Kartel sövdələşməsi
100 Mbit internet kənd sakinlərinin nəyinə lazımdır?
Osman GÜNDÜZ
MÖVZU İLƏ ƏLAQƏLİ
Eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir vətəndaş 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməyə məcbur olacaq. Ödəyəcəkmi, istifadə edəcəkmi? Yoxsa, interneti şərikli olacaq?
Dövlət operatorları son iki ildə minimal internet tarifini 2 dəfədən çox qaldırıb.
Son iki ildə “Aztelekom” və “Baktelecom” dövlət operatorlarının qiymət siyasəti aşağıdakı kimi olub :
2022-ci ilədək olan dövr
4 Mb/s - 10 manat
10 Mb/s - 12.5 manat
2022
15 Mbit/s - 15 manat
30 Mbit/s - 18 manat
2023
40 Mbit/s – 18 manat
2024, 15 avqust
100 Mbit/s - 25 manat
Burada reallıq nədən ibarətdir?
İlk öncə qeyd edim ki, əlçatanlıq, biznes və inkişaf və rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksək sürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir.
Son 3 ildə ölkədə bu istiqamətdə ciddi, nəhəng işlər görülüb.
Amma əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyacı yoxdur.
Regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir.
Regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhali də iki il öncə 10-12 manat verib bu internet sürətini əldə edirdi.
Ötən ildən isə “Aztelekom” bu minimal sürəti 50 faiz qaldırıb 18 manat (40 Mbit/s) etmişdi.
İndi isə şirkət yenidən bu minimal tarifi daha 40 faiz qaldıraraq 25 manat etməyi düşünür.
Təsəvvür edin ki, regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zəruri olan internetin qiyməti son iki ildə toplam 100 faiz qalxıb.
Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək çün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat xidmətə indi 25 manat ödəməlidir.
Biz hökumətə və RİNN-ə təklif etmişdik ki müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tariflər əvvəlki qaydada saxlanılsın.
Antiinhisar və İKTA!
Sizin gözünüzün qarşısında inhisarçı son iki ildə minimal tarifi 2 dəfə qaldırıb.
İstehlakçıların hüquqlarını qorumaq sizin vəzifənizdir. “Aztelekom” da dövlət operatorudur və rəsmi sənədlərə görə inhisarçıdır.
Tələbatı olmadığı halda bu pulu kənd əhalisindən qoparmaq, ona tarif seçimi imkanı verməmək nə dərəcədə ədalətlidir?
Nə baş verəcək?
1. Regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq.
2. Regionların və kəndlərin rəqəmsal transformasiyası ləngiyəcək.
3. Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir hal olacaq.
4. Antiinhisarın və İKTA-nın inhisarçılar qarşısında nə qədər gücsüz olması açıq formada görünəcək və s..
***
Antiinhisar Dövlət Xidməti minimal internet tariflərinin qaldırılmasına sərt münasibət sərgiləyib.
İlk dəfə rastlaşdım ki, Antiinhisar rəsmi açıqlamasında “KARTEL SÖVDƏLƏŞMƏSİ” ifadəsi işlədib.
Həmçinin açıqlamada təqdim olunan internet tariflərində “seçim imkanlarının məhdudlaşdırıldığı” qeyd edilib.
“Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.
Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir.
Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”.
Antiinhisar Dövlət Xidməti araşdırmalar aparıldığını, nəticəsindən asılı olaraq qərar qəbul ediləcəyini bildirib.