vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
13:14 | 2 mart 2017 | Cümə axşamı Məqaləyə 3483 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Biri itirirsə, deməli, digəri tapır

Tapdığınız və ya itirdiyiniz əşyalar üçün hara müraciət etməlisiniz?

Aygün ASİMQIZI, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Həyatda belə bir deyim formalaşıb: «Dəyərli nəsə tapmaq olduqca çətin, itirmək isə asandır». İtirdiklərimizi tapmaq isə lap çətindir. Mövzuya mənəvi baxımdan yox, əşya aspektindən yanaşsaq, itirdiklərimizin bir qismini tapmaq ehtimalı böyükdür. Çünki biri itirirsə, deməli, biri də tapır.

Amma tapan adam əşyanı hara təhvil verəcəyini bilmir. Çünki ölkəmizdə itən əşyaların, pul və sənədlərin təhvil verilməsi ilə bağlı geniş mexanizm yoxdur. O mənada ki, kimsə nəyisə tapanda həmin an hara təhvil verəcəyini, itirən isə itkisini axtaracağı yeri bilmir. Ona görə də kimsə nə isə itirəndə, yaxud tapanda elan verdiyi əsas yer sosial şəbəkələr olur. Bu isə peşəkar yanaşma hesab oluna bilməz. Bu halda həmin əşya və ya sənədin sahibinə çatması ehtimalı çox azdır.

Düzdür, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin tərkibində fəaliyyət göstərən «Tapıntılar və buraxılış bürosu» 2006-cı ildən etibarən fəaliyyət göstərir. Əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olan tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir. Bir müddət əvvəl bürodan yazı hazırlayarkən bildirilmişdi ki, tapılmış əşyalar və sənədlər bir ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə, onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq, aidiyyəti üzrə təhvil verilir. Ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və s. şəxsi sənədlər də bir ay müddətində saxlanılır. Bu müddətdə sahibi müraciət etmədikdə, ümumvətəndaş pasportları və şəxsiyyət vəsiqələri sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarına, hərbi biletlər aidiyyəti üzrə səfərbərlik xidmətlərinə, tələbə biletləri, qiymət kitabçaları, diplomlar və digər sənədlər (xidməti vəsiqələr, təqaüd kitabçaları, plastik kartlar, sürücülük vəsiqələri və s.) sahiblərinə qaytarılması üçün təhsil müəssisələrinə, sahibinin qeydiyyat üzrə yaşayış ünvanına, eləcə də digər müvafiq təşkilatlara göndərilir.

Büroya ən çox təqdim olunan sənədlər arasında isə nikah şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, diplom, tələbə bileti, attestat, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportlardı. Büronun məlumatına görə, 2015-ci il ərzində 55 hərbi bilet, 73 ilkin hərbi qeydiyyat vəsiqəsi, 298 şəxsiyyət vəsiqəsi, 170 doğum haqqında şəhadətnamə, 108 nikah şəhadətnaməsi, 44 məcburi köçkün vəsiqəsi aidiyyəti üzrə orqanlara göndərilib. 2016-cı illə bağlı statistik rəqəm isə əldə yoxdur hələ ki.

Artıq 10 ildən çoxdur fəaliyyət göstərsə də, həmin büronu ictimaiyyətin geniş təbəqəsi tanımır. Yaxın vaxtlarda isə bununla bağlı daha bir xidmət işə düşdü. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi «Azərpoçt» MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində «Poçtap» xidməti artıq istifadəyə verilib. Yəni «Azərpoçt« MMC poçt xidməti operatoru itirilmiş sənədlərin tapılması üzrə onlayn xidmət işə salıb. Nazirlikdən qəzetimizə verilən məlumata görə, «Poçtap» itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də «Şəbəkə» xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə  bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə, telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.

Eyni zamanda, sənədini itirmiş şəxs «Poçtap» xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, «169» saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmadığını öyrənə və itirilən sənədi axtarışa verə bilər.

Belə ki, http://www.pochtap.az internet səhifəsində «Sənədimi itirmişəm» bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.

Bundan başqa, itirilən sənədlə bağlı «Poçtap» xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün «Axtar» bölməsinə müvafiq məlumatları daxil edərək, axtarış etmək mümkündür.

Sənədi  tapılan şəxs onu təhvil verilən mövcud filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək ,özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş verə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək uzadıla bilər.

Qeyd edək ki, «Poçtap» xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və «Şəbəkə» xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılmasına ehtiyac olduqda isə  çatdırılma rüsumu «Azərekspresspoçt»un xidmət tariflərinə uyğun hesablanır.