vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
09:36 | 6 aprel 2014 | Bazar Məqaləyə 2570 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«BTC-yə Rusiya təhlükəsi realdır»

Natiq Miri: «Ərdoğanın səfərini ilk növbədə Rusiyaya «Azərbaycan tək deyil» mesajı kimi dəyərləndirmək lazımdır»

KƏNAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı-Tiflis-Ceyhan boru kəmərinin Gürcüstandan keçən hissəsində bəzi bölgələr rus ordusunun nəzarəti altına düşüb. Ötən gün yayılmış məlumatda qeyd olunur ki, rus sərhədçilərinin Gürcüstanın əsas magistralının kənarına işğal olunmuş Tsxinvali regionunun ərazisini göstərən banner quraşdırıblar. Yayılmış məlumatlara görə, kəmərin bir hissəsi işğal olunmuş ərazidə qalıb və ona rusiyalı sərhədçilər nəzarət edirlər. Qeyd edək ki, hələlik Gürcüstan rəsmiləri hələlik məlumatı təsdiqləmirlər.

Gürcüstanın Azərbaycandakı səfirinin birinci müavini Axa Abzaladze isə axar.az-a açıqlamasında BTC ilə bağlı heç bir narahatlığa əsas olmadığını deyib. Diplomat Cənubi Osetiyanın işğalından sonra Bakı-Tiflis-Ceyhan xəttinin bir hissəsinin nəzarət olunmamış torpaqların yaxınlığında yerləşdiyini təsdiqləsə də, layihənin beynəlxalq əhəmiyyət daşıdığı üçün təhlükə olmadığını deyib. Sitat: «Bu, beynəlxalq layihədir. Beynəlxalq layihə isə hər zaman nəzarətdə saxlanılır. Bakı-Tiflis-Ceyhan neft kəməri ilə bağlı heç bir təhlükə olmayacaq».

Bununla belə, faktın özü Azərbaycan üçün ciddi xəbərdarlıq hesab oluna bilər. Məsələ ondadır ki, Rusiya onun nəzarətindən kənarda Qafqazdan enerji ehtiyatlarının dünyaya çıxışını təmin edəcək boru kəməri layihəsinə hələ əvvəldən qarşı olub, çünki bu, birbaşa Rusiyanın maraqlarına zidd hesab olunurdu. Moskva fürsət düşdükcə BTC-nin fəaliyyətinin dayandırmasına nail olmağa çalışıb.

İndi isə vəziyyət dəyişib və Rusiya bölgədə yenidən fəallaşıb. Artıq Ukraynadan sonra «tabe olmayan» Gürcüstan və Moldovaya qarşı təzyiqləri işə salan Moskva BTC üzərində nəzarət yaratmaqla Gürcüstanla yanaşı Azərbaycanı da təzyiq altında saxlamağa çalışa bilər.

Rəsmi Bakı hələlik bu olaya reaksiya verməsə də, hökumətin sakit qalmadığı açıq-aydın görünür. Maraqlıdır ki, bir gün əvvəl (BTC ilə bağlı xəbər çıxan gün - K) Bakıya səfərə gələn Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın gündəmində enerji məsələləri və hərbi əməkdaşlıq mövzuları vardı. Belə görünür, Rusiyanın aqressiv siyasəti Azərbaycan rəhbərliyi ilə yanaşı bölgədə maraqları olan Türkiyəni də narahat edir. Ərdoğan hava limanında verdiyi brifinqdə BTC-nin əhəmiyyətinə vurğu edib. Bu isə baş nazirin gündəmində BTC-nin də olmasına daha bir işarədir.

Siyasi şərhçi Natiq Mirinin fikrincə, Rusiya hazırda Gürcüstana qarşı aqressiya siyasətini davam etdirir. Ekspertə görə, əgər qabaqlayıcı addımlar atılmasa Rusiya post-sovet məkanında aqressiv siyasətini davam etdirəcək: «Rusiya Gürcüstanın işğal etdiyi Abxaziya ərazisindən sərhədləri tədricən Gürcüstanın içinə doğru dəyişir. Bununla bağlı Gürcüstan rəhbərliyi bir neçə dəfə həyəcan təbili çalıb. Beynəlxalq hüquq və təhlükəsizlik sisteminin işləmədiyi bir vəziyyətdə bu təhlükə realdır. Çünki Qərbin tədricən Rusiyanın enerjidaşıyıcılarından imtina etdiyi vəziyyətdə Avropaya gedən bütün kəmərləri nəzarəti altına ala bilər. Rusiya düşünür ki, köhnə dünya düzəniylə bu geosiyasi məkanlar onların təsir dairəsidir və heç bir qüvvə, eyni zamanda NATO bu ərazilərə müdaxilə edə bilməz. Əslində isə bu təhlükə bütün postsovet ölkələrinin hamısına aiddir. Bunu birmənalı olaraq Qərb anlamalıdır və sözdən real tədbirlərə keçilməlidir. Artıq Gürcüstanın NATO-ya qəbul olunması məsələsi təxirəsalınmaz reallıqdır. Əks təqdirdə, Rusiya Krımla kifayətlənməyəcək və əski imperiyanın bərpasını davam etdirəcək».

Ərdoğanın Azərbaycana səfərinin bütövlükdə təhlükəsizlik məsələsi ilə bağlı olduğunu qeyd edən N.Mirinin fikrincə, Türkiyə baş nazirin və ordu komandanının Bakıya səfərləri Azərbaycana dəstək məqsədlidir: «Türkiyə ordusunun Baş Qərargah rəisi Necdət Özəlin böyük bir heyətlə Azərbaycana gəlişi də sübut etdi ki, əsas mövzu təhlükəsizlikdir. Düşünürəm ki, Ərdoğanın Azərbaycan prezidenti ilə görüşündə Türkiyənin kritik vəziyyətlə prosesdə hansı səviyyədə iştirakı məsələsi müzakirə olunub və razılaşdırılıb. Bunun detalları isə baş qərargah rəisinin Müdafiə Nazirliyimizdəki görüşündə həll olunduğunu demək olar. Bu səfərləri həm də Rusiyaya «Azərbaycan tək deyil» mesajı kimi dəyərləndirmək lazımdır. Belə səfərlər Azərbaycan üçün çox önəmlidir və reallıqları özündə daşıyır, nəinki Azərbaycanın NATO-ya qəbulu kimi illüziyalar. Çünki təhlükə heç zaman olmadığı kimi realdır və bu kontekstdə qardaş Türkiyənin baş nazirinin təcili xarakterli səfəri prosesin qarşısını almaq üçün caydırıcı xarakter daşımaqla bərabər, özündə həm də praktik davranışları ehtiva edir».