

ABŞ-ın İndiana ştatında ən azı 4 min il yaşı olduğu müəyyən edilmiş insan kəllə sümüyü tapılıb. Fayette qraflığının Məhkəmə-Tibb eksperti Eddi Riçardson bu kəşfi yerli xalqlar günü çərçivəsində açıqlayaraq, onu “ABŞ üçün nadir bir hadisə” kimi dəyərləndirib.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, Məhkəmə-tibb qurumunun sosial media paylaşımına görə, tapıntılar iyun ayında “Whitewater” (Ağ su) çayının sahilində aşkar olunub və məlumat yerli polis idarəsinə idarəsinə bildirilib. Əvvəlki analiz və radiokarbon tarixləmə nəticələri kəllə sümüyünün təxminən 4 min 270 il əvvələ, eramızdan əvvəl 2300-cü ilə aid olduğunu təsdiqləyib.
İndiana Ştat Muzeyi və Tarixi Məkanlarına görə, həmin dövrdə bölgədə kiçik Amerikan yerli icmaları yaşayırdı. Bu icmalar getdikcə bitki mənşəli qidalara üstünlük verir və sərt qranit və bazalt daşlarından hazırlanan, üyüdülmüş daş alətlərdən istifadə edirdilər.
Riçardson bildirib ki, kəşf cəmiyyətin diqqətli işinin və peşəkar əməkdaşlığın vacibliyini göstərir və torpaq sahibinin tapıntını dərhal aidiyyəti orqanlara bildirməsini yüksək qiymətləndirib.
Məhkəmə-tibb prosesi çərçivəsində “İndianapolis” Universitetinin İnsan Şəxsiyyətləndirmə Mərkəzindən doktor Krista Latam dəstək göstərib, Kaliforniya Universiteti tərəfindən aparılan testlərlə isə tapıntının yaşı müəyyən edilib. Qurumun “Facebook” paylaşımında “Bu gün yerli xalqlar gününü qeyd edərkən, Amerikan yerilərinin tarixini, mədəniyyətini və əbədi varlığını hörmətlə anırıq” ifadəsi yer alıb.
Riçardson kəşfin Fayette qraflığının torpaqlarında minillərdir insanların yaşadığını xatırlatdığını və bu mövzuya maksimum hörmət və diqqətlə yanaşmağın vacib olduğunu vurğulayıb. Məhkəmə-tibb qurumu tapıntıların mədəni və hüquqi standartlara uyğun şəkildə idarə olunmasını və geri qaytarılma prosesini İndiana Təbii Resurslar Departamentinin göstərişlərinə uyğun davam etdirəcəyini bildirib.