vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
XADİM  
02:03 | 24 dekabr 2016 | Şənbə Məqaləyə 1408 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

O da olmasa, bəs kim?

Nəyə görə prezident dövlət siyasətinin bütün təfərrüatlarına varır?

Eynulla FƏTULLAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İlham Əliyevin prezident kürsüsündə fəaliyyətinin yekunları barədə danışmağın zamanı yetişməyib. Nə qədər paradoksal səslənsə də, İ.Əliyev sabahın siyasətçisidir. Mütləqləşdirilmiş əbədi prezident obrazının dilemması barədə düşüncələri də sırımayın, çünki bu, xalqın və ölkənin seçimidir. Və söhbət bu gün 55 yaşını qeyd edən prezidentin gəncliyindən getmir. Söhbət cəmiyyətin İ.Əliyevə sonsuz etimadından gedir. İnanın ki, bu siyasi apologetika (rasional vasitələrlə müəyyən baxışlara inandırma) və patristika deyil.

Hökumətə etimadı ilə bağlı seçiciyə birbaşa sual verən əcnəbi ekspertləri ən çox təəccübləndirən nədir, bilirsinizmi? Daha bir Azərbaycan antinomiyası (antinomiya – hər biri məntiqi yolla izah edilə bilən iki bir-birinə tamamilə ziddiyyətdə olan anlayış) – marginalın hökumətə və onun ayrı-ayrı fərdlərinə çətin gizlədilən aşkar nifrəti fonunda o, prezidentə vurğundur. Əcnəbilər məəttəldir – prezidentə vurğun ola-ola hökumətə necə etimad göstərməmək olar? Ən güclü və zəif təsəvvür gücünə malik orta statistik azərbaycanlı şirin röyasında belə prezident kürsüsündə başqa simanı xəyalına gətirə bilmir. Onların təsəvvüründə İlham Əliyev dövlətin özüdür.

İlham Əliyevə bəzən kor-koranə və çətin izah olunan bu etimad nə ilə izah olunur? Axı Azərbaycan birinci şəxsin tanrılaşdırıldığı və toxunulmaz hesab edildiyi Türkmənistan, Özbəkistan, yaxud da Qazaxıstan deyil. Azərbaycandakı siyasi rejimi şərti olaraq suveren milli demokratiya adlandırmaq olar. İ.Əliyev müxalif siyasətçilərin əsas hədəfidir. Orta Asiya diktaturalarından, Ermənistandan və hətta Avropa Belarusundan fərqli olaraq, İ.Əliyevi müxalif mətbuatda, sosial şəbəkələrdə, bloqlarda və paytaxtın mərkəzində müxalifətin mitinqlərində tənqid edirlər. Və bu, kənaraçıxma deyil, dəyərdir. Azərbaycanda siyasi alternativ və fərqli seçim hüququ mövcuddur. Tutaq ki, İ.Əliyevin tənqidçiləri öz çaşqınlıqlarında haqlıdır və hakimiyyət prezidentin seçim hüququnu xalqın əlindən alıb. Sual olunur – müxalifətə kim mane olur ki, hakimiyyətin dəyişdirilməsinin Ukrayna modelini gerçəkləşdirməsin? Hakimiyyətin özü Əliyevin əleyhdarlarına əsla mane olmur. Təsəvvür edək ki, sentyabrın 12-də, sistemli iqtisadi böhran və manatın dayanmaq bilmədən tənəzzülü günlərində paytaxtın mərkəzindəki meydana 5 min deyil, 50 min etirazçı toplaşaydı. Təbii olaraq güc toplayan qar komasının qarşısında hakimiyyət hansı addımı ata bilərdi? Artan narazılıq hakimiyyəti koma vəziyyətinə salardı. Daha bir paradoks: kütləvi etirazın çulğadığı kütlə küçələrə prezidentin portretləri ilə çıxır. Qubadakı üsyanı və devalvasiyadan sonrakı hərəkətlənməni xatırlayırsınızmı?

