«Laçını götürəcək, qalan əraziləri qaytaracaq»
«Dağlıq Qarabağ heç vaxt Rusiyaya birləşdirilməyəcək»
JALƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı adlar ləğv olunacaq?
Etiketləmə tələblərində yeni qaydalar
-
Rusiyada meymunçiçəyinə ilk yoluxma
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
-
Britaniyada 104 nəfərdə meymunçiçəyi aşkarlanıb
Əksəriyyəti mavilər və biseksuallardır
-
Planlaşdırılmış epidemiya?!
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
-
ABŞ vaksin hazırlayır
Yayda meymunçiçəyi infeksiyanın yayılması sürətlənə bilər
-
DST yoluxucunu təhlükəli saymır?
Meymunçiçəyinə qarşı kütləvi peyvəndləməyə ehtiyac görülmür
-
Meymunçiçəyi çoxmu təhlükəlidir
Öldürücülük səviyyəsi 1 faiz olan virus COVİD-19 kimi asanlıqla keçmir
-
Erkən əlilliyə səbəb olan xəstəlik
Hemofiliya riskini azaltmaq üçün nə etməli?
-
1 milyard insanı gözləyən risk
Yüksək səsli musiqi eşitmə qabiliyyətinə ciddi təhlükədir
-
“Qəti istifadə etməyin!”
ÜST-dən trans yağı xəbərdarlığı
-
Hər il 7 milyon insanı öldürür
Ekoloji fəlakətin fəsadları çox ağırdır
-
“Outlet”dən daha bir şikayət ...
Bakıda məşhur mağaza keyfiyyətsiz məhsul satır
-
“Məsləhətləşmələr aparmağı düşünürük”
AİB Azərbaycana 900 milyon dollar kredit ayıracaq
-
Böyük «oyun»da Avropa gedişi
Bakı üçün kritik həftə - Brüssellə münasibətlərdə əlamətdar tarix; ABŞ-ın «Kreml siyahısı» Bakıya əlavə fürsətlər açır
-
Marketlərdə «nehrə yağı» əvəzinə nə satılır?
İşbazlar palma yağını kərə yağı adı altında camaata sırıyır
-
TAP-ın 60 faizi hazırdır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
«Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəlik səylər davam edir». Bu şablon sitat ATƏT-in 2013-cü il üçün hazırladığı illik hesabatdandır. Təşkilatın rəsmi saytında yayımlanan sənəddə vurğulanır ki, münaqişənin davamlı siyasi həlli yollarını axtarıb tapmaq məsələsi «ATƏT regionunda ən mürəkkəb problemlərdən biri olaraq qalır».Hesabatda münaqişənin başlamasından 20 ildən çox müddət keçməsinə baxmayaraq, hələ də davamlı və hərtərəfli siyasi həllə nail olunmadığı etiraf edilir. Beləcə, ATƏT-in, onun Minsk Qrupunun konfliktin həllinə qadir olmadığı bir daha rