vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 fevral 2023
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
PROBLEM  
07:15 | 28 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 1947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zombiləşən gənclik

Gözləri qaynayan, konfliktə meylli, cibində bıçaq gəzdirən və ilk fürsətdə kimisə vurmağa səbəb axtaran ...

C.ABDULLA

Mütəmadi olaraq kiminsə bıçaqlanaraq qətlə yetirilməsinə dair xəbərlər oxuyuruq. Amma xəbərə aid şəkil, xüsusilə video paylaşılanda, effektivlik baxımdan təəssürat daha intensiv olur.

16 yaşlı hələ həyatı yeni yaşamağa başlayan sağlam bir yeniyetmənin publika önündə qətlə yetirilməsi görüntüləri, istənilən normal insana pis təsir etməyə bilməz.  

Düşünmək olardı ki, ən sivil və ən geridə qalmış ölkələrdə də buna bənzər hadisələr baş verir və bu tip hadisələr təbii haldır insan cəmiyyəti üçün. Amma əslində belə deyil.

Heç bir normal ölkədə, hətta anormal ölkədə belə idman kompleksində, camaatın gözü qarşısında belə hadisə olmaz. Olma ehtimalı sıfırdır.

 Ora hansısa eyş-işrət məclisi deyil. “Sağlam bədəndə, sağlam ruh olar” tezisindən irəli çıxsaq, məqsədi müəyyən idman nəticələrinə köklənmiş normal insanların toplaşdığı yerdir. Daha doğrusu belə yer olmalıdır.

İdman komplekslərində keçirilən yarışlarda vaxtaşırı dava-dalaşları müşahidə etmək olar. Tək bizdə yox, Gürcüstanda, Dağıstanda, Rusiyada da həmçinin. Amma bıçaqsız, qan tökülmədən, sadəcə yumruq-təpiklə. Qanı qaynayan gənc idmançılar fonunda bunu haradasa normal hesab etmək olar. Böyük əksəriyyət yeniyetmə vaxtı adi futbol oyununda yoldaşlarıyla az əlbəyaxa olmayıb.

Lakin Sumqayıtdakı idman yarışında baş vermiş bu qətl hadisəsi son 15-20 ildə, əsas da son bir ayda baş verən hadisələrin konkret olaraq məntiqi sonluğudur.

Ölkənin yarısından çoxunun haqq qazandırdığı, qəhrəman gözü ilə baxdığı, qətl törədən meyxanaçı olayı. 

Bu tip insanları özünə kumir seçərək, belə hörmətə, belə “yaxşı oğlan” statusuna sahib olmaq istəyən on minlərcə yeni nəslin nümayəndələri olan zombilər, manyaklar var aramızda.

Addımbaşı bu potensial “yaxşı oğlan”ları görmək mümkündür. Daim gözləri qaynayan, konfliktə meylli, cibində bıçaq gəzdirən və ilk fürsətdə kimisə vurmağa səbəb axtaran bu zombilər istənilən an heyifslənmədən kiminsə həyatına son qoya bilərlər. 

“Əşi, bunun mənə nə aidiyyəti?” deyib keçmək olmaz. Heç bir normal vətəndaş bu tip insanların təsirinə məruz qalmaqdan sığortalanmayıb.

Nə qədər ki, cinayətkarlar örnək alınası insanlar obrazında olacaqsa, cəmiyyətimiz heç vaxt müsbət inkişafda olmayacaq.