Xalq özünə başqa prezident təsəvvür etmir. Yalnız Əliyev. Və bu, siyasi alternativin mövcudluğu fonunda baş verir. Əliyevin obrazı dövlətin gücü ilə vəhdət halına gəlib. Prezident və dövlət anlayışları bərabərlik təşkil edir. Bu, ictimai fikrin hansısa məqsədli zombiləşdirilməsinin nəticəsi deyil. Bu, faciəvi sonluğun, ölümcül iflasın, siyasi qiyamətin aydın dərkidir. Azərbaycan neokonservatizmi ənənələrin davamı, bu halda siyasi ənənələrin davamı fəlsəfəsi üzrərində bərqərardır. Dəyişikliklər, inqilabi dəyişikliklər qarşısında qorxu hökmrandır.

Rəngli inqilablar nəzəriyyəsinin büsbütün iflasa uğraması Əliyev siyasi determiniziminin xeyrinə işlədi – dövləti və ölkəni məhv etmiş, dərhal firavanlığın gələcəyi barədə «uşaq arzuları»nı darmadağın etmiş Ukrayna yanğınının qorxunc mənzərəsi buna sübutdur. «Gürcü reaksiyası» və milli miqyasda opportunizm inqilabi dəyişikliklərin qanunauyğunluğu barədə düşünməyə vadar etdi. Müasir dünyada qonşuluqda xalq hakimiyyəti sistemi olan ölkələr çiçəklənərkən kontinental demokratiyanın qurulması mümkündür. Lakin bir tərəfinizdə teokratik İran, o biri tərəfinizdə fövqəldövlət xülyalarına dalmış Rusiya varsa, hələ digər tərəfdə olan Türkiyədə orta əsrlərsayağı cadugər ovu başlayıbsa və ölkənin yarısı zindanlara atılıbsa, sərhədsiz Azadlıq adası barədə arzular sadəlövh görünmürmü? İnqilab törətmiş xalq ona islahatlar bəxş etmiş prezidenti öz əlləri ilə taxtdan saldı. Yerin bizə aid küncündə siyasi təkamülün təbii qanunları pozulub. Romanov feodalizmindən və ictimai təsərrüfatdan sonra marksist sosializmin inkişaf etdiyi yerdir bura. Burada tarixin özünün təbii gedişatı pozulub.

Ətrafımızda müharibələr, müharibələr, müharibələr... Və budur, İlham Əliyev ölkəsini böyük yanğından xilas edə bilib. O, şahmat lövhəsi arxasında bir-biri ilə münaqişədə olan dünya mərkəzləri – Moskva və Vaşinqton, Tehran və Qüds, Ankara və Ər-Riyadla incə oyun nümayiş etdirərək, xilas etməkdə davam edir. İlham Əliyev təcrübəli Nazarbayevin, özünəməxsus xarakterli Kərimovun, içi Ter-Petrosyan qarışıq bir dəstə erməni səhra komandirlərinin, hətta «aydan arı, sudan duru» Baltikyanı ölkə liderlərinin güclərinin yetmədiyini edə bildi. İ.Əliyev ən gərgin, dayanıqsız və təhlükəli regionda özü-özünü dolandırmaq iqtidarında olan müstəqil dövlət yaratdı. Bax, budur unikal nailiyyət. Heç bir dünya hegemonu dəstəyi götürüb, İ.Əliyevə zəng vurub, onu hansısa siyasi qərarı qəbul etməyə məcbur edə bilməz. İ.Əliyev qərarları özü qəbul edir, şəxsən. Məhz buna görə ictimai düşüncədə güclü və heç kimə tabe olmayan dövlət başçısı obrazı yaranıb.

Əliyevin hərəkətlərini öncədən görmək mümkündür. O, rasional və çevikdir. O, müasir siyasətçi üçün ən böyük çatışmazlıqdan – kindən məhrumdur. O, bağışlamağı və hər şeyi əvvəldən başlamağı bacarır. Diqqət yetirin, parlamentin yarısı onun və atasının əleyhdarlarından ibarətdir. İlham Əliyev yalnız şəxsi xəyanəti bağışlamır. O, əzəli rəqibi ilə yeni oyuna başlamağa hazırdır, lakin əgər «onun adamı»na çevriləndən sonra xəyanət edirsənsə, İ.Əliyevin qəzəbi dağıdıcıdır. O, qəzəbində rəhmsizdir.

