vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
10:27 | 19 aprel 2017 | Çərşənbə Məqaləyə 1334 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibə an məsələsi

Elxan Şahinoğlu: «Şimali Koreya müharibədən qorxmur; çünki avtoritar rejimdir, özünü qorumaq üçün xalqını qırğına da verər»

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları ilə Şimali Koreya arasında münasibətlər gərginləşməkdə davam edir. Bu iki dövlət arasında müharibə ehtimalı getdikcə artmaqdadır. Son günlərdə bir-birilərini raket zərbələri ilə təhdid edən ölkələr artıq savaş meydanına doğru gedirlər.

ABŞ-ın savaş təhdidlərinə rəğmən, Şimali Koreya hökuməti nüvə başlıqlı ballistik raket sınağını davam etdirəcəklərini açıqlayıb.

Şimali Koreyanın xarici işlər naziri Xan Son Ryol Britaniya mətbuatına özəl müsahibəsi zamanı heç bir təhdidə boyun əyməyəcəklərini, Amerika ilə müharibədən qaçmayacaqlarını deyib: «Biz bundan sonra da uzaqmənzilli raket sınaqlarını həyata keçirəcəyik. Əgər ABŞ ağılsızlığa yol verib hərbi yoldan istifadə etsə, bu, total müharibəyə çevriləcək».

Ryol yarımadada yaranan gərginliyə görə ABŞ-ın məsuliyyət daşıdığını və Şimali Koreyanın bölgədəki Amerika qüvvələrinə «qabaqlayıcı zərbələr» endirməyə hazır olduğunu da qeyd edib...

«Biz müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq». BBC-nin məlumatına görə, bunu isə Şimali Koreya Xalq Ordusunun vitse-marşalı Çxve Ryon He Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr edilən hərbi paraddakı çıxışı zamanı dilə gətirib...

Bu arada Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin komandanlığı Şimali Koreya sahillərinə daha iki təyyarədaşıyan zərbə qruplaşması göndərib.

Beləliklə, ABŞ-ın Şimali Koreya sahillərində misli görünməmiş qüvvə cəmləşdirməsi baş verəcək. Üç təyyarədaşıyanın göyərtəsində cəmi 200-dən çox müxtəlif tipli bombardmançı və qırıcı təyyarələr, yüzlərlə «Tomoqavk» raketləri və digər silahlar var. ABŞ təyyarədaşıyanlarını müşayiət edən sualtı qayıqları isə nüvə başlığı daşıyan raketlərlə təchiz olunub.

ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibə verərək bəyan edib ki, Şimali Koreyaya dair planlarının nədən ibarət olduğunu açıqlamaq niyyətində deyil. Tramp Pxenyana qarşı qərarının «hamı üçün sürpriz olacağını» bildirib.

ABŞ prezidenti əlavə edib ki, Şimali Koreya diktatoru ilə danışmaq mənasızdır. Çünki o, uzun müddətdir ki, hamını barmağına dolayır: «Bu adamla danışıqlar uzun müddətdir gedir. Siz Klintonun kitabını oxumusunuz, o deyir ki, guya biz möhtəşəm sülh razılaşması bağlamışıq. Bu, əlbəttə ki, zarafatdır. Siz Obamanın prezidentliyi dövründə müxtəlif məsələlərə baxmısınız. Hamısını dolayıblar. Onların hamısını bu adam barmağına dolayıb».

Bundan əvvəl Koreya yarımadasına səfər edən ABŞ vitse-prezidenti Maykl Pens Vaşinqtonun Pxenyana qarşı «strateji səbir» siyasətinin sona çatdığını elan edib, Şimali Koreya rəhbərliyini ABŞ-ın Suriyaya endirdiyi qəfil raket zərbələrini xatırlamağa çağırıb.

ABŞ-ın təhdidlərinə cavab olaraq Şimali Koreya hərbi komandanlığı elan edib ki, Pxenyan istənilən an ABŞ-ın regiondakı hərbi bazalarına, Seuldakı prezident sarayına, Yaponiyaya və Amerika ərazisinin özünə preventiv zərbələr endirə bilər.

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim Yen Ryon isə deyib ki, nüvə müharibəsi istənilən an başlaya bilər. O, ABŞ-ı regionda təhlükəli situasiya yaratmaqda günahlandırıb. Diplomat deyib ki, Şimali Koreya ABŞ-ın istənilən hərbi təhdidlərinə cavab verəcək və bundan sonra hər həftə raket sınağı keçirəcək.

Yaponiya hökuməti isə regionda artmaqda olan gərginliyi nəzərə alaraq İkinci Dünya müharibəsindən bəri ilk dəfə özünün müdafiə qüvvələrini hərəkətə keçirməyə hazırlaşır. Hökumətin qərarına görə, əgər Şimali Koreya neytral sularda raket sınağı keçirsə, Yaponiya özünümüdafiə qüvvələri cəbhə xəttinə yeridiləcək.

Mövcud vəziyyət Cənubi Koreyada da ciddi narahatlıqla qarşılanıb. Cənubi Koreyanın baş naziri Xvan Ge An və ABŞ-ın vitse-prezidenti Mayk Pens Şimali Koreyanın növbəti provokasiyalarına cəza tədbirləri tətbiq etmək barədə razılıq əldə ediblər.

Politoloq Elxan Şahinoğlu deyir ki, Amerika iki səbəbdən Şimali Koreyaya qarşı sərt siyasət yürüdür: «Birincisi, Şimali Koreya avtoritar ölkədir və bu dövlətin nüvə silahına yiyələnməsi Amerikanın marağı olduğu bölgə üçün ciddi təhlükə mənbəyidir. İkincisi, Şimali Koreyanın qonşusu Cənubi Koreya Amerikanın müttəfiqidir və bu ölkənin təhdid edilməsi Amerikanın təhdid edilməsi mənasına gəlir. Buna rəğmən, Amerika ilə Şimali Koreya arasında müharibənin başlaması ehtimalı azdır. Çünki belə bir müharibə yüzminlərin ölümünə gətirib çıxaracaq. Amerikanın keçmiş prezidenti Bill Klinton dövründə hazırlanan hesabata görə, Şimali Koreya ilə müharibə ABŞ ordusunun ən azı 60 min canlı itkisinə səbəb ola bilər. Doğrudur, bu halda Şimali Koreyanın da böyük itkiləri olacaq. Ancaq 60 min amerikalı hərbçinin ölümü Vaşinqton üçün böyük rəqəmdir. Buna görə də Amerika prezidenti Donald Tramp nə qədər emosional qərarlar qəbul etsə də, Şimali Koreya ilə müharibəyə başlamaq kimi riskli addımdan çəkinəcək. Şimali Koreya müharibədən qorxmur. Çünki avtoritar rejimdir, özünü qorumaq üçün xalqını qırğına da verər. Onu da nəzərə almaq lazımdır ki, bu ölkə avtoritar kommunist dövləti olsa da, güclü ordusu var. Şimali Koreyanın ordusu Cənubi Koreyanın ordusundan güclü sayılır. Tramp Şimali Koreya ilə münaqişədən çəkinməlidir. Çünki Şimali Koreyanın avtoritar rejimi nüvə və kimyəvi silahdan istifadə edərək Cənubi Koreyanın ərazisini viran qoya bilər. Ona görə də Cənubi Koreya Amerikanın müttəfiqi olsa da, Şimali Koreya ilə müharibə arzulamır, Şimali Koreyanın nüvə silahı probleminin diplomatik yollarla həllini istəyir. Müharibə ehtimalı azdır. Bu heç kimə sərf etmir. Buna baxmayaraq, Şimali Koreyanın nüvə silahına malik olması bölgə üçün təhdid mənası daşıyır. Bu məsələni hansısa yolla həll etmək lazımdır. Əslində 1990-cı illərdə Vaşinqtonla Pxenyan arasında dialoq mövcud idi, amerikalı rəsmilər bu ölkəyə səfər edərdilər. Məsələn, keçmiş dövlət katibi Madlen Olbrayt Pxenyana gedərək bu ölkənin o zamankı avtoritar lideri, indiki lider Kim Çen İrin atasıyla görüşmüşdü. Məncə, Şimali Koreya ilə müharibə etməkdənsə, onu yola gətirmək lazımdır. Bu məsələdə Vaşinqtona Pekin də dəstək verə bilər. Çin Şimali Koreyanın yeganə müttəfiqidir, ticarətin əsas hissəsi bu ölkə ilədir. Çinin Amerika ilə də sıx dialoqu var. Ona görə də Tramp Çinin vasitəçilik imkanlarından istifadə edə bilər. Müharibə təhlükəsi artarsa, bu hamı üçün fəlakət olacaq. Nüvə və kimyəvi silahın tətbiqi sayəsində yüz minlərlə insan həlak olacaq, müharibəyə başqa dövlətlər də qoşulacaq, dünyanı ekoloji fəlakət bürüyəcək. Odur ki, sağlam məntiqin üstün gələcəyini düşünürəm».