vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:15 | 30 aprel 2018 | Bazar ertəsi Məqaləyə 1944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Akşenerin qələbə şansı...”

Türkiyədə yaşayan azərbaycanlı politoloq: “Əlbəttə ki, sürpriz ola bilər, bu seçkidir...”

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı çox ciddi proseslər start götürüb. Artıq sabiq baş nazir Əhməd Davudoğlu namizəd olmayacağını bəyan edərək, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib. Sabiq prezident Abdulla Gül də prezidentliyə namizəd olmayacağını açıqlayıb, lakin o, Ərdoğana dəstək verib-verməyəcəyi barədə qəti fikir bildirməyib.

Bütün bunlar seçki prosesini daha da qızışdırıb. CHP və İyi Partiya kimi əsas müxalif qurumların seçkilərə vahid namizədlə gedib-getməyəcəklərini məlum deyil. Əksəriyyət CHP lideri Kamal Kılıçdaroğlu və İyi Partiya başqanı Meral Akşenerin ayrı-ayrılıqda seçkilərə qatılacağını düşünür. Lakin bununla yanaşı, 15 CHP-li deputatın İyi Partiyaya keçməklə bu qurumun seçkilərdə iştirakını təmin etməsi vahid namizəd məsələsinin hələ də gündəmdə qaldığını deməyə əsas verir.

Digər aparıcı müxalif qurum olan MHP-nin isə seçki mövqeyi bəllidir. Milliyyətçi partiya AKP ilə birlikdə “Cümhur ittifaqı” yaradaraq seçkilərə gedir və Ərdoğanı dəstəkləyir.

Seçki prosesinin fonunda əsas müzakirələrdən biri də seçki kampaniyası dövründə Türkiyə daxilində qarşıdurmaların yarana biləcəyi, gərginliyin olacağı ilə bağlıdır. Qardaş ölkənin Qərblə davam edən gərgin münasibətlərinin fonunda daxilində ciddi təhlükələr yaşaya biləcəyi barədə narahatlıqlar səslənməkdədir. Qərbin hər vəchlə seçki prosesinə təsir etmək üçün hərəkətdə olacağı deyilir.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl açıqlamasında Türkiyədə gedən proseslərin heç birinin sürpriz olmadığını qeyd etdi: “Seçkilərə gedilməmişdən öncə də Abdulla Gülün mövqeyi bəlli idi. Onun mövqeyi hər zaman olduğu kimi, bu seçkilərdə də özünü göstərdi. Əhməd Davudoğlu və komandasının bu proseslərdə yeri bəllidir. Bu iki şəxsiyyət haqqında dəyişikliklərin olacağını düşünmürəm. Seçkilərin bu şəkildə həyəcanlı getməsi Türkiyə cəmiyyəti üçün normaldır. Ölkədə seçkilər hər zaman, xüsusilə, son illərdə daha aktiv şəkildə keçirilir. Tərəflər seçkilərə çox ciddi şəkildə hazırlaşır. Cəmiyyət də çox aktivdir. Açığı, bir mütəxəssis olaraq, seçkilərin sonuna qədər Türkiyədə hər hansı bir qarşıdurma, qarışıqlıq və digər məsələlər gözləmirəm. Amma Qərbin də öz maraqlarının olduğunu unutmayaq. Bu maraqlarının fonunda müəyyən addımlar atmağa çalışacaq. Amma seçkilərə açıq müdaxilə mümkün deyil. Türkiyə çox güclü dövlətdir. Kənardan müdaxilələrlə nəyisə dəyişdirmək çox çətin bir məsələdir. Burada iqtisadi təsir söz konusu ola bilər. Bəzi terror hadisələrinin olma ehtimallarına qarşı Türkiyənin hazırlıqlı olduğunu düşünürəm. 15 iyun hadisələri onu göstərdi ki, türk cəmiyyəti kənardan müdaxilələri sevmir, öz taleyini özünün həll etməsini sevir. Bu baxımdan kənar basqılar bir çox hallarda effektli olmur, əks effekt verir”.

Politoloqa görə, görünən gərginlik Türkiyədə hər zaman yaşanan atmosferdir: “Burada yeni bir şey yoxdur. Abdulla Gül hər zaman siyasətdə aktiv olmadığını göstərib. Mövqeyini, hər hansı bir məsələyə narazılığını ifadə edib, lakin açıq şəkildə onun müxalifət olacağını düşünmürəm. Onun son açıqlaması da bunun bir daha göstəricisidir. Gülün tənqidi mövqeyi bəllidir, əvvəl elədiyini təkrar etdi. Amma açıq şəkildə qarşıdurmaya gedəcək mövqe sərgiləyəcəyi ehtimalları olduqca azdır”.