Heydər Əliyevdən sonra ilk dəfə Azərbaycan böyük miqyaslı siyasətçi qazanıb. Məhz buna görə alternativin olmaması barədə danışılır – ölkədə hazırki dövrə uyğun miqyasda başqa siyasətçi yoxdur. İ.Əliyev dünya siyasətindən məharətlə baş çıxarır, bəzən müəyyən tendensiyaların və trendlərin inkişaf istiqamətlərini öncədən görür. Azərbaycan kimi dünyanın siyasi xəritəsində kiçik ölkələrin taleyini isə geosiyasət müəyyənləşdirir. Diqqət edin, İ.Əliyevin xarici siyasətdə milli dövlətçiliyə aid bütün strateji qərarları dəqiq hesablanmış və qüsursuzdur. Əliyev ustalıqla, çevik, bəzən təhlükənin bir addımlığında oynayırdı... Lakin bu kənardan belə görünürdü ki, təhlükənin bir addımlığıdır. Əslində o, hər şeyi incəliklərinə qədər əvvəlcədən hesablamışdı. Prezidentin dünya şahmat lövhəsində incə oyunu sonradan, bu və ya digər əhəmiyyətli hadisələr baş verdikdən sonra dərk edilir.

Tez-tez belə sual meydana çıxır – nəyə görə prezident dövlət siyasətinin bütün təfərrüatlarına varır? Axı elə problemlər var ki, onun diqqətindən kənarda olmalıdır. Bəli. İ.Əliyevin ölkəsinin ən az əhəmiyyətli problemlərindən də xəbəri var. Ona görə yox ki, hakimiyyət şaqulu bu cür qurulub və bu heç mütləqiyyətə yaxın avtokratiya da deyil. Bütün regionda olduğu kimi, Azərbaycanda da görünməz qığılcım qorxunc alov törədə bilər. Firavan müstəqillikdən sonra sabitlik İlham Əliyevin ikinci nailiyyətidir. Özü də bu sabitlik qundaq gücünə deyil, effektiv idarəçilik aparatının köməyi ilə əldə olunub. Onun hakimiyyət aparatı saat mexanizmi kimi çalışır.

Düzdür, ölkədə iqtisadi və maliyyə sabitliyi pozulub. Böhran tüğyan edir. Ölkə xammalın qiymətinin qəflətən düşməsinə və bunun nəticəsi olaraq, «xammal dövləti» konsepsiyasının deformasiyasına hazır deyildi. Lakin Əliyev ümumbəşər tektonik təlatümü necə nəzərə ala bilərdi? Çin, Rusiya kimi ölkələr, Avropa ölkələri 2008-ci ildəkindən sonra ikinci, daha dağıdıcı ümumdünya böhranının qurbanına çevrildilərsə, kiçik Azərbaycanda bu dalğanın qarşısını İlham Əliyev necə ala bilərdi? Prezident vəziyyəti xilas edir. Bacardığı qədər. Onlarla innovasion fərman iqtisadiyyatda yeni vəziyyət yaradıb – yuxarılar inqilabi dəyişikliklərə gedir, bütün qüvvələr ikinci ildir ki, çətin vəziyyətə düşmüş iqtisadiyyatın xilas edilməsinə yönəldilib. Ölkə artıq dünənki günün parlaq neft gəlirli qaydaları üzrə yaşaya bilməz. Əks halda, cəmiyyət yoxsulluq, qorxu və qeyri-müəyyənlik girdabına düşər. Nefti unutmaq çağırışları səslənir. Bu həqiqəti İ.Əliyevin əleyhdarları deyil, onun özü səsləndirir və iqtisadiyyatın yenidən qurulmasına çağırır. Və hətta ölkənin bu mürəkkəb dövründə cəmiyyət ümidlərini və nəzərlərini İ.Əliyevin rəqiblərinə deyil – orada yalnız boşboğazlıq və hərdəmxəyallıq hökm sürür – prezidentin özünə yönəldir.

O da olmasa, bəs kim? Mənə belə gəlir ki, bu təsdiqedici sual bir kabus kimi prezidenti onun hakimiyyətinin son saatına kimi izləyəcək. Hələ dünən neft-qaz firavanlığı günlərində elə görünürdü ki, Azərbaycan öz rifahının zirvəsinə çatıb. Ümumdünya geoiqtisadi fəlakəti bu ilğımı dağıtdı. İndi tarix İlham Əliyevi yeni yüksəlişə başlamağa dəvət edir. Və bu yükü qaldırmağa, ram etməyə yalnız onun gücü çatar. Məhz buna görə İlham Əliyev sabahın siyasətçisidir. O da olmasa, bəs kim?