən iddialar yalnız şər və böhtandan ibarətdir və Ş.Həsənova qarayaxmadır. Evlə bağlı əldə etdiyimiz sənədlər, kommunal xərcləri göstərən qəbzlər də belə evin Ş.Həsənovla bağlı heç bir əlaqəsinin olmamasını göstərdi.