Politoloq iqtidar və müxalifətin seçkilərdəki şansları barədə də danışdı: “Bu barədə hələ ki danışmaq çox tezdir. Çünki proseslər hələ başdadır. Tərəflər hazırda bütün kartlarını açmayıblar. Ona görə bir söz demək çox çətindir. İqtidarın bir qədər vəziyyəti asandır. Çünki əvvəlcədən MHP ilə ”Cümhur ittifaqı" qurub, nə etdiklərini bilirlər, namizədləri də bəllidir. Amma müxalifətə gəldikdə, burada tamam fərqli situasiya yaşanır. Tam şəkildə namizədin kim olduğu da bilinmir. Ona görə bir çox şeyləri söyləmək olduqca tezdir. Bunları tərəflər öz mövqelərini tam şəkildə bəyan edəndən sonra görəcəyik. Müxalifətin namizəd məsələsi ilə bağlı bəzi ehtimallarım var, yalnız onları deyə bilərəm. Müxalifət partiyası geniş koalisiya qura bilməsə, ayrı-ayrı namizədlərlə seçkilərə gedəcəklər və ikinci tur olarsa, vahid namizəd ətrafında birləşəcəkləri ehtimalları yüksəkdir. Amma vahid namizəd üzərində anlaşa da bilərlər. O zaman geniş müxalifət koalisiyasını ilk turda görə bilərik. Lakin indiki şəraitdə bu çətindir. Çünki tərəflərin hamısı yola gətirilməlidir. Türkiyədə müxalifət-iqtidar anlayışı artıq dəyişib. Çünki dünənə qədər MHP müxalifət idi, amma bu gün AKP ilə müttəfiqdir. Bu da onu göstərir ki, dəngələr çox dəyişkən və həssasdır. Siyasi maraqlar və gedişlər çox rəngarəngdir. Daha dəyişik prosesləri bundan sonra da gözləyə bilərik. Bizlər optimistik, yəni falçı-filan deyilik. Türkiyədə hazırda bir çox şərtlər var ki, bunu hər kəs bilir. Müxalifətin namizədi kim olacaq, onu cəmiyyətdə yeri necədir, belə bir isim varmı kimi suallar ehtimallar üzərində qurulub. Hazırkı müxalifət liderlərinin Ərdoğanı məğlub etmələri çətin görünür. Çünki Ərdoğan digər siyasi liderlərə fərq ata bilir - Baxçalı də başda olmaqla. İrəli kimin çıxarılacağını indidən söyləmək olduqca çətindir. Müxalifətin hansı namizədi önə çəkəcəyi, onun kimliyi məlum olandan sonra müəyyən proqnozlar vermək mümkündür. İndi heç bir proqnoz vermək olmur. İndiki siyasi liderlərin təkbaşına Ərdoğanı məğlub etmək gücündə olmadıqları sosioloji sorğularda da özünü göstərir. Hazırkı vəziyyətdə “Cümhur ittifaqı”nın şansı daha çoxdur”.

T.İsmayıl M.Akşener fonunda qadın faktorunun proseslərdə mühüm rol oynadığını vurğuladı: “Akşener siyasətə böyük gözləntilərlə gəldi. Bəzilərinin ümidləri çox yüksək idi, qadın faktoru burada, şübhəsiz ki, öz təsirini göstərə bilər. Amma təkbaşına Akşənərin Ərdoğanı məğlub etmə imkanları proqnozlarda özünü göstərmir. Sürpriz ola bilərmi, əlbəttə, ola bilər. Bu, seçkidir, nəticələrdən hər şey gözlənilir. Türk milləti çox həssasdır. Seçkilərə 50 gündən artıq qalır. Burada hər şey dəyişkəndir. Seçkilərin bu şəkildə həyəcanlı, maraqlı keçməsinin səbəblərindən biri də odur ki, bütün tərəflərin burada maraqlarının olmasıdır. Kimin qazanıb, yaxud məğlub olacağını demək çox tezdir”.

Politoloq kürdlərin partiyası olan HDP-nin mövqeyinin seçkinin nəticələrinə təsir edib-etməyəcəyi barədə də danışdı: “Kılıçdaroğlunun tək namizəd olma ehtimalları çox azdır. Olarsa belə, qazanma şansları da çox azdır. Burada siyasətçilər bizdən daha çox bilgiyə sahibdirlər, əllərində məlumatlar var. Buna uyğun şəkildə hərəkət edəcəklər. HDP-nin mövqeyinə gəlincə, zənn etmirəm ki, hər hansı bir namizədə səs versinlər. Çünki onlar öz namizədlərini çıxarmağa çalışacaqlar. Səs versələr belə, bu, gizli anlaşma şəraitində ola bilər. Bu da dediyim kimi, siyasi bazarlıqlardan asılıdır”.