vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 31 yanvar 2023
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
10:41 | 11 yanvar 2023 | Çərşənbə Məqaləyə 4812 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hələ “İ” hərfində qalmışıq...

Milli Ensiklopediyanın nəşrində gecikmə nə ilə bağlıdır?

NURƏDDİN

Müstəqil Azərbaycanın yeni universal ensiklopediyasının yaradılması üzərində iş 19 il əvvəl başlayıb. Prezident İlham Əliyev 2004-cü il 12 yanvar tarixində “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam imzalayıb. Sərəncamda Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb nəşr edilməsi zərurəti qeyd olunurdu.

Ötən müddətdə Azərbaycan Milli Ensiklopediyasının (AME) hazırlanması və nəşri ilə bağlı hansı işlər görülüb?

Bu barədə qəzetimizə AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev məlumat verdi.

AME-nin ümumilikdə 20 cilddə (A-dan Z-yə) nəşr olunacağını söyləyən direktor qeyd etdi ki, məqalələrin sayına görə cildlərin sayı da artırıla bilər: “Prezident İlham Əliyevin məlum sərəncamından sonra AME-nin “Azərbaycan” xüsusi cildi 2007-ci ildə Azərbaycan dilində, 2012-ci ildə isə rus dilində çap olunub. Ensiklopediyanın 2009-2020-ci illərdə 10 cildi işıq üzü görüb. 10-cu cild “İ” hərfi ilə tamamlanıb.

AME-nin hər il bir cildinin nəşr olunmasının nəzərdə tutulduğunu bildirən Tofiq Nağıyev vurğuladı ki, COVİD-19 pandemiyası səbəbindən 11-ci cildin nəşrində iki il gecikmə yaranıb: “Bu ilin sonuna qədər 11-ci cild nəşr olunacaq, 12-ci cild üzərində isə iş gedir. Ensiklopediyanın nəzərdə tutulan digər cildləri də qarşıdakı illərdə yüksək keyfiyyətdə hazırlanaraq oxucuların ixtiyarına veriləcək”.

Xatırladaq ki, ensiklopediyanın cildlərinin nəşrə hazırlanması və çapa təqdim edilməsi AMEA-nın tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat –  “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində həyata keçirilir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixli sərəncamı ilə yaradılıb.

Mərkəzdə ensiklopediyanın cildlərinin hazırlanması AME Redaksiya Heyəti tərəfindən təsdiq olunmuş müəlliflər və elmi redaktorlar üçün nəzərdə tutulmuş “Metodik göstərişlər”ə riayət edilməsi ilə aparılır.

Ensiklopediyanın cildləri üzərində işlərə başlanmazdan əvvəl gələcəkdə bu topluya daxil olacaq bütün məqalələrin ilkin siyahısını təşkil edən sözlük tərtib olunub və sahələr üzrə səkkiz kitabdan ibarət “Sözlük” toplusu çap edilib. “Sözlük”dəki siyahıya uyğun olaraq, təbiət və humanitar elmlər üzrə redaksiyalarda məqalələr yazılır. Məqalələrdə təbiət hadisələri, biomüxtəliflik, coğrafi ərazilər, dünya ölkələri, iri vilayətlər və şəhərlər, millətlər, elm və texnikanın nailiyyətləri, məşhur sənət əsərləri, mühüm siyasi və ictimai proseslər, tarixi faktlar, görkəmli tarixi şəxsiyyətlər, ictimai-siyasi xadimlər, filosoflar, yazıçılar, şairlər, maarifçilər, xeyriyyəçilər, mədəniyyət və incəsənət xadimləri barədə yığcam məlumatlar öz əksini tapır. Bu zaman Azərbaycanın təbiətinə, tarixinə, coğrafi bölgələrinə və yaşayış məntəqələrinə, respublikamızdan kənarda olan Azərbaycan tarixi-etnik torpaqlarının toponimlərinə, ictimai həyatın siyasət, hərb, elm, idarəçilik, mədəniyyət, idman və s. sahələrində mühüm işlər görmüş və ya böyük nailiyyətlər əldə etmiş, Azərbaycan dövlətində aparıcı vəzifələrdə çalışmış insanlar barədə məlumatlara xüsusi diqqət verilir. Görkəmli dövlət xadimlərinin, AMEA-nın həqiqi və müxbir üzvü, Xalq yazıçısı, Xalq şairi, Xalq rəssamı, Xalq artisti kimi fəxri adlara layiq görülmüş şəxslərin, generalların və admiralların, elmlər doktorlarının hər birinə məqalə həsr olunur. Öz tarixi vətənindən kənarda yaşayaraq böyük nailiyyətlər əldə etmiş azərbaycanlıların, başqa millətlərdən olan, lakin Azərbaycan xalqının və dövlətçiliyinin mənafeyi üçün əhəmiyyətli işlər görmüş şəxslərin də hər biri haqqında məqalə tərtib edilir.

Ensiklopediyanın hər bir cildi (təqribən 600 səhifə) iki variantda nəşr edilir. Xüsusilə nəfis şəkildə tərtib olunmuş satış variantı Almaniyada, nisbətən sadə, lakin yüksəkkeyfiyyətli kitabxana variantı isə Bakıda “Şərq-Qərb” nəşriyyatında çap olunur.

Azərbaycan Milli Ensiklopediyasının saytı da (ensiklopediya.gov.az) fəaliyyət göstərir.