vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TÜRK DÜNYASI  
15:47 | 10 may 2016 | Çərşənbə axşamı Məqaləyə 1874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ciddi qüsurlar var»

«Gürcü dilini Borçalı türkünə Gürcüstan hakimiyyəti sevdirməlidir»

Ayyət ƏHMƏD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər bir milli dövlətin ərazisində yaşayan vətəndaş o dövlətin dilini öyrənməyə məhkumdur». Bu sözləri «Borçalı» İctimai Birliyinin sədri Zəlimxan Məmmədli «Gürcüstan azərbaycanlılarının 171 min nəfəri dövlət dilini bilmir» iddiasını şərh edərkən deyib. Təşkilat sədrinin sözlərinə görə, ölkəsinin dilini bilmək vətəndaşın konstitusion vəzifəsidir: «Bu vəzifənin reallaşması üçün imkanın yaradılması isə dövlət idarəetmə aparatının funksiyasıdır.

Düşünürəm ki, bütün hallarda hansısa bir dili öyrənmək üçün, o dilə sevgi olmalıdır. Həmin dili öyrənəndən sonra həyat səviyyəmin yüksələcəyinə dair inancım olmalıdır. Əks halda, dil öyrənmə ənənəsi yaranmır. Kimlərsə, sadəcə hansısa xarici dil bilmək üçün dil öyrənmək istəyirlərsə, yarı yolda qalırlar. Dil də, dövlət də, bayraq da sevilməlidir. Sevmək vətəndaşın borcudur. Sevdirmək artıq siyasi sistemin, hakimiyyətlərin borcudur. 171 min nəfər azərbaycanlı gürcü dilini bilməyə bilər. Düşünürəm ki, onların söz ehtiyatları var. Ən azı məişət səviyyəsini bilirlər. Gürcü məktəbləri qurtarırlar. Gürcü ilə dialoqa girə bilirlər. Amma bu, yetərli deyil. Dövlət idarəetmə aparatında çalışmaq və ya siyasi sistemin içində olmaq üçün dili mükəmməl öyrənmək lazımdır. Amma dövlətin dili sevdirmək mexanizmində də nöqsanlar var».

Z.Məmmədlinin Borçalı türklərinin gürcü dilini öyrənməməsini bir neçə səbəblə izah edib: «Məsələn, ilk olaraq toponimlərin dəyişməsi insanları uzaq saldı. İkinci səbəb Azərbaycan cazibəsidir. Azərbaycanın özünün də milli strategiyasında, xüsusən diaspor siyasətində ciddi qüsurlar olduğunu düşünürəm. Manipulyasiya xarakterli davranışlar edirlər. Bizim orada «ziyalı» olaraq seçilən və kifayət qədər vəsait verilən insanların özləri də möhtəkir davranışları ilə yadda qaldılar. Mahiyyət etibarı ilə həm Azərbaycan, həm Gürcüstan Azərbaycan toplumunun gürcü dilini bilmək və sevmək istiqamətində ciddi xətalar buraxdılar. Bu gün də bu xətaların buraxılması davam edir. Gəlin belə götürək. Mən Gürcüstanı öz vətənim kimi sevirəm. Dəyərli gürcü dostlarım var. O milləti də öz millətim qədər sevirəm. Onların inancına və mədəniyyətinə sayğılıyam. Hər zaman da Gürcüstanın ərazi bütövlüyünün carçısı olmuşam. Buna görə, müəyyən ultraradikal düşüncə tərəfindən təqib olunmuşam. Buna baxmayaraq Gürcüstan siyasi hakimiyyəti Zəlimxanın qabağını kəsir. Öz ata-ana yurduma gedə bilmirəm. Təbii ki, insanlar düşünürlər ki, Zəlimxanın qəbahəti nə idi? Zəlimxan dostluqdan, qardaşlıqdan və soydaşlarımızın haqq işindən danışırdı. Amma ona qadağa qoydular. İnsanlarımız bunu müzakirə edirlər. Məhz belə səbəblərdən soydaşlarımızda Gürcüstan mərkəzi hakimiyyətinə etimadsızlıq formalaşır. Bu xətalar aradan qaldırılmalıdır».

Təşkilat sədri diqqətə çatdırıb ki, gürcünün Borçalı türkləri ilə uyğunlaşma problemi varsa, ilk növbədə bu aradan qaldırılmalıdır: «Qarşılıqlı psixoloji inteqrasiya lazımdır. Biri-birinə güvənməlidirlər. Sizin qəzet vasitəsilə Gürcüstan hakimiyyətinə SOS edirəm ki, Borçalı türklərinə güvənin. Onlar hər zaman sizin dayağınız olub və olacaqlar. Bax, bu əlaqələri yaratmaq lazımdır. Ayrı-ayrı media qurumlarımız bayağı bəyanatlar, radikal çağırışlar və avantürist çıxışlar yayırlar. Bu isə etimadsızlıq mühiti yaradır. Bütün hallarda prinsipial mövqeyim odur ki, Gürcüstan dövləti milli azlıqlarla bağlı siyasətində yeniliklər etməlidirlər. Orta məktəblərdə gürcü dilinin tədris saatı artırılmalıdır. Gürcü dilində və Azərbaycan dilində ortaq televiziya yaradılmalıdır. Ortaq mədəniyyət proseduru işlənməlidir. Bizim «Elat» bayramı Gürcüstan və Azərbaycan mədəniyyətinin birgə təntənəsidir. Buna əngəl olmaq istəyənlər var. Onlar da gürcü şovinistləridir. Müəyyən fənlərin gürcü dilində tədrisi üzərində düşünmək olar. Saakaşvili dönəmində gürcü dilində hazırlıq kursları vardı. Ali məktəblər 1+4 modeli təklif etdilər. Yəni 1 il insanımız gürcü dilini öyrənir. Deməli, dövlət istəsə, gürcü dilini öyrədə bilər. İndiki məqamda Tiflisin mərkəzində ali məktəblərdə 2500 nəfər soydaşımız gürcü dilində təhsil alır. Onlar artıq bizim varlığımızdır. Deməli, bu işi dövlət istəməlidir. Məsələn, dövlət vəd verə bilər ki, sən gürcü dilini öyrənsən, bələdiyyədə yer alacaqsan, icra orqanlarında təmsil olunacaqsan və s. Bax, bunlar yoxdu. Eyni zamanda Azərbaycanın da siyasətində deformasiyalar var. Onlar da yoluna qoyulmalıdır. Avropada yaşayan Azərbaycan türkü ilə Borçalı türkünü fərqləndirməliyik. Soydaşlar haqqında qanun qəbul etməliyik. Soydaşlarımız bu milli dövlətin imkanlarından bəhrələnməlidirlər. Həm də mexanizmləri Gürcüstana bağlılıq siyasətinin üzərində qurmaq lazımdır. Cazibə qüvvəsini Tiflisə vermək lazımdır. Borçalı türkləri Gürcüstan, Azərbaycan və Türkiyə üçün mənəvi körpüdür. Bu, 3 dövləti birləşdirən körpüdür. Bu körpünü möhkəmləndirmək hər 3 dövlətin başlıca vəzifələrindən biri olmalıdır».