vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜƏLLİF  
14:38 | 23 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«dAŞKa»

Rus qıznın ötrü Rusiyaya gələn türkün macəraları

Azər SARIOĞLU

Məhəbbətin nə bəla olduğunu uşaqlıqdan eşitmişdim. Bu xəstəliyə tutulduğum gənclik illərində də onun barəsində kitablardan oxuyub öyrəndim. Elə çıxmasın ki, indi məhəbbət mərəzindən uzağam və bu qeydimi xüsusi olaraq xanımımın qorxusundan edirəm. Qətiyyən! Səmimiyyətimə inanın, elə indi də məni məhəbbət xəstəsi hesab etmək olar. Amma daha yeniyetməlik dövründəki kimi başıma vurub divara dırmaşdırmır.

Gördüyümü, görmüşdüm. Həmin illərdə, yəni ağlımın uçub vücudumun sarsıldığı illərdə məni əsir günə qoymuş bu mərəz barədə çeşidli kitablar oxuyurdum. Məhəbbət obyektlərim bir-birini əvəzlədikcə, oxuduğum mətnlərin də dəyişir, sayları artırdı. Xüsusən də poetik nümunələrin. Sinif yoldaşlarım və küçə uşaqları öz aralarında Məcnunun və Kərəmin dalına vedrə bağlayıb onların əfəlliyinə güləndə, məsxərəyə qoyulmayım deyə, sözdə onlarla razılaşırdım. Amma ürəyimin dərinliyində Kərəmi də, lap elə Məcnunu da anlayan kimi olurdum. Bu arada deyim ki, məhəbbətlərimi tez-tez dəyişməyimin günahı da məndə deyildi. Əsgərlikdən sonra universitetin hüquq fakültəsindən hər dəfə kəsiləndən sonra həm öz kəndimizdə, həm də qonşu kəndlərdən olan sevgililərim qapılarına gələn birinci elçiyə «hə» deyirdilər. Sirrimi açdığım rəhmətlik nənəm də məni imtahandan kəsən müəllimlərin ölülərini boy sırasına düzürdü. Əslində nənəmə deyilən sirr sayılmazdı. Sadəcə ailə üzvlərmiz həm aradan pərdəni götürməmək üçün, həm də ağbirçək arvadı hörmətdən salmamaqdan ötrü özlərini elə aparırdılar ki, guya heç nədən xəbərləri yoxdur. Valideynlərimin və balaca bacılarımın mənim məhəbbət dastanlarımdan xəbərdar olduqlarını Rusiyada yaşayan, «Çərkəz» bazarında yük arabası sürən, lakin kənddə özünü «kommersant» kimi qələmə verən, məndən on yaş böyük əmim oğlunun qısamüddətli qayıdışından sonra bildim. «Bu nədir ə, yapışırsan acın-yalavacın qızından? Kolxoz sədrinin maral kimi qızı var…» sözlərini eşidəndə, utandığımdan az qaldım yerin dibinə girim. Qızara-qızara «Mən axı onu sevmirəm…» demişdim ki, domba gözlərini ağartdı:

- Zayıl oğlu, zayıl. Dayılarına çəkmisən. Sevmək nədir ə?

Əmioğlu nə təhər təpindisə, həmin vaxtdan onunla bu mövzuda söhbəti yığışdırıb qoydum Alı bəyin sandığına.

Səni özümlə Rusiyətə aparacağam. Orada nə canlar görəcəksən. Orada 30 yaşından yuxarılara nənə kimi baxırıq. Kef, görəcəksən e, kef.

İstər-istəməz bədənim oynadı. Qanımın damarlarımda qaynayaraq necə sürətlə başıma doğru dırmandığını əmioğlu da hiss etdi. Sarışın olduğumdan qulaqlarım məni ələ verdi. Ağzını alliqator ağzı kimi açaraq, fırçanın, təmizlənmənin nə olduğunu bilməyən sapsarı dişlərini qabağa, ətli, çapıq ovurdlarını arxaya verib ucadan qəh-qəhə çəkdi. Elə bil qoca yabı kişnədi.

