Sirus Təbrizlidən gənclərə çağırış
Sabiq nazir başı üstə dayandı, velosiped sürdü və gəncliyin nümunə götürməsini istədi
ELŞAD, musavat.com
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Hər an təhlükədir»
Velosipedçilər niyə tez-tez öldürülür və xəsarət alırlar?
-
... Bəs velosiped yolları da olacaqmı?
Azərbaycan velosiped istehsalına başladı, ...
-
«Manevr qaydalarını pozurlar…»
Piyada və velosipedçiləri yollarda kimlər öldürür?
-
Vəliyevdən Abutalıbova dərs
İcra başçısı Gəncəyə tramvay xətti və velosiped yolu çəkdirir
YAP-ın “Dədə Qorqudu”, keçmiş nazir Sirus Təbrizli ilə “Çız-bız hamamı”ndakı söhbət yəqin dəyərli oxucularımızın yadındadır. Bir neçə il öncə qarlı qış günündə “Hyatt Regency” hotelinin həyətindəki hovuzda soyuq suda üzdükdən sonra o, qarda yuyunmuş, soyuq suyun fəlsəfəsindən söhbət açmış, bu mənzərəni əks etdirən fotolarının çəkilib yayılmasına razılıq verməklə Azərbaycan gəncliyini sağlamlığının qədrini bilməyə, idmana həvəsləndirmək niyyətini ortaya qoymuşdu. Bu dəfə Sirus Təbrizli ilə yay günündə görüşdük. Zağulbada dəniz kənarının füsunkar mənzərəsini özündə cəmləşdirən dövlət bağında istirahət edən eks-nazir maşallah-namxuda, 71 yaşını tamamlamasına baxmayaraq, yenə də əvvəlki kimi gümrah, sağlam və idman vərdişlərinə sadiqdir. Həyətdəki çəmənlikdə peşəkar idmançılar kimi bir göz qırpımında başı üstə dayandı, ayaqlarını havada müxtəlif formalarda saxlayaraq hətta bir neçə dəqiqə ərzində bu sətirlərin müəllifi ilə söhbətləşdi və bu idman növünün faydasından bəhs etdi:
“Baş üstə dayanmağın ən birinci faydası odur ki, bu, insanda iradəni tərbiyə edir. Əyilib ayaqqabının bağını bağlayanda bəzən hiss edirsən ki, necə çətin olur. Amma burada sən birdən başın üstə qalırsan, ürək yuxarıda, beyin aşağıda qalır. Bu zaman qan beyinə yüksək təzyiqlə gedir, faktiki olaraq insan özünü insulta təhrik edir. Təbii ki, çox təhlükəlidir. Ancaq bu şəkildə qan bütün bədən üzrə dövr eləyir". S.Təbrizli deyir ki, indiyədək başı üstə ən çox 17 dəqiqə dayanıb:“Bu isə 1992-ci ilin qışında, Naxçıvana getməmişdən əvvəl olub. İndi də 10-20 dəqiqə dayana bilərəm. Ancaq gərək bunun üçün heç yerin ağrımasın, nə başın, nə boynun. Adamlar var ki, başı üstə dayanmağı öyrətmişəm, ancaq sonradan deyiblər boynumda ağrı hiss edirəm. Demək, onun üçün başı üstə dayanmaq təhlükəlidir". Deyir bu, yoqanın ən çətin və təhlükəli növüdür, amma əlasıdır: “Bu, əvvəl bir az çətin olur, ancaq sonra öyrəşirsən. Özü də gərək bundan zövq alasan. Hərdən olur musiqi səslənir, bir-iki mahnı qoyuram, oxuyur, bu da 4-5 dəqiqə çəkir və dayanıram. Amma gərək ehtiyatlı olasan, hər şey ola bilər".
Gülərək danışır ki, onun “şagirdləri”nin bir çoxu soyuq suya mehr salıb: “Universitetin dosenti var, deyir neçə illərdir bu vərdişdən ləzzət alıram. Artıq Etibar Məmmədov da ”Hyatt Regency"də idmana başlayıb, qışda “Cız-Bız hamamı”na gəlir. Onurğasında problem var idi, artıq əməliyyatsız müalicə olunub. Mən başqa heç kimə qalib gələ bilmirəmsə, heç olmasa özümə zülm etməliyəm. Belə oldu da torpaqları itirdik. Mən gecə neçə ki, idman edib gəlirəm başıma soyuq su tökürəm ki, xəstələnməyim, sızıldamayım, inildəməyim".
S.Təbrizli gənclərə də müraciət etdi: “Həyat başdan-ayağa mübarizədir. Mən cavanlara onu demək istəyirəm, güclü olun. Bir dəfə ziyalılardan biri dedi ki, sənin yazını oxudum, ağladım. Dedim, ə kişi, mən onu ağlamaq üçün yazmamışdım. Sabir deyir kişi ağladıqca qeyrətsiz olur. ”Cız-bız hamamı"nda mənim klubum var idi, soyuq suda çimənlərdən ibarət bir klub. Biz heç vaxt bir-birimizə kin-küdurət bəsləmirdik. Necə ki, alpinistlər heç vaxt bir-birindən qeybət eləmir, çünki dağa qələbə çalmaq istəyir. Gərək bir, hər birimiz bu ruhda böyüyək. Belə vətəndaşlarla dövlət güclü olur".
