vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
OLAY  
17:34 | 4 aprel 2014 | Cümə Məqaləyə 2416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azpetrol» sürücüsünə sahib çıxmadı

Şirkətin hüquqşünası: «Hazırda onun barəsində hansı işlər həyata keçirilir bundan xəbərsizik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə «Azpetrol» şirkətlər qrupunun sürücüsü, 47 yaşlı İlqar Paşayevin arasında yol nəqliyyat hüquqpozması zamanı yaranan mübahisə və bu olayın sonradan dava-dalaşa çevrilməsi sürücünün həbsi ilə nəticələndi. Yayılan məlumatlarda hadisəyə səbəb kimi R.Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması olduğu göstərilir.

Qeyd edilir ki, hakim qaydanı pozmasına baxmayaraq, avtomobildən düşərək sürücünü söyməyə başlayıb və sonra onu vurub. İlqar Paşayev da onun hərəkətlərinə cavab verib. Hakim hadisə yerindən Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsində rəis müavini işləyən oğlu Bəhruz Əliyevə zəng edib. Bir neçə polis əməkdaşı ilə hadisə yerinə gələn B.Əliyev İ.Paşayevi döyərək bölməyə aparıb. Hakim və onun polis zabiti olan oğlu bunu qətiyyətlə rədd edirlər.

Bu olayda kimin haqlı, kimin haqsız olduğunu bir kənara qoyub, sürücü İ.Paşayevin həbsinə qədər çalışdığı «Azpetrol» şirkəti ilə əlaqə saxladıq. Şirkətin hüquqşünası Rəcəb Nurəliyevdən sürücünün durumu, harada saxlanılması haqda soruşduq. Cavabı belə oldu:

- Bizdə olan məlumat budur ki, hazırda istintaq gedir. İlqar Paşayevin vəkili deyilik ki, gedib işin gedişatı ilə maraqlandıq. 

 

- «Azpetrol» şirkəti öz işçisi olan sürücüyə vəkil tutubmu? 

- İlqar Paşayev şirkətin sürücüsü olsa da, onun həbsi bilavasitə şirkətin fəaliyyəti ilə bağlı deyil. Ona elan olunmuş ittiham şəxsi zəmində baş vermiş münaqişəni tövsif edən maddədir. Bu baxımdan şirkətin bu məsələyə qarışacağı yoxdur. Onun ailəsi bu işlə məşğuldur. 

 

- Sürücünün həbsi müddətində şirkət onun ailəsinə yardım edəcəkmi, əmək haqqını ailəsinə ödəyəcəkmi?

- Hadisə baş verəndən sonra bizə məlumat verildi ki, belə bir hadisə olub. İlqar Paşayevin istintaq təcridxanasına aparıldığı bildirildi. Hazırda onun barəsində hansı işlər həyata keçirilir bundan xəbərsizik. Yəni sizə dəqiq məlumat verə bilməyəcəyik.

 

- Bu sualların «Azpetrol» şirkətinin hüquqşünası olaraq sizə ünvanlağımız bu hadisənin iş günü, sürücü İlqar Paşayevin iş başında olduğu vaxt baş verməsi ilə əlaqədardır. Sürücü özünün deyil, sizin şirkətin yükünü daşıdığı bir vaxtda belə bir hadisə ortaya çıxıb. Belə olduğu halda şirkətin sürücüyə sahib çıxmaması anlaşılmır…

- Şirkətin İlqar Paşayevə sahib çıxıb-çıxmamasından söhbət getmir. Sürücü vəzifə funksiyalarını həyata keçirərkən, şirkətin işi, yükü ilə bağlı hər hansı bir münaqişəyə yol verməyib. O, yol hərəkət hadisəsi nəticəsində baş vermiş münaqişədir və şəxsi zəmində meydana çıxıb. Nə o biri tərəfin tutduğu vəzifəyə, nə də İlqar Paşayevin işi ilə bağlı olan hadisə deyil, sırf şəxsi zəmində olub. Sabah «Yeni Müsavat» əməkdaşı gedib elə «Azpetrol» işçisi ilə mübahisə etsə, münaqişəyə girsə qəzet olaraq buna reaksiya verəcəksiz? 

 

- Əlbəttə, yox. Amma «Yeni Müsavat» əməkdaşı qəzet rəhbərliyinin tapşırığı əsasında reportaj hazırlayırsa və belə bir olay qarşı tərəfin günahı üzündən baş verirsə, əlbəttə ki, qəzet əməkdaşını müdafiə edəcək. Axı hazırda bu məsələdə kimin haqlı, kiminsə haqsız olması məlum deyil və təmsil etdiyiniz şirkət sürücüsünə sahib çıxmır. Bu qarşı tərəfin daşıdığı vəzifə ilə əlaqədar deyil ki? 

- Əgər siz bizim sürücüyə sahib çıxmamağımızı ona vəkil tutmamağımızda görürsüzsə, səhv edirsiz. 

 

- Əvvəldə belə bir sual verdik ki, şirkət sürücüyə vəkil tutubmu?

- Bizdə olan məlumata görə, ona vəkili qardaşı tutub. Biz şirkət olaraq İlqar Paşayevin barəsində hər hansı qərar qəbul olunana qədər Əmək Məcəlləsinə müvafiq olaraq iş yerini saxlayırıq.

- Adından da məlumdur ki, orada qəza baş verib və belə bir hadisə ortaya çıxıb. 

- Orada qəza olmayıb. 

 

- Bəs bu hadisə niyə görə baş verib? 

- Qəza nədir? Maşınların toqquşmasıdır, maşının yoldan çıxıb maneəyə çırpılmasıdır. 

 

- Mənim yolumun üstünə qırmızı işığa məhəl qoymayıb, və ya «yol ver» nişanının tələbinə əhəmiyyət verməyib maşın çıxırsa və idarə etdiyim nəqliyyat vasitəsi yoldan çıxırsa, bu da qəzaya bərabər pozuntudur. Vacibdir ki, mən idarə etdiyim maşını yoldan çıxıb maneəyə çırpım? Şahidlər orada qarşı tərəfin qəza şəraiti yaratmasını deyirlər. Amma sizin sürücü həbs olunur! Buna münasibətiniz isə anlaşılmır.    

- Bu qəza deyil. Əgər maşın harasa toxunsaydı, Allah eləməmiş, kiməsə dəysəydi, bu, qəza olardı.

 

- Məlumdur ki, həmin münaqişə situasiyası sürücünüzün səriştəsizliyi, tələskənliyi, yol hərəkəti qaydalarını pozması üzündən meydana gəlməyib…

- Siz bunu jurnalist araşdırması nəticəsində deyirsiz. Əsl həqiqəti isə istintaq araşdırması üzə çıxaracaq. 

 

- Dediklərinizdən belə təəssürat yaranır ki, sizin şirkətin sürücüsü İlqar Paşayevin hakim Rauf Əliyevlə əvvəldən hansısa münaqişəsi, mübahisəsi olub. Bu belədir? 

- Bu haqda məlumatsızıq.

Vəkil Səyyad Məmmədov isə «Yeni Müsavat»a bildirib ki, sürücü İlqar Paşayevin qardaşı onunla müqavilə başlayıb: «Orderi bu gün (aprelin 4-də) götürmüşəm. Həftənin əvvəli gedib İlqar Paşayevlə görüşəcəyəm. Bundan sonra nəsə demək mümkün olacaq».

Xatırladaq ki, İ.Paşayev barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə olunmaqla törədildikdə) ilə cinayət işi başlanıb.