vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:14 | 28 aprel 2017 | Cümə Məqaləyə 2688 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sübut eləsinlər, ödəyim»

Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi: «10 milyon mənimsəmə yazıblar, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Emin Məmmədovun vəkili çıxış edib. Vəkil Rabitə Nazirliyindən daxil olan məktubu elan edib. Məktubda bildirlir ki, təqsirləndirilən Emin Məmmədov, Namazalı Məmmədov və Səhrab Hümbətov Rabitə Nazirliyinə vurulmuş maddi ziyanı tam olaraq ödəyiblər və hazırda nazirliyin adıçəkilən şəxslərə qarşı mülki iddiası yoxdur.

Hakim Əfqan Hacıyev deyib ki, hazırda nazirliyin nümayəndəsi prosesdə iştirak etmədiyi üçün bu məsələyə növbəti prosesdə baxılacaq. Prosesin davamında hakim məhkəməyə gələn məktubları həmçinin vəkillərin ötən prosesdə verdikləri vəsatətləri elan edib. Elan edilən məktublardan biri həbsdə olan Bakı Telefon Rabitə İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı Ramiz Hüseynovundur. Məktubda Ramiz Hüseynov qeyd edir ki, qardaşının əmlaklarına həbs qoyulan zaman onun da mülkinə həbs qoyublar. O, Şamaxıda olan evinin, Nizami rayonundakı torpaq sahəsinin qardaşına aidiyyatı olmadığını və üzərindən həbs görürülməsini məhkəmədən xahiş edib.

Məhkəmədə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkilləri Elxan Süleymanov və Ceyhun Yusifov məhkəmədən müdafiələrini tam olaraq qurmaq üçün məhkəmədən vaxt istəyiblər. Ceyhun Yusifov bildirib ki, ittihamın mahiyyəti tam olaraq hələ də onlara məlum deyil: «İttihamı 74 dəfə oxumuşam. 1-ci səhifədə yazılan məbləği 4 səhifədə özləri təkzib edirlər. Biz ona görə vaxtında vəsatətlər verdik ki, həmin məbləğləri hesablayan şəxslər gəlib məhkəmədə ifadə versin. Çünki hesablanan məbləğlər şişirdilib. Siz təsəvvür edin verilən 153 milyonluq ittihama ƏDV-də salıblar. Tam olaraq 23 milyon manat ƏDV-dir. Vəsatətlərimiz var ki, ekspertiza keçirilsin və pullar düzgün hesabalansın. İttiham veriblər ki, Vidadi Zeynalov hər şeyin başındadır. Zeynalov paket alan olub, paket verən yox».

Həbsdə olan BTRİB-in sabiq baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova da məhkəmədə çıxış edib. Vəkil deyib ki, müvəkkilinə verilən ittihamda məbləğ şişirdilib: «867 min manatlıq ittiham verilib. Başa düşmürəm ki, bu məbləğ haradan çıxıb və necə hesablanıb. Ekspertiza keçirilməlidir ki, bu məsələlər araşdırılsın».

BTRİB-in sabiq rəisi Beytulla Hüseynov məhkəmədən söz istəyərək çıxış edib. O, bildirib ki, istintaqa verdiyi ifadələr təhrif olunub: «Mən danışdıqlarımı yox, özləri istəyənləri yazıblar. Səmimi deyirəm, mənə 10 milyon mənimsəmə yazıblar. Mənə bu məbləği sübut eləsinlər, mən həmin dəymiş ziyanı ödəyim. Rəqəmləri elə şişirdiblər ki, sanki nazir mən olmuşam».

Bildirək ki, Beytulla Hüseynov sabiq nazir Eldar Mahmudovun qohumudur. Bütün vəkillər ekspertiza keçirilməsi ilə bağlı vəsatəti dəstəkləyiblər. Dövlət ittihamçısı Fərid Nağıyev isə ekspertiza keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib. Hakimlər müşavirəyə gedərək vəsatəti müzakirə ediblər. Məhkəmənin qərarı ilə ekspertiza ilə bağlı vəsatətlər təmin edilməyib.

Daha sonra Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxış edib. O, bildirib ki, Vidadi Zeynalovla bağlı ittiham 74 səhifədən və bir cümlədən ibarətdir: «Sonda 7 milyon, 10 milyon və 153 milyon kimi ittihamlar səsləndirilir. Bunların hansı Vidadi Zeynalova aiddir? Aydın deyil ki, hansı ziyanı ödənsin, hara ödəsin? O zaman dövlət ittihamçısı hesablasın və yekun məbləği çıxarsın».

Məhkəmədə hakim Vidadi Zeynalova ifadə verməyi təklif edib. Bildirək ki, bütün təqsirləndirilən şəxslər ifadə versə də V.Zeynalov ifadə verməyib. Vidadi Zeynalov ifadə vermək istəməməsini belə izah edib: «Təzyiqim var. İfadə vermək üçün vaxt verilməsini istəyirəm. Bir məsələni də qeyd edim ki, müstəntiq cinayət işində yazıb ki, Vidadi Zeynalov birinci gün istintaqa kömək edib. Məhkəmədə dolaşıq olan şeyləri mən sizə deyirəm».

Təqsirləndirilən sabiq baş mühasib Anar Mustafayev məhkəməyə etiraz edib. O, bildirib ki, Maliyyə Nazirliyi 153 milyon ziyanla bağlı akt yazdığı üçün bu məsələ araşdırılmalıdır: «Niyə gəlmirlər? Onlara suallarım var. 20 gün ərzində 84 müəssisəni yoxlayıblar. 4 müəssisədə 154 adda məhsulun yoxlanması ilə bağlı akt var. Bu, fiziki cəhətdən qeyri-mümkündür. Bütün rekordları qırıblar. Yazıblar ki, 51 faiz şişirtmə var. Onların yazdığı ilə hesablayanda mal qalır gömrükdə... Türkiyə bizə havayı mal verirdi? Bəs müəssisənin mənfəti hanı?»

Hakim isə bildirib ki, rəqəmləri sonda məhkəmə hesablayıb qərar verəcək: «Bunun üçün ekspertizaya ehtiyac yoxdur. Məhkəmə çətinlik çəkəndə ekspertiza təyin edir».

Növbəti məhkəmə prosesi mayın 3-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.