Bu məqamda məlum olur ki, bayaqdan çəkdiyim fotolar aparatın yaddaşında qalmayıb.
Odur ki, Sirus bəyə bir az da tərəddüdlə bayaqkı nömrələri təkrarlaya biləcəyini soruşuram. “Burda nə problem var ki” deyərək kepkasını kənara qoyur və bayaqkı pozaları təkrarlayır. Bu dəfə də başı üstə xeyli dayanır və bu arada onun fotolarımı çəkməyimə imkan yaradandan, hətta aparatın yaddaşını yoxlamağımı istəyəndən sonra “bəsdirmi, yoxsa bir az da dayanım”, soruşur. Müsbət cavab alandan sonra göy çəmənin üstündə böyrü üstə uzanıb başqa bir maraqlı əhvalatı danışır: “Mənim idealım bilirsənmi kim olub? Məni ilk dəfə sovet vaxtı ”KQB"-yə alman admiralı K.Beynsə görə aparıblar. Bu adam Hitlerin admiralı olub və Hitler özünü öldürəndə deyib ki, özündən sonra ölkəyə Beyns rəhbərlik edəcək. Hətta bu admiral 9 gün Hitleri əvəz etdiyi üçün ona 57 yaşında 10 il iş veriblər. Təsəvvür edin ki, bu adam ilk gündən kameranı ölçür ki, “gündə nə qədər ora-bura gəzməliyəm ki, çıxanda çəkimi itirməyim”. Bu adam həbsxanadan əvvəlkitək gümrah, sağlam çıxır və 80 ildən çox yaşayır. Biz azadlıqda deyirik ki, “idmana vaxtım yoxdur, buram, oram ağrıyır”. Demək, mən o vaxt məktəbdə müəllim idim, disput təşkil etmişdim. Orda 7-ci sinifdə Olqa adlı şagird soruşdu ki, müəllim, həyatda sizin idealınız kimdir. Mən də dedim admiral Beynsdir. O vaxt Lenin, Pavlik Morozov və s. dəbdə idi axı. Mənsə dedim admiralın iradəsinə həsəd aparıram. Sonradan bir alçaq məni satdı. “KQB”-də dedim, əşi, mən bir kişi kimi onun iradəsinə həsəd aparmışam, nə fərqi var faşist, ya amerikanlının iradəsidir, sonra əl çəkdilər. Odur ki, mən iradəli adama hörmət edirəm. O baxımdan Heydər Əliyevə də hər zaman böyük hörmətim olub. O zaman o yıxıldı, durdu, yıxıldı yenə durdu. Cavanlar bundan öyrənsinlər, heç olmasa iradəli olaq". Sükan arxasında oturur, bu dəfə dəniz sahilinə enirik. Oksigenlə zəngin məkanda dincələnlər, dəniz havası alanların sayı, görünür, axşam düşdüyündən nisbətən azdır. S.Təbrizli deyir ki, hər gün azı 600 metr üzür: “Harda oluramsa-olub, gün ərzində vaxt ayırıb 25-30 dəqiqə üzməliyəm. Qışda dənizdə üzüb sonra orda (əli ilə yaxınlıqdakı tikilini göstərir-E.P.) isti duş qəbul edirəm. Həmçinin hər gün 1 saat gəzirəm. Çalışıram övladlarım da tənbəlliyə öyrəşməsin, onları da özümlə gəzdirirəm”. Çimərlik paltarı götürmədiyindən dənizə baş vurmasına təkid etmirik. Bir də ki, üzmək məharətini “cız-bızlı hamam”da görmüşük də...
Geri qayıdırıq. Hə...Sirus bəyin bir məşğuliyyət də var. Həyətdə saxladığı velosipedinə də vaxt ayırır: “Hər gün velosiped sürürəm və zövq alıram. Nə qədər yorğun olsam da azı 50 dəqiqə velosiped sürməyə vaxt ayırıram. Mənim günüm belə keçir, idman, mütaliə, nəvələrim, ailəm”.
S.Təbrizli qarşısına uzun yaşamaq məqsədini qoymayıb: “Ümumiyyətlə, əsas odur ki, insan özünə əziyyət versin, tərləsin, zərərli maddələr çıxsın. Nə qədər adama bunu öyrətmişəmsə mənə minnətdardır. Neçə ildir mən qrip-zad olmuram. Burda söhbət getmir ki, mən çox yaşayacağam. Təbii ki, o Allahın işidir. Çıxarsan yola, ”KAMAZ" çıxar üstünə, yerində qalarsan, baxmaz ki, idmançısan, ya nəsən. O, Tanrının işidir. Amma keyfiyyətli yaşamaq səndən asılıdır. Mən xəstə vəziyyətdə 38 gün Naxçıvanda qala bilərdim? Başıma dəsmalı bürüyürdüm, qazsız, işıqsız otaqda qalırdım, Bəylər, Vasif şahiddir. (Bəylər Əyyubovla Vasif Talıbovu nəzərdə tutur-E.P.) Heydər Əliyev deyirdi “sən o soyuqda necə qalırsan... Məni bu gün lap türməyə salsınlar, orda isti-soyuq su olsa, bəsimdir”. S.Təbrizli velosipedini işə salır, hətta ayaqqabılarını da çıxarıb həyəti bir neçə dəfə velosipedlə dövrə vurur və yerinə qaytarır...