vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9570 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2216 AZN
Türk lirəsi 1 TRY = 0.3012 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜƏLLİF  
21:01 | 1 iyul 2013 | Bazar ertəsi Məqaləyə 1385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Arvad məni özünə yaxın buraxmır»

«Poeziya buketi, nəğmə çələngi» layihəsi

Murad KÖHNƏQALA

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan poeziyasının nəhəng simalarından biri də ötən əsrdə yazıb-yaratmış Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmdir. Onun gənclərə nəsihət mənasında yazdığı “Duz-çörək” şeiri uzun müddət dillər əzbəri olmuş, xanəndə nəğmələrinin segah hissəsini bəzəmişdir. Bu yazımda Xalq Şairinin beş bəndlik qoşma ilə nələri demək istədiyini sizlərə çatdırmağa çalışacam. Beləliklə, birinci bənd gəlsin!

İnsanın şərəfi, bəzəyi məncə,
İnan, nə ipəkdir, nə tirmə, oğlum!
Yaxşıdan yaxşı ol ellər içində,
Dostuna bir ziyan yetirmə, oğlum!
Göründüyü kimi, şair birbaşa qolunu çərməyərək elə birinci bənddən nəsihətə başlamışdır. Deyir, oğul insanın bəzəyi  tirmə-şaldan olmaz! Çoxları ipək köynək, tirmə kostyum geyə bilər, lakin paltar insana şərəf gətirməz! Bəs insanı nə bəzəyə bilər? Sualın cavabı bəndin sonuncu misralarındadı. Deyir, ellər içində həmişə yaxşı olmaq üçün dostuna ziyan yetirməməlisən. Yəni, dostuna ziyan yetirən adam heç vaxt ellər içində yaxşı ola bilməz. Şairin bu qiymətli əsərini  sovet vaxtından bu günümüzün gəncliyinə göndərdiyi mesaj da saymaq olar. Bildiyimiz kimi, gənclər  öz dostuna ən çox toylarda xəsarət yetirirlər. Xalq Şairi demək istəyib ki, əynində tirmədən kostyum olsa da öz dostunu oyun havasına görə heç vaxt bıçaqlama!
Keçək ikinci bəndə, deyir: 
Yersiz gülümsəmə, yersiz ağlama,
Bir könül də qırma, sinə dağlama.
Sirrini ellərdən gizli saxlama,
Dilinə yalan söz gətirmə oğlum!
Doğrudan da bir də görürsən, bir gənc sahildəki skamyaların birində oturub dənizə, yaxud uca bir binaya baxıb gülümsəyir. Yəni, oğul, o dənizdən, o binadan sənə bir xeyir yoxdusa, nöş yersiz irişirsən? Yaxud başqa misal, bir də görürsən, gənc xanım ona yad olan yas yerində dizlərinə döyüb ağlayır. Düzdü, bu iş üçün ölü yiyəsi ona pul ödəyir, lakin olmaz, yersiz ağlamaq olmaz!
Sonra şair qeyd eləyir ki, insan öz sirrini ellərdən gizli saxlamamalıdı. Həm də öz sirrini ellərə danışan vaxt düzünü deməlidi. Yəni, vəziyyət belə olmalıdı, tutaq ki, sən şəhərdə yaşayırsan. Gecə evdə, ailədə nə baş veribsə, balkona çıxıb hamısı ətrafdakılara qışqırmalısan. Məsələn belə: “Ay camaat, axşam evə girən kimi qanım qaraldı, həyat yoldaşım dedi, işıqdan gəlmişdilər, 32 manat borcunuz var. Dərhal qanım qaraldı, iştaham küsdü. Uşağı göndərdim ki, get, aşağıda Məsimin dükanından bir araq götür, deynən, dədəm deyir, gələn həftə borcun hamısını verəcəm. Uşaq gəldi ki, Məsim deyir, dədən utanmırmı, köhnə borcları verməmiş təzədən araq istəyir? Qanım it qanına döndü, kartof qızartması stolun üstündə qaldı, acığımdan gedib ac yatdım”.
Sən binada tək deyilsən ki, bu zaman bütün qonşular balkona daraşıb gecə nə işlə məşğul olduqlarını ucadan danışmalıdı. Eldən heç nəyi gizlətmək olmaz! Dərdini qışqırmaq üçün hərə özünə bir meqafon almalıdı. Bir də gördün o biri binadan kimsə qışqırır: “Ay camaat, sizdən nə gizlədim, ta, arvad məni özünə yaxın buraxmır, sizcə ondan şübhələnə bilərəmmi?” Qonşular da onun bu vəziyyətini müzakirə eləməyə başlayacaqlar. Biri deyəcək, ola bilsin yaxşı “podxod” eləməmisən, biri deyəcək, sən onu güd, biri deyəcək, a kişi, sənin arvadını görmüşəm, ona yaxın getməsən yaxşıdı. Beləcə, aydınlıq şəraitində qeybət də aradan qalxar.   
