Həyatı əlindən alınmış həyət ...
... Yaxud Hacıqabulun ən qocaman məktəbini necə xilas etməli?
Ondoqquzuncu yüzilin bitər-bitməzində Azərbaycanın həyatında diqqətəlayiq hadisə baş verdi. 1883-cü ildə Bakı-Tiflis dəmiryol xətti işə düşdü, bu polad yollarla ilk qatarlar hərəkət etməyə başladı.
Dəmiryol xətti dünyanın harasında olur-olsun, hansı zaman olur-olsun sağında-solunda məskunlaşmış insanların həyatına mütləq təsir edib və o yol həm də onların ömründən keçib.
Elə mən özüm də uşaqlıq, yeniyetməlik çağlarımda həmin Bakı-Tiflis dəmiryolunun lap yaxınlığında yaşayırdım, hər gün o xətlərin üstündən adlayaraq o biri tərəfdəki məktəbimizə yollanırdım.
Azərbaycan insanının həyatında xoş dəyişikliklər yaratmaqla gəlmiş Bakı-Tiflis dəmiryolunun başlanğıc dövründən Hacıqabul rayonunda bu gün də iki tikili yadigar qalmaqdadır.
Gözəyarı hesabla hər ikisi təqribən 1890-cı ildə inşa ediliblər.
Biri Hacıqabul dəmiryol vağzalıdır, o biri də ondan az aralıdakı məktəb.
Yaşı 140-a yaxınlaşan bu məktəb yalnız Hacıqabulun deyil, Azərbaycanın maarif tarixində izi olan bir təhsil ocağıdır.
Arxada qalan onillər boyunca bu məktəbdən pərvazlanmış neçə gənc sonralar Azərbaycanımızın tanınmış insanına çevrilib, respublikamızın yüksəlişləri, xalqımızın daha başıuca olması üçün çox töhfələr veriblər.
Son dövrdə bura Hacıqabulun 7 saylı tam orta məktəbi idi, daha əvvəllər 10 saylı olmuşdu, lap keçmişlərdəsə xalq arasında elə sadəcə Beynəlmiləl Dəmiryol məktəbi kimi tanınardı.
Bir zamanlar burda həyat qaynayar, məktəbin həyəti də, qarşısı da izdihamlı olardı.
...Məktəbə yaxınlaşıram və gendən məni məktəbə əsla xas olmayan bir sükut, kimsəsizlik qarşılayır.
Ona görə yox ki, yay tətilidir, müəllimlər də, şagirdlər də istirahətə gediblər.
Onsuz da məktəblərdə elə yay aylarında da həyat davam edir, adətən növbəti dərs ilinə hazırlıqlar görülür.
Hacıqabuldakı keçmiş 7 saylı məktəbdə isə vəziyyət başqadır.
BU MƏKTƏBİN NƏFƏSİNİ KƏSİBLƏR, BU MƏKTƏBİ MƏKTƏBLƏR CƏRGƏSİNDƏN SİLİBLƏR.
Giriş darvazasındakı qıfıl çoxdan paslanıb.
Hasardan aşıb həyətə atıldım.
İstər-istəməz öz şagirdlik illərim, məktəbimizin sevimli həyəti gözlərim önündə canlandı.
Bu məktəbin həyətində həyat yox idi.
BU MƏKTƏB HƏYƏTİNİN HƏYATINI ƏLİNDƏN ALIBLAR.
Hacıqabul təhsilinin əfsanəsi olan bu ikimərtəbəli məktəbin birinci qatdakı giriş qapısı da qıfıllıdır.
Pillələrlə ikinci qata qalxıram.
Ordakı giriş qapısından da paslanmış qıfıl asılıb.
Məktəb həyətinin qıfıllı darvazasını aşıb həyətə girmək deyil ki, mərtəbələrin də bu qıfıllarını adlayıb içəriyə daxil olum, dəhlizlərdən keçim, sinif otaqlarına baxım.
Amma geci-tezi var, mütləq o qapıları açdırmağa, bu binaya da, bu həyətə də yeni həyat verdirməyə nail olacağam!
Tarixlə belə biganə və özbaşına, hətta bir az da hörmətsiz və amansız rəftar etməyə qətiyyən yol vermək olmaz.
Əminəm, o fotolar ki, çəkmişəm, o şəkillər ki, bu məktəbi, onun tanış, doğma binasını, pilləkənini, həyətindəki ağacları, bir tərəfdəki məktəb stadionunu, stadionun o başında və bu tərəfindəki boş qalıb kol-kos basmış, torları çürümüş futbol qapılarını əks etdirir, çoxlarını kövrəldəcək.
Bu məktəbdən, özlərinin bu məktəbdən ötən günlərindən, sinif yoldaşlarından, bəlkə də çoxları artıq həyatda olmayan müəllimlərindən ötrü qəribsəyənlər, dünənləri anıb xatirələrin təsiri ilə qəhərlənənlər az olmayacaq.
