vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:16 | 24 yanvar 2014 | Cümə Məqaləyə 2981 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gəzməməkdən ayaqlarım tutulub»

Gülər Əhmədova mətbuatı və Elşad Abdullayevi günahlandırır

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə sabiq YAP-çı deputat Gülər Əhmədovanın apelyasiya şikayəti üzrə hazırlıq iclası davam etdirildi. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, dövlət ittihamçısı Nəsir Bayramov öncə vəkil Əfsər Talıbovun ötən iclasda qaldırdığı vəsatətlərə münasibət bildirdi.

Prokuror vəkilin qaldırdığı 17 vəsatətlin əleyhinə oldu: «Sübutların siyahıdan çıxarılması məsələsinə indidən baxıla bilməz. Şahidlərin dindirilməsi barədə vəsatətlərə gəlincə isə məhkəmə istintaqı aparılmadıqda bu, mümkün deyil. Doğrudur, apelyasiya baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə də vəsatət qaldırılıb. Hesab edirəm ki, birinci instansiya məhkəməsində işin bütün halları araşdırılıb. Ona görə də apelyasiya baxışının məhkəmə istintaqı ilə aparılması üçün hər hansı əsas görmürük. Verilmiş vəsatətlər təmin edilməməli, apelyasiya baxışı məhkəmə istintaqı olmadan aparılmalıdır».
Müşavirəyə gedən hakimlər kollegiyasının qərarı da eyni oldu. Məhkəmə vəkilin vəsatətinin heç birini təmin etmədi. İşin məhkəmə baxışına verilməsinə və prosesin məhkəmə istintaqı olmadan keçirilməsinə dair qərar verildi.
Məhkəmə prosesi 6 fevral, saat 12:00-a təyin edildi.
Onu da qeyd edək ki, hakimlər müşavirədə olarkən Gülər Əhmədova  məhkəmə zalında olan jurnalistlərə bir sıra məsələlərlə bağlı açıqlama verdi. Sabiq YAP-çı deputat ilk növbədə ötən məhkəmə iclasından reportaj hazırlayan bir sıra mətbu orqanlardan narazılığını bildirdi: «Mən ona görə ötən məhkəmədə vəsatət qaldırdım ki, jurnalistlər iclasa diktofonla buraxılsınlar. Budur, ağızlarına gələni yazıblar. Yazıblar ki, guya mən Elşad Abdullayevin pulunu qaytaracağımı demişəm. Mənim fikirlərim təhrif olunub. Elşad Abdullayevdən pul almamışam, heç nə qaytarmaq fikrim olmayıb, olmayacaq da. Zatən onun mülki iddiası da təmin olunmayıb. O, zərərçəkmiş qismində tanınmayıb».
Gülər Əhmədova jurnalistlərə Elşad Abdullayev barədə daha bir məlumatı bildirdi. Sabiq deputatın sözlərinə görə, hüquq-mühafizə orqanları adıçəkilən şəxsin beynəlxalq axtarışa verildiyini bildirsə də İnterpolun rəsmi səhifəsində onun adı yoxdur: «Gedin, siz də o səhifəyə baxın. Görün o adamın adı orada var, ya yox. Bu adam tutulub bura gətirilməsə, şər-böhtanları qurtarmayacaq. Strasburqun nağıl yazmaq üçün gözəl havası var. Mən özüm 12 il ora gedib-gəlmişəm. 1 milyon manat Elşad Abdullayev üçün 100 manat kimidir. O, Azərbaycanı tərk etməzdən iki gün əvvəl universitet üçün lisenziya almaq adı ilə dekanlardan 2 milyon manat pul yığıb, sonra da o pulları cibinə qoyub gedib Fransaya. Pul verənlərsə səslərini çıxara bilməyiblər ki, birdən onlardan da «sən bu pulu hardan almısan» deyə soruşarlar. Bu sual hamıya ünvanlanır. Bir tək Elşaddan başqa. Elşad Abdullayevin səhifə aldığı mətbuat orqanlarına üzümü tutub demək istəyirəm ki, hamı ailəsinə, balalarına çörək aparmaq üçün zəhmət çəkir. Amma bu çörək hansısa qadının şərlənməsindən, övladının göz yaşlarından keçirsə, halal deyil axı. İstintaq da, məhkəmə də, Azərbaycanın 99 faizi də yaxşı bilir ki, mən Elşaddan pul almamışam. Mənim kimi adama pul vermək olardı?!
Elşadın işi ilə bağlı həbsdə olan adamların arasında yeganə mənəm ki, bunu sübut edən nə video, nə sənəd, nə də şahid var. Vaqif Hüseynovda, Arzu Kazımovda konkret sənədlər var idi, Mirələkbər Seyidovda səhv etmirəmsə, hətta video da vardı. Mən heç özüm də bilmirəm ki, nəyə görə tutulmuşam».
Daha sonra Gülər Əhmədova bu günlərdə vəkil Elçin Sadıqovun onun barəsində səsləndirdiyi fikrə də münasibət bildirdi. Xatırladaq ki, vəkil sabiq deputatın sifarişi ilə təcridxanada onun müvəkkili Şəmsiyyə Bəylərqızına təzyiq göstərildiyini, övladı ilə görüşünə maneələr yaradıldığını demişdi. Vəkilin sözlərinə görə, Gülər Əhmədova gecələr şəhər gəzintisinə çıxarılması ilə bağlı xəbərlərin yayılmasında Şəmsiyyə Bəylərqızından şübhələnir.
Gülər Əhmədova bu xəbəri təkzib etdi: «Ağ yalandır. Elçin Sadıqov Əvəz Zeynallının vəkili idi. O vaxtdan da mənə qarşı şər-böhtan kampaniyası aparır. Vəkillik karyerasında yüksəlmək istəyir. Kifayət qədər adamlar var ki, mənim adımdan istifadə edib özlərini reklam edirlər. Mənim adımla kim reklam olunmaq istəyirsə, ona uzun ömür, can sağlığı arzulayıram. Mənim gecələr təcridxanadan gəzintiyə çıxmağım mümkün deyil. Orda hətta adamları da kameradan bir-bir çıxarırlar. Dustaqlar bir-birini görə bilmirlər. Əgər mənim adımın keçməsi Şəmsiyyəyə nədəsə kömək edəcəksə, buna etirazım yoxdur. O da bir qadındır, anadır. Mənim ayağım gəzməməkdən tutulub. Bir neçə kvadratmetrlik kamerada nə qədər gəzmək olar ki? Nə ağac görürsən, nə hava görürsən. 7 metrlik quyu kimidir. 3 il cəza alacağımı gözləmirdim. Hər kəs öz günahını yaxşı bilir. Bir daha deyirəm ki, mənim heç bir günahım yoxdur».