«Sözüm sizədir, kişilər»
Rəqsanənin bütün sponsorları birləşin!
Bilirəm ki, ilin-günün bu vaxtında sizlərə müraciətim heç yerinə düşmədi. Hamımızın başı qarışıqdı. Gözümüz Ukraynadadı, qulağımız Polşada. Futbol üzrə Avropa Çempionatının ən ürək yanan vaxtında nəsə başqa bir şey barəsində düşünmək heç ağlımızdan keçmir. Milli komandalar ələndikcə həyəcan daha da artır. Çempionatdan canlı yayımları izləyəndə barmağımızı kəssələr xəbərimiz olmaz.
Ronaldo, Xavi, Fabreqas, Kasilyas, Özil, Benzema, Şevçenko, Arşavin, Podolski, Robin van Persi, Runi, Balotelli, Çex, Modriç, İbrahimoviç... ulduzların meydançada yaratdıqlarını izləmək adrenalindi. Biz kişilər televizora baxıb böyük futbol bayramının dadını çıxarırıq, xanımlarımız isə futbolu kəşf edənə qarğış göndərməklə əsəblərini soyudurlar.
Şərikli Avropa Çempionatı bizi bütün iş-gücdən ayırıb. Biri elə mən özüm. Ukrayna və Polşanın stadionlarına baxdıqca kitab-dəftərdən, yazı-pozudan uzaq düşmüşəm. Neçə gündü ki, Aleksandr Bestujev-Marlinskinin "Molla Nur" povestini oxuyub başa çatdıra bilmirəm. Rəhmətlik Tofiq Rüstəmovun tərcümə etdiyi kitabı əlimə alıb bir az oxuyan kimi elə bilirəm Ronaldo mənə tərs-tərs baxır. Özül əks-hücumu yarımçıq saxlayıb yan xətt hakiminə "Fatmagülün suçu nə?" serialının özətini danışır. Kasilyas qapısını tərk edərək topdaşıyan cocuqları başına toplayıb və onlara mahnı oxuyur:
Yarın baxçasında üç gül bitirdim,
Ağ gül, qırmızı gül, bir də Dərnəgül.
Ona görə də tez kitabı bağlayıb gözümü futbol reportajına zilləyirəm. Gözüm gözüm olasan. O gün futbol oyununda yaranan 15 dəqiqəlik fasilədən istifadə edib internet saytlarına göz atdım. Rastlaşdığım xəbər məni ildırım kimi vurdu. Rəngim bizim Yasamaldakı Şərifzadə küçəsinə yeni döşənən asfalt kimi qaraldı.
Xəbərdən məlum oldu ki, müğənni Rəqsanə məhkəməyə verilib. Kirayə qaldığı mənzilin pulunu ödəyə bilmədiyinə görə ev sahibi müğənnidən şikayətçidi. Ev yiyəsi deyir, tez ol, ya pulu ödə, ya da mənzili boşalt. Uzun illərdi ki, kirayə qaldığımdan bu mənzərə mənə tanış gəlir.
Diqqətimi Avropa Çempionatının oyunlarından ayıran, ildırım kimi vuran və üzümün rəngini küçəmizin yeni asfaltı kimi qaraldan bu xəbərdən sonra əlim-ayağım titrəyir. Mən indi "Ədalət"in yazarı yox, futbolçu olsaydım, yəqin ki, bu vəziyyətdə topu öz qapımızdan keçirərdim. Və yaxud, topu rəqibin boş qapısından 15 metr aralı vurardım.
Necə yəni Rəqsanə kirayədə yaşayır və üstəlik, kirayə pulunu ödəyə bilmədiyinə görə məhkəməyə verilir... Kişilər, bəs siz hara baxırsız? Biz hara baxırıq? Vaxt vardı ki, Rəqsanə "Q" deyəndə ona ən bahalı avtomobil, "A" deyəndə qır-qızıl almaq üçün növbəyə dayanan kişilər vardı. Hələ mən Rəqsanənin plastik əməliyyatlarına kisə-kisə pul xərcləyənləri, müğənninin itinə ingilis dili öyrədən müəllimə bağ evi alanları demirəm. İndi niyə bir kişi irəli çıxıb səxavətini göstərmir?
Futbol üzrə Avropa Çempionatı gedir deyə Rəqsanə kimi ünlü sənətçi gül kimi vaxtını məhkəmə proseslərində keçirməlidi? Rəqsanənin oxuduğu bir-birindən hit mahnılar bir topa da dəymədi?
Kişilər, 5-10 dəqiqə gözünüzü bir topun arxasınca qaçan 22 kişidən ayırmaqla dünya dağılmaz. Həmin müddətdə futbola baxmasanız, bütün fikrinizi musiqi mədəniyyətimizin xalq artisti Səməd Səmədovdan sonra ikinci nəhəng siması Rəqsanənin probleminə ayırsanız nə Ronaldo Ronaldoluğunda qalacaq, nə İbrahimoviç qiymətdən düşəcək, nə də qapıçı Çex papağını başından çıxaracaq, nə Kasilyas qapını tərk edib mikrorayon tikməyə gedəcək. Nə də Özül Türkiyə yığmasına çağırılacaq.
Kişilər, futbolçular qaçsa da futbol özü qaçmır. Gəlin əl-ələ verib birləşək. Musiqimizə dəyərli sənət əsərləri bəxş edən Rəqsanənin ev kirayəsinə olan borcunu son qəpiyinə qədər ödəyək, sənətçini növbəti məhkəmə təhlükəsindən xilas edək. Axı biz nəhəng Mirzə Ələkbər Sabiri vərəmlədən, milli mətbuatımızın banisi Həsən bəy Zərdabini acından öldürən, "Molla Nəsrəddin"i yaradan Cəlil Məmmədquluzadəni soyuqdan donduran, əlyazmalarını sobada yandırmağa məcbur edən babalarımızın davamçılarıyıq. Axı biz Rəqsanəyə ən son model xarici avtomobil almaq üçün yarışan, müğənninin itinə ingilis dili öyrədən müəllimə pul xərcləyən kişilərin qohum-qardaşı, dostuyuq. Bir vaxtlar Rəqsanəyə vaqon-vaqon para xərcləyən kişilər, haralardasız ki, sizi görə bilmirəm. Yenidən irəli çıxıb səxavət göstərməyin tam zamanıdı. Əks halda bu gün belə çətin və həssas məqamda irəli çıxa bilməyənləri, futbol çempionatını bəhanə edib evdə oturanları tarix bağışlamayacaq.
Rəqsanənin sponsorları, bahalı avtomobillərinə, plastik əməliyyatlarına, itinə-pişiyinə əcnəbi dil öyrədən müəllimlərinə pul xərcləyən kişilər, birləşin! Birləşin, atışaq, müğənninin kirayə borcunu ödəyək.
Elə etməyin ki, Rəqsanəyə sponsorluğu öz boynuma götürüm. Məni buna vadar etməyin...