Keçək üçüncü bəndə:
Yel qanadlı illər ömürdən gedir,
İnsan zəhmətiylə kamala yetir.
Bağında nərgizlər, lalələr bitir,
Tikanlar, qanqallar bitirmə, oğlum!
Görün, ömrümüzdən keçən illəri şair necə səciyyələndirmişdir: “yel qanadlı illər!” Bəh-bəh-bəh! Adama ləzzət eləyir, yəni illər yeldən, küləkdən özünə qanad taxıb uçur. Ona görə də insan zəhmət çəkib kamala yetməlidi. Zəhmət çəkməyən heç vaxt kamala yetə bilməz! Məsələn, cüzi maaşa işləyib əziyyət çəkməyən, yaxud ayağında rezin çəkmə, su üstündə cuvarla dalaşa-dalaşa kənd yerində kartof becərməyən adam kamala necə yetə bilər?
Sonra şair nəsihət eləyir ki, bağımızda qanqal, tikanlı kol yox, nərgiz-lalə yetişdirək. Əlbəttə, Sosialist Əməyi Qəhrəmanı burada da haqlıdı. Tutaq ki,  bir adam tərsliyinə salıb öz bağına qanqal, tikan əkdi. Və o qanqal-tikanlar böyüyüb bağı ağzına götürdü. Bəs sonrası nə olacaq? Axı, bağ sahibi qanqalların, tikanların arasında  gəzərkən əvvəl-axır onun ayağına qanqal batmalıdı, ya yox? Sonra o, həkimə getməlidi, ya yox? Həkim onu müayinədən keçirəndə filan qədər pul almalıdı, ya yox? Bizim bu axmaq bağban uzun reseptlə aptekə getməlidi ya, yox? Gördünüzmü, şair doğru buyurub! Razılaşın ki, qanqaldansa, lalə-nərgiz əkmək daha yaxşıdı.
Xahiş edirəm bir az səbr eləyin, dördüncü bənddi, qurtarmağına bir şey qalmayıb. Hə, deyir:
Ürəyim arzuyla doludur, dolu,
Hünər meydanıdır bu həyat yolu.
Bilmədiyin işi gözüyumulu,
Söz verib öhdənə götürmə, oğlum!
Bəli, hər bir şairin ürəyi arzuyla limhəlim dolu olmalıdı, inanmayan gedib AYB-dəki şairləri söylədə bilər. Şair burada bizi həm də hünərə, qəhrəmanlığa, mərdliyə, sədaqətə səsləyir. Arxasınca başa salır ki, insan başı girmədiyi yerə bədənini soxmaz. Məsələn, gedib banklardan gözüyumulu kredit alırsan, sonra da tələb olunan yüksək faizi ödəyə bilmirsən. Sonrası nə olur? Türmədən canını qurtarmaq üçün yaşadığın evi satıb bankın pulunu ödəyirsən. Ona görə deyir ki, bilmədiyin şeyləri öhtənə götürmə, ay yazıq!  
Muştuluğumu verin, artıq sonuncu bənddi! Deyir:
Oxu öyüdümü sən sətir-sətir,
Dilindən məclisə səpilsin ətir.
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!
Şair bizlərə bu şeiri çox diqqətlə, sətir-sətir, küçə-küçə, tin-tin gəzib öyrənməyi, tədqiq eləməyi tövsiyə edir. Söz verir ki, istənilən məclisdə bu şeiri əzbər deyənin hörməti qalxacaq. Arxasınca məsləhət görür ki, qazancımızı, mal-dövlətimizi itirsək də, duz-çörəyi itirməyək.
Bu nə deməkdi? Yəni bir adamla oturub yemək yedinsə, demək, oldunuz bir-birinizin qulu! Bəzən duz-çörək söhbətini başqa vəziyyətlə qarışıq salırlar. Xalqımızın belə bir adəti var, psixikası zədələnən uşaq yuxuda ucadan sayıqlamasın, dik atılıb qorxmasın deyə balıncının altına duz-çörək qoyurlar. Bu, bir növ xəstəni yoldan çıxarmaq istəyən şeytana “mən ölüm” vurmaqdı. Yəni, sən bu duz-çörək, uşağa dəymə! Şeytan da duz-çörəyi görüb uşaqdan əl çəkir. Beləliklə, uşağı həkimə aparıb çoxlu pul xərcləməkdən valideynin canı qurtarır. Deməyim budu ki, şair duz-çörək deyəndə balıncın altındakını yox, stolun üstündəkini nəzərdə tutur. Həm də buraya təkcə duzla çörək yox, eləcə də müxtəlif yemək-içmək daxildi. Kababından tutmuş xiyar turşusuna, arağına qədər! Yəni, bir kişi ilə yeyib-içdinsə, demək oldun canbir qardaş. Mal-qaranı itirə bilərsən, bir bağlama pulu fikirli-fikirli metroda qoya bilərsən, lakin yeyib-içdiyin adamı, həmin məclisi heç vaxt unutmamalısan. Bax, budur şairin bizə qoyub getdiyi nəsihətin əsas özəyi!

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)