Sözüm onlaradır
16-lıqları vaxtında aşkar etmək lazımdır
Bir müddət əvvəl “Film Fiction” səhifəsində Azərbaycan kinoteatrlarının bayağı filmləri nümayiş etdirməsi barədə tənqidi yazı getmişdi. Yazıda deyilirdi ki, ölkə kinoteatrları ciddi filmlərə maraq göstərmir, onların nümayişini təşkil etmir və beləcə auditoriyanı belə əsərlərdən məhrum edir.
Tam olaraq razı idim, sadəcə, əks tərəfin arqumentini əsas götürüb, Şahinə zəng etdim ki, həmin kinoteatrların gətirdikləri nadir ciddi filmlər də özlərinə auditoriya tapmır. Hansısa fikir ayrılığımız olmadı və qısa müzakirədən sonra sağollaşdıq. Bir müddət sonra da qərara gəldik ki, həmin məkanlarda özünə yer tapmayan filmləri alt yazılı formada biz nümayiş etdirək və o kapitalizm kölələri qarşısında bir tələb yaradaq: baxın, bizim nümayişlərə çoxlu sayda insan maraq göstərir, demək ki, sizin "tələb-təklif" arqumentiniz tamamilə çürükdür.
Uzun hazırlıqdan sonra bu gün ilk filmlə həvəskar kinoteatrımızın ilk sınağını etdik. Bir həftə öncədən elan verildi, deyildi ki, yerlər məhduddur, 30 nəfər gələ bilər və inboksa yazan hər kəs qeydə alındı.
Və bu gün belə bir şey baş verdi: qeydiyyatdan keçən 25 nəfərdən (FF üzvləri də olacaq deyə 30 limitini də azaltdıq) cəmi 9 nəfəri nümayişə gəldi.
16 nəfər insan heç bir əsas göstərmədən, heç bir narahatlıq keçirmədən, hətta qozuna belə almadan “BookHousea” gəlmədi.
Mənim hansısa sosial fəaliyyətdə iştirak etməyə və ya etməməyə görə kimisə qınamaq fikrim yoxdur. Maarifçilik, fədailik, sənət aşiqliyi kimi ağlaşmalara da getmirəm. Belə şeylər mənə həddən artıq iyrənc görünür və əminəm ki, FF-da hamı eyni emosiyaları paylaşır. Bu bir seçimdir: iştirak edirsən, ya da yox. Belə şeylər üçün “dəstək oluram” sloqanı da lazım deyil. Amma kimsə 30 nəfərlik yeri olan bir tamaşaya gələcəm deyib yer sifariş edir və gəlmirsə, buna yumşaq formada ad qoymaq mümkün deyil.
Əslində, bu hal mənim üçün gözlənilməz deyildi. Ölkə kinoteatrlarına gələn bir az ciddi filmlərin seanslarına gedin, gözünüz sizə hər şeyi deyəcək: şəxsən mən “Loving Vincent” filmini iki seans tək (!) izləmişəm. Düzdü, ikinci seansa əlavə bir cütlük də gəldi, amma deyəsən, məkanı düz seçməmişdilər. Çünki getdilər...
Dəfələrlə “Film Fiction” jurnalının səhifəsinə eyni şeyi yazırlar: bunu jurnal formasında çap edin də.
Filmlərin nümayişi ilə bağlı postlarla uçuşan ürəklər, pəh-pəhlər... Və bu da nəticə.
“Azərbaycanda filan şey yoxdur” deyib ağlaşma quran da həmin 16 nəfərdir, o boş yerlərin olma səbəbkarları da. Bütün gün “Facebook”da öyrəndiyi iki terminlə sənət şiəliyi edən bu zəncirbazlar hansısa tədbir olanda ən yaxşı halda “going” edib, sonda qeybə çəkilirlər.
Açığı, tədbirə 9 nəfərin gəlməyi məni qane edən göstəricidir. Onsuz da bu işi görənlər sadəcə kefləri istəyir deyə, sadəcə maraqları var deyə bunu edirlər və auditoriya 3 nəfərdən ibarət olsa belə, bu iş davam etdiriləcək. Sadəcə, 16-lıqları vaxtında aşkar etmək lazımdı.
Mövzuya ölkədə ciddi şeylərə marağın olmaması, yaxşı işlərin kölgədə qalması kimi klassik bulantılara calamayaq. Mənim sözüm 16 nəfərədir: həftəlik planlarınızı düz qurun, sözdə tumanınızı başınıza çəkdiyiniz qədər də fəaliyyətiniz olsun.