vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏMLƏKƏT  
“Çalmalı”nın qarı ... 10:29 | 22 fevral 2025 | Şənbə Məqaləyə 407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çalmalı”nın qarı ...

... Yaxud Qaraqoyunlu kəndinin təbii bulaqları

TAPDIQ

MÖVZU İLƏ ƏLAQƏLİ

Göyçə mahalının Qaraqoyunlu kəndində (indiki Ermənistan Respublikasının ərazisindəki keçmiş Basarkeçər rayonunun Qaraqoyunlu kəndi) dağ silsilələrindəki çoxsaylı təbii bulaqlar insanların sağlam həyat tərzinin əsasını təşkil edirdi. Bu bulaqların suları can dərmanı olan nadir təbii minerallardır.

Bulaqların suları yüksək dağ zirvələrindəki qar kütlələrindən formalaşır. Qar suları dağlardakı təbii mineralları yuyaraq özünə yuva tapdığı ovalıqlarda, qayaların arasından, çınqıllı sahədə yerin üzünə çıxır.

Kənd camaatı arasında hansı bulağın hansı xəstəliyin dərmanı olduğu barədə fikir də formalaşmışdı. Qocalar deyərdi ki, yayda dağların güneyindəki (cənub istiqaməti) bulaqlardan su içməyək. Çünki yayda güney bulaqlarının suyu isti olur. Ona görə quzeylərdəki (şimal) bulaqları məsləhət bilərdilər. Bu bulaqların sərin, daha doğrusu soyuq suları çox ləzzətli olur.

Bir dəfə qonşumuz Ələkbər baba xəstələnmişdi. Balaca uşaq olaraq Ələkbər babadan xəstəliyinin sağalması üçün həkimə müraciət etməsini xahiş etdim. Baba isə çəliyini (əsasını) yerə döyəcləyə-döyəcləyə “Çalmalı” dağını göstərdi. Dedi ki, ay bala mənim dərmanım “Çalmalı” dağının (dağın başında daimi duman, qar olduğundan adı “ağ çalma” sözündən formalaşıb) ətəyindəki qardır. İyun ayı idi. Dağın quzey (şimal) yamacında bir xeyli qar qalmışdı. Əlimə bir vedrə alıb “Çalmalı” dağına qalxdım. Dağ silsiləsi kəndimizdən 2-3 kilometr uzaqlıqda, Kəlbəcər rayonu ilə qonşuluqda yerləşir. Yay günəşi altında dağın yamacından vedrəyə dənəvar qarı doldurub qaçıram. Dağdan düzə enənə qədər qar suya dönürdü. Nəhayət axşamı, günün batmasını gözlədim. Qarı vedrəyə doldurub kəndə qədər birnəfəsə qaçdım. Ələkbər baba qardan yedi, vedrənin dibində qalan buz kimi qar suyunu da başına çəkdi. Bir səslə “oxqay” dedi və sağaldı. Bunlar bir möcüzə idi.

Kəndimizə ən yaxınlıqda olan bulaq “Cərgəli” idi. Burada çoxsaylı bulaqlar cərgə ilə düzülmüşdü. Adı da məhz buradan götürülmüşdü.

Daha əzəmətli bulaq "Çalmalı" dağının ətəyində yerləşən “Çataq” bulağı idi. Bu bulaq soyuqluğu ilə məşhur idi. Bulağın suyu o qədər soyuq idi ki, onun suyundan yayda yüz qram içənə qəhrəman deyərdik. Bu bulağın suyundan bir az içən kimi adamın dili həqiqətən donurdu, soyuqdan nəfəs almaq çətinləşirdi. Bir də əlini sudan çıxarmamaq şərti ilə bulağın gözəsindən altı daş yığmaqdan mərc çəkərdik. Dördüncü daşı ovcuna yığana qədər adamın barmaqları sanki donurdu və barmağı hərəkət etdirmək çətinləşirdi. Əlini sudan çıxarandan sonra barmaqlarının donu açılana qədər dəhşətli dərəcədə sızıldayırdı.

Daha maraqlı bulaqlardan biri “Sandıq” bulağı idi. Bulaq sal daşlardan sandıq formasında idi. Şəffaf su sal qayanın arasından süzülürdü.

“Südlü” bulağın adı rəngindən götürülmüşdü. Bu bulağın suyu süd rəngində idi.

Eyni dağ silsiləsində “Göy” bulaq da var idi. Bu bulağın suyu isə qayaların altından göy rəngində süzülürdü.

Beləliklə “Ata” bulağı, “Baba” bulağı, “Qoşa dağ” bulağı, “Soyuq” bulaq və belə yüzlərlə təbii bulaq suyundan içən kəndimizin camaatının böyük əksəriyyəti xəstəliklərdən yox, qocalıqdan dünyasını dəyişərdi.