Kişiylə danışdım. Əvvəlcə hazırlığa düzəldəcəyik səni, «veçerniy»ə. Gündüz mənim yanımda işləyəcəksən, axşamlar da oxuyacaqsan. Sonra da «Yurfaq»a düzələcəksən…

Yüklərimizi kupenin yatacaqlarının altına qoyub bircə köhnə zənbili saxlamışdıq. Qatarın tərpənməsini gözləyirdik ki, anamın qoyduğu soyutma toyuğu, yumurtanı, turşunu çıxarıb əmioğlunun aldığı qırmızıbaş araqla vuraq. Əmioğlu «Allah eləyə, kupe yoldaşlarımız urus qızları ola» demişdi ki, qapı açıldı və geyimindən-keçimindən imkanlı adama oxşayan, şişman, qıpqırmızı, yekəburun bir kişi içəri girdi. «Selamun aleykum»undan türkiyəli olduğunu bildim. Əmoğlunun qulağına «türkdür» pıçıldadım.

- Mesxet?

- Yox, Türkiyədən.

Bizim pıçıldımız kupe qonşumuzun vecinə də deyildi. Bahalı kəşmir parçasından olan sarı rəngli paltosunu fısıldaya-fısıldaya, ağır-ağır soyundu və mənim başımın üstündəki yatağa atdı.

Delikanlı, şu iki yatakın ikisini de ben aldım.

Tamam abi.

Əmioğlu sarı, seyrək kiprikərini döyə-döyə qalmışdı.

Ə, sən bu dili haradan öyrənmisən?

Bunlar da bizim kimi türküdürlər də…

Bəyəm biz türkük, mesxetik?

Türkük, Azərbaycan türkü. Başqa vaxt danışaram.

İbrahim Tatlısəsin kövrələ-kövrələ baxdığım filmlərindən öyrəndiyim türkcədə soruşdum:

- Abi, iyi yeməklərimiz var, acmısın.

-Təşəkkür edərim, yok, tokum.

- «Deyəsən, bizim dili öyrənib hayy?» əmioğlu gözünü anadolulu qonşudan çəkmədən pıçıldadı.

- Sizin dil, bizim dil yok, bey efendi.

- Ayə, bax e, sən Allah «sizin dil, bizim dil» deyir. Maşallah, yaman yaxşı öyrənmisən ha, qonaq. Ayə, zənbili aç, bu qonağın sağlığına vuraq. Gələn də olsa gəlsin də, qoşular bizə.

- Heç kim gəlməyəcək, yerin ikisini də alıb.

Elə bil əmim oğlunun üzündə güllər açdı:

- Ayə qaç, vaqon tərpənməmiş bir dənə də araq al.

- Bəsdir də, əmioğlu, mən onsuz da lap az içəcəyəm.

- Ayə sənə «iç» deyən var, nə deyirlər, onu elə.

Gözlərinin dombalmasından gördüm ki, əmioğlu hirslənir. Ona görə də sözünü çevirmədim. Amma nəyə qəzəbləndiyini bilmədim. Vaqondan düşüb ən yaxın kioskdan bir araq aldım. Kupeyə girəndə gördüm ki, əmioğlu əlində araq stəkanı sağlıq deyir:

«Gəl, gəl əmioğlu, biz ağsaqqalla iki «rumka» vurmuşuq «uje».

İkinci araqdan sonra kişinin dərdi açılmışdı. Rusiyaya, Kaluqa şəhərinə Türkiyədə təxminən altı ay birlikdə yaşadıqları Daşa adlı bir qızı axtarmağa gedirdi. Daşa ilə harada tanış olmaları, haralarda, necə gəzdikləri barədə, onu dünyada hamıdan, hətta uşaqlarından da çox sevdiyini yanıqlı-yanıqlı danışdrı. Nureddin abi (adını məclisin gedişində öyrəndik) «Daşa» dastanının bir əhvalatından digərinə keçəndə, «ah, Daşka»(qızın rus rəfiqələri onu elə çağırırmış), «Aşk a» deyə ah çəkir və siqaret yandırırdı. Əmioğlu öz ucuz papiros qutusunu kənara qoyub abinin bahalı siqaretini dədəsinin malı kimi çəkirdi. Nureddin abi «daşka», «aşk a» deyəndə, «aşk»ı xüsusi vurğu ilə, içdən, göynəyə-göynəyə söyləyirdi. «Aşk» Nureddin abini saqqalının ağ vaxtında sözün əsl mənasında çöllərə salmaq üzrəydi - Rusiya çöllərinə. Məcnunla fərqi onda idi ki, Məcnun piyada gəzirdi, bu isə qatarla.

