«Günahkar Azər İsmayılovdur»
Televiziya verilişindən sonra ölən məktəb direktorunun qızı danışdı
MÖVZU İLƏ ƏLAQƏLİ
ATV-nin «Yoxlama» verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktorunun vəfat etməsi haqda xəbər vermişdik.
Məlumata görə, çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.
Məsələ ilə bağlı danışan mərhum direktorun yaxınları bütün günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.
Mərhum direktorun qızı saytımıza bunları deyib: «Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir».
Mərhumun evində aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər.
Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib. (azpolitika)