Vaxtilə bu məktəbdə təhsil almış, sonra uzun illər Dövlət Təhlükəsizlik Komitəsində çalışmış, unudulmaz Heydər Əliyev sovet dönəmində Azərbaycan Respublikasına rəhbərlik edərkən daim onu müşayiət etmiş, hazırda təqaüdçü ömrü yaşayan polkovnik Arif Zeynalov söyləyir ki, atası Məmmədhəsən bu məktəbi hələ 1903-cü ildə bitiribmişdi və həmin məktəbdəki təhsil illəri onun gələcək taleyini də müəyyənləşdiribmiş.
Məmmədhəsən müəllim danışırmış ki, XX əsrin əvvəllərində bu məktəbin milliyyətcə rus olan bir direktoru varmış.
Hərdən məktəbin ikinci qatdakı eyvanında digər müəllimlərlə birgə əyləşib çay içərmişlər.
Balaca Məmmədhəsən də xəyal edirmiş ki, görəsən mənə də haçansa nəsib olarmı ki, müəllimlik sənətinə yiyələnim, bu məktəbdə dərs deyim, bu eyvanda oturub çay içim?
Qismət olur, Məmmədhəsən Zeynalov arzusuna çatır, Dəmiryol məktəbinin məzunu Azərbaycanın ən aparıcı maarif xadimlərindən birinə çevrilir, xidmətlərinə görə sovet əyyamlarında ən ali təltiflərdən hesab edilən Lenin ordeninə layiq görülür.
...Azərbaycanın görkəmli bəstəkarı, atası tanınmış dəmiryolçu olmuş, Hacıqabulda yaşadıqları çağlarda bu məktəbdə oxumuş Elza İbrahimova bir dəfə məndən xahiş etmişdi ki, həmin binaya, həmin məktəbə, həmin xatirəli dünənlərə həsr edilən bir şeir yazım, musiqi bəstələsin.
İndi o nəğmə bu məktəbə ağı kimi səslənərdi...
...Qızmar yay günündə bir zamanlar həyatla qaynayan, indi sükutu qulaq cingildədən məktəb həyətində tək dayanmışam, ürəyim sıyrılır...
...Bu məktəbin həyətində bir şəhid abidəsi də var.
Hələ ilk Qarabağ savaşımızda – 1992-ci ildə həlak olmuş, Hacıqabulun ilk şəhidlərindən biri Səxavət Rüstəmovun heykəli.
O zavallı da burda tək qalıb.
Qapılar qıfıllı, heç qohum-əqrəbası gəlib ziyarət də edə bilmir...
...Məktəbi onu bəhanə edib bağlayıblar ki, burda cəmi 70 şagird var.
Ehtiyat bəhanələri də bu olub ki, köhnə binadır, tədris üçün münasib deyil, qəzalıdır.
Nə o, nə bu bəhanə keçərlidir.
...Məktəb divarlarının çöl tərəfində keçmişlərdən “Dəmiryolçular evi” kimi tanınan bina var.
Həmişə burda dəmiryolçu ailələri yaşayıb, uşaqları da bu məktəbə gedib.
Evlə məktəbin arası bircə divarlıq.
Gileylənirlər sakinlər.
Deyirlər ki, bura evimizin içi kimi idi, uşaqlar bilirdilər ki, müəllimlər də elə bizim ailə üzvlərimiz məqamındadırlar, məktəbdə özlərini yaxşı aparmasalar, dərslərini zəif oxusalar, dərhal xəbər tutacağıq, özlərini yığışdırırdılar, daha məsuliyyətli olurdular.
Məktəb qapanandan sonra müəllimləri də, şagirdləri də məktəb-məktəb səpiblər.
Yaxın məhəllələrdən bu məktəbə gələn uşaqlar da başqa məktəblərə paylanıblar.
Beləcə, bir ocağın işığı söndürülüb, bütün Hacıqabulun minnətdar olduğu, Hacıqabul tarixinin şərəfli səhifəsi olan bir əziz ünvandan əl-ayaq kəsilib...
Bu arzuolunmaz ağrılı hadisənin səbəbi də qıraqdan gəlib.
Hacıqabulun təhsil işçiləri də, rayon rəhbərliyi də qorumağa çox səy göstəriblər, alınmayıb.
Heç də tətbiqi bütün sahələrdə uğurlu olmayan, yalnız işin xüsusiyyətləri nəzərə alınmaqla gerçəkləşdirilərsə fayda verə biləcək regional idarəçilik xəttinin düzgün olmayan gerçəkləşdirilməsinin bir fəsadına da yaşı 140 çatan bu məktəb, bu tarixi abidə qurban gedib.
Yox, hara qurban gedir?!
Ölməmişik ki!
Mən o məktəbin haqqını qaytarmaq üçün mübarizəyə hələ bu gün, bu yazı ilə başlayıram!
O qapılar mütləq açılacaq!
21 iyul 2024