Bey efendi, Moskovada oturduğunu söylədin. Kaluqa Moskovaya yakınmıdır?

«Elə uzaq sayılmaz». Sərt təəccüblə əmioğlunun üzünə baxdım. O da gözlərini ağartdı: Yəni, səs eləmə.

Narahat olma e, tapacağıq sizin Daşanı. O da olmaz, başqa Daşa taparıq.

Anlamadım…

Nureddin bey, amcaoğlu söylüyor ki, Daşa hanımı bulacağız, merak etmesin.

Allah razı olsun. Ben bir mektub da yazdım, Daşacığıma. Rusca.

İki bortlu qızılı düyməli pencəyinin içəri cibindən qatlanmış kağız parçasını çıxarıb mənə uzatdı.

Məktub yarı rus, yarı türk dilində yazılmışdı. Türkcə də yaza bilərmiş. Daşa Antalyada çalışarkən türkcə öyrənibmiş. Bir az romantik çıxsın, bir az da sevgilisinə jest olsun deyə, məktubu yarı rusca yazıb. Rusca sözlər də latın qrafikası ilə yazılmışdı. Nureddin bəy məktubun rus sözləri olan yerini oxuyanda, əmioğlum onun sözləri yanlış tələffüz etməsinə şaqqanaq çəkib gülürdü. Amma görəndə ki, bu, varlı türk qonşunu əsəbiləşdirir və ayıldır, özünü yığışdırdı, tələsik araq süzdü. Artıq üçüncü şüşəyə keçilmişdi.

Rus sözlərinin çoxu düzgün yazılmamışdı. Orta məktəbdə alayarımçıq öyrəndiyim, əsgərlikdə də guya təkmilləşdiridiyim rus dili savadımın o zamankı səviyyəsinə görə düzəlişlər etdim və Nureddin abiden bir dənə də «Allah razı olsun» qazandım.

Üçüncü şüşəni bitirdikdən sonra əmioğlu «Ağsaqqal birini də içəkmi?» deyə soruşdu.

Yok ya, yetər- Qonaq əllərini güclə havada yellətdi-Ben bi lavaboya kadar gideyim.

Nureddin bəy tualetdən döndəndə əmioğlu yuxulamışdı. Hətta arada bir xoruldayırdı da.

«Bu çocuk dayanıqsız ya…» Nureddin bəy astadan, için-için güldü. Pencəyini ağır-ağır çıxardı və yuxarı yataqdakı paltosunun üzərinə qoydu. Sonra iri gövdəsini kupenin kiçik yatağına atdı. Uzandığı yerdə bir siqaret çəkdi və «ah Daşka, aşk a» deyə-deyə yuxuya getdi.

Tualetdən qayıdanda gördüm ki, əmioğlum Nureddinə baxa-baxa onun kəşmir parçadan tikilmiş, dörd bortlu pencəyinin ciblərini eşir. Qalın pul kisəsini gördükdə, üzü güldü. Tez əlindən yapışdım:

- «Nenirsən, əmioğlu, vallah günahdır, ayıbdır…

- Əlini çək, dayısına oxşamış, dümbələk. Onsuz da aparıb urusun fahişəsniə yedizdirəcək.

Əmioğlu elə hirslənmişdi, sifəti elə hal almışdı ki, təbiət filimlərində gördüyümüz, şikarı ağzından çıxmış yırtıcı heyvanlara bənzəyirdi. Anladım ki, onu fikrindən daşındırmaq mümkün olmayacaq.

- Heç olmasa, 5-10 dollar saxla, yazıqdır. Bir də ki, pasportunu neynirsən, nəyinə lazımdır?

- Düz deyirsən, əmioğlu pasportunu götürmək kişilikdən deyil. Ala, bu da sənin xətrinə 20 dollar, bəsidir. Tez elə «Minvod»da düşəcəyik.

- Axı Moskavaya…

- Ayə çııx!

- Bəs çemodanımız…?

- Təkcə pencəklə paltonu satıb elə çemodandan yüzünü alaram sənə, çıx!

Məhəbbətin necə bəla olduğunu, insanın başına nələr gətirdiyini onda gördüm. Bütün oxuduqlarım, xəyallarım alt-üst olmuşdu. Ah məhəbbət, məhəbbət! Sən nə olarsanmış. İnsanı yad ölkədə, çölün düzündə əsir-sərgərdan qoyarsanmış.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)