vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
20:43 | 22 yanvar 2017 | Bazar Məqaləyə 743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaltaqlığa qarşı qanun hazırlanacaq?

Tahir Kərimli: «Bu xəstəlik yüksək dərəcədə yayılıb, qarşısını almaq çox çətindir»

Qafar AĞAYEV

Azərbaycan cəmiyyətini narahat edən problemlərdən biri, bəlkə də ən vacibi yaltaqlıq meyllərinin artmasıdır. Bəziləri məhz yaltaqlıq sayəsində savad və qabiliyyətlərinin imkan vermədiyi postlara yiyələnir, hansısa imtiyazlara sahiblənir, kapital yığır...

Maraqlıdır, yaltaqlığı qadağan edən və yaxud da qarşısına hansısa sədlər çəkə biləcək qanun layihəsi hazırlana bilərmi?

Milli Məclisin hüquqşünas deputatı Tahir Kərimli Modern.az-a bildirib ki, hüququn ən mühüm mənbələrindən biri adətdir ki, buna adət hüququ deyirlər.

«Yəni adətlərimizi hüquqi normaya çevirirlər, dövlət iradəsi olur. Belə hallarımız var, məsələn, qızqaçırma hüquqi baxımdan cinayət sayılsa da, bizdə bu adət kimi qəbul olunur. Bu nöqteyi-nəzərdən yanaşanda yaltaqlıq mənəvi məsələdir. Ancaq bu, bizim və başqa xalqların adətində pislənilən bir cəhətdir. Bunun sanksiyalaşdırılması məsələsi, qanuni vəziyyətə gətirilməsi mənim zənnimcə hələ ki hüquqi vəziyyət ala bilmir. Hansısa insan deyir ki, mən yaltaqlanıram, kimin hüququnu pozuram?.. Yəni o adətlər, o məsələlər hüquqa gətirilir ki, orada başqalarının hüququ pozulur».

Millət vəkilinin sözlərinə görə, yaltaqlıq düzgünlüyün əhəmiyyətini aşağı salır.

«Yaltaqlıq insanların şəxsi keyfiyyətidir, bəzən sosial bəlaya çevrilir. Mən Ali Məhkəməyə vəzifəyə gedən zaman, bir nəfər açıqca yaltaqlandı. Mən o adamı yaltaqlandığına görə vəzifədən azad etdim ki, başqalarına nümunə olsun, bilsinlər ki, yaltaqlanmaqla irəli getmək olmaz. Bir ildən sonra mən özüm vəzifədən ayrıldım, hər dəfə mən o adamı küçədə görəndə onu işdən azad etdiyimə görə xəcalət çəkirdim. Bu məsələyə görə xəcalət çəkməyimin səbəbi cəmiyyətdəki bir çox insanların onun kimi olması idi. Ona görə də mən belə düşünürəm ki, yaltaqlığı həm də sosial bəla kimi qiymətləndirmək lazımdır.  Elə bir ictimai münasibətlər olmalıdır ki, yaltaqlıq öz yerini tapa bilməsin, ona ehtiyac duyulmasın, insanlar yaltaqlıq vasitəsi ilə rifahını yaxşılaşdıra, vəzifəyə gedə, qiymətləndirilə bilməsinlər.

İnsanlar yaşlaşdıqca, cəmiyyətə baxıb fikirləşir ki, əgər yaltaqlıq kütləvi haldırsa, onda ayrı-ayrı fərdləri qınamaq çətinləşir. Azərbaycanda bu xəstəlik yüksək dərəcədə yayılıb, bundan azad olmaq çox çətin məsələdir. İnsanlar bəzən özlərinin qabiliyyətsizliyini, peşə qabiliyyətinin olmamasını, savadsızlıqlarını yaltaqlıqla ört-basdır edir və yaxud öz bacarıqları ilə əldə edə bilmədiklərini yaltaqlıqla qazanmağa çalışırlar. Belə hallara çox rast gəlinir. Bunun aradan qaldırılması üçün sosial mühit sağlamlaşdırılmalıdır».