vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
PROBLEM  
21:07 | 4 iyun 2017 | Bazar Məqaləyə 3995 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Manevr qaydalarını pozurlar…»

Piyada və velosipedçiləri yollarda kimlər öldürür?

Gülnar ƏLIYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

İnkişaf etmiş əksər ölkələrdə velosiped həm tıxaclardan qurtarmaq, həm də ekoloji problemlərin həlli üçün ən yaxşı nəqliyyat vasitəsi hesab olunur. Maddi baxımdan da sərfəli olan bu nəqliyyat vasitəsindən istifadə edənlər arasında dövlət məmurlarından tutmuş sadə insanlara qədər hər kəsi görmək olar. Amma bütün dünyada aparıcı nəqliyyat vasitəsi olan velosiped Azərbaycanda hələ ki, qəzalarla aktualdır. Əksər hallarda velosipedçinin həyatını itirməsi və ya travma alması ilə nəticələnən belə hadisələri görmək üçün statistikaya nəzər salmaq kifayətdir.

İyunun 1-i Ələt-Astara magistralının Lənkərandan keçən hissəsində vurulan 25 yaşlı velosipedçi Zamin Xəlilov dünyasını dəyişib. Velosiped «Volkswagen» markalı avtomobillə toqquşub. Velosipedçinin içkili vəziyyətdə olduğu bildirilir.

Bir neçə gün öncə Lənkəranda qəzaya düşən velosipedçi də dünyasını dəyişib. Hadisə Ələt-Astara magistralının 204-cü kilometrliyində baş verib. Sütəmurdov kənd sakini, 52 yaşlı Tərlan Ələsgərovun idarə etdiyi velosiped «VAZ» markalı avtomobillə toqquşub.

May ayının 28-də isə Salyanda «Muravey» markalı kiçik tutumlu yük motosikleti ilə velosiped toqquşub. Hadisə nəticəsində velosipedçi, 1970-ci ildə anadan olmuş Salyan rayon sakini Hüseynov Kamran Soltan oğlu qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Aprelin 26-da Astarada Azadlıq küçəsində «VAZ 2107» markalı avtomobil yolun kənarı ilə velosipedlə hərəkət edən Astara sakini, 1979-cu il təvəllüdlü Nahid Şaban oğlu İsmayılovu vurub. Ağır kəllə-beyin travması alan N.İsmayılov hadisə yerində keçinib.

Aprelin 29-da Xəzər rayonunun Xaşaxuna qəsəbəsi ərazisində şəhər sakini Mübariz Seyidov idarə etdiyi «Mercedes» markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakini, 61 yaşlı Elman İmranovu vurub. Yanındakı yoldaşları tərəfindən 3 saylı xəstəxanaya yerləşdirilən E.İmranovda açıq kəllə-beyin travması aşkar edilib. Həkimlərin səylərinə baxmayaraq Elman İmranovun da həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən Elman İmranov hadisə vaxtı Pirallahı yolunda digər 7 yoldaşı ilə velosiped sürürmüş...

Bu velosiped qəzaları ilə bağlı statistikanın kiçik bir hissəsidir. Bəs velosiped qəzalarının sayının bu qədər artması nə ilə bağlıdır? Bəlkə biz velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə etməyə hələ hazır deyilik?


Əyləncə və idman vasitəsindən nəqliyyat vasitəsinə


Son vaxtlar velosiped qəzalarının artmasını ekspertlər də təsdiqləyirlər. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, bu qəzaların artması velosipedlərdən ölkə yollarında nəqliyyat vasitəsi kimi istifadə meylləri ilə bağlıdır: «Son vaxtlara qədər Azərbaycanda velosipeddən əyləncə və idman aləti kimi istifadə olunurdu. Dünyanın hər yerində velosiped insanların işə, evə, alış-verişə və sair getmələri üçün əsas nəqliyyat vasitələrindən biridir. Yavaş-yavaş yollarımızda velosipedlər çoxalır. Qəzaların artması isə onunla bağlıdır ki, velosipedçilər yol hərəkəti qaydalarını bilmir və ona məhəl qoymurlar. Əslində isə velosipedçilər bütün yol nişanlarına, svetoforların siqnallarına riayət etməlidirlər.

Avtomobil yollarında velosiped üçün heş bir infrastruktur yoxdur. Sumqayıtda cığır kimi bir yol çəkilib, heç o da normal deyil. Velosiped zolaqları, ayrıca velosiped yolları, velosipedlər üçün dayanacaqlar yoxdur. Avtomobil sürücüləri də velosipedlə davranmaq qaydalarını bilmirlər. Bir nəfər vicdansızlıq edəndə xətasız-qəzasız ötüşmək olur. Amma eyni anda iki nəfərin xətası üst-üstə düşəndə orada faciə olur».

Son aylar velosiped qəzaları ilə yanaşı, piyada vurulması hallarının da sayı artıb. Xüsusən də rayon və kəndlərarası yollarda belə hallara tez-tez rast gəlinir.

Ekspertlər bunu daha çox piyadaların qaydalara əməl etməmələri ilə əlaqələndirirlər. Ərşad Hüseynovun sözlərinə görə, avtomobillərin sayının artması və yollarda intensivlik də belə hadisələrin sayını artırır.

«Son vaxtlar rayonlardan belə informasiyalar çox gəlməyə başlayıb. Bunun səbəbi yollarda intensivliyin, avtomobillərin sayının artmasıdır. Onların qarşısını almaq üçün yol hərəkətinin təşkili qaydalarına əməl etmək lazımdır. Nişanlar, svetoforlar, piyada keçidi - bütün qaydalarda səhv olmamalıdır və insanlar da buna əməl etməlidirlər. Bunun arxasında hər insanın özünün davranışına, həyat tərzinə əl gəzdirməsi var. İnsan diqqətli olmalıdır, laqeyd olmamalıdır. Qaydalara sürücü, piyada, velosipedçi kimi əməl etmirik», - deyə Ə.Hüseynov bildirir.


«Dəbilqəsiz sürürlər, manevr qaydalarını pozurlar…»


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə hesab edir ki, velosipedçilərin vurulması ilə bağlı qəzalar ümumi piyada vurulması qəzalarının heç bir faizi də deyil: «Bu ilin əvvəlindən 4 ay ərzində 3 velosipedlə vurma hadisəsi qeydə alınıb.

Velosipedçilər nəzərə almalıdırlar ki, qaydalara əməl etməsələr, zərərçəkən tərəf özləri olur. Qaydalara əməl etmirlər, dəbilqəsiz sürülər, işıq qaytaran elementlərdən istifadə etmirlər, manevr qaydalarını pozurlar. Amma ümumilikdə respublika ərazisində 555 yol qəza hadisəsindən 3-ü velosiped vurulması ilə bağlıdır. Bu isə ümumi qəzaların heç 1 faizi də deyil».

Şöbə rəisi deyir ki, yol polisi bununla bağlı maarifləndirmə işləri aparır. Xüsusən də qarşıdan gələn yay aylarında velosipedlərdən istifadənin artması gözlənilir. Bunu nəzərə alaraq KİV də polislə birlikdə məsələni diqqətlə araşdırıb, qarşının alınması üçün müəyyən işlər görə bilər.

Piyada vurulmaları ilə bağlı qəza hadisələrinin artmasını K. Əliyev də təsdiqləyir. Lakin şöbə rəisi deyir ki, hər yaşayış məntəqəsində, xüsusən də rayon və kəndarası yollarda polis işçiləri qoyula bilməz: «Çünki rayonda cəmi 6-7 nəfər yol polisi işçisi olur, amma kəndlərarası yolların sayı bəzən 50-60-a çatır. Rayonlarda əksər hallarda piyada vurulması halları günün qaranlıq vaxtlarında baş verir. Piyadalar qaranlıqda yolun hərəkət hissəsinə çıxırlar. Düşünürlər ki, arxadan gələn avtomobilin işığı düşəcək və sürücü onları görəcək. Əslində isə sürücü onları görmür, qəza hadisəsi baş verir.

Bəli, piyada vurulması halları artıb və bu bizi çox narahat edir. Biz piyada vurulması hallarını ümumi qəzaların 37-38 faizinə endirmişdik. Amma bu ilin ilk 4 ayı ərzində 279 piyada vurulması hadisəsi baş verib. Bu hadisələrdə 85 piyada ölüb, 213 piyada yaralanıb. Bu da ümumi qəzaların 50 faizidir».

Piyada vurulmaları ilə bağlı sürücülərin cəzalandırılmasına gəlincə isə, K. Əliyev bildirdi ki, bununla istitaq orqanları məşğul olur. İstintaq tərəfindən piyadanın vurulması ilə nəticələnən qəzada sürücünün günahının olub-olmaması araşdırılır. Qayda pozuntusu varsa, sürət həddi aşılıbsa, sürücü sərxoş olubsa və ya digər sürücünün təqsiri ucbatından qəza törədilibsə, bu zaman onlar cəzalandırılır.

K. Əliyevin sözlərinə görə, bu ilin ilk 4 ayında piyada vurulması ilə nəticələnən 279 qəzanın 36-sı sırf piyadanın günahı ucbatındn baş verib. Qalan qəzalarda sürücülərin günahkar olduğu məlum olub.

Xatırladaq ki, 2016-cı ildə velosiped qəzaları ilə bağlı 24 yol hadisəsi qeydə alınıb, nəticədə 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Ötən il ərzində məhz velosiped sürənin səhvi ucbatından isə 6 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Onu da xatırladaq ki, Gənclər və İdman Nazirliyi Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin araşdırmasına görə, Azərbaycan gəncləri arasında velosipedə olan maraq kifayət qədər böyükdür. Lakin gənclərin böyük qisminin velosipedi yoxdur. Bunun əsas səbəbi nəqliyyat yollarının əlverişsizliyi, yollarda velosipedçinin təhlükəsizliyinin qorunmamasıdır. Velosipedin nəqliyyat növü kimi geniş yayılması üçün ən vacibi velosiped üçün cığırların olmasıdır.

Araşdırmalar nəticəsində də məlum olub ki, şəhərimizdə velosipeddən istirahət məqsədi üçün istifadə olunur.

Əslində isə velosipeddən düzgün istifadə ölkəmizdə olan tıxacların azalmasına müsbət təsir göstərə bilər. Motorlu nəqliyyat vasitələrindən çıxan zəhərli tüstülər havanın çirklənməsində ən önəmli faktorlardan biridir. Bir adamın bir il boyunca qısa məsafəli yollarda velosiped istifadə etməsi, 500 kiloqramdan 1 tona qədər karbon qazının yayılmasını önləyir. Yəni velosiped istifadə etmək sağlamlığımıza faydalı olduğu kimi, eyni zamanda təbiəti də qoruyur.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, yaşı 14-dən aşağı olan şəxslərə avtomobil yollarında velosiped sürmək qadağandır. Asma mühərrikli velosipedi sürməyə isə 16 yaşdan sonra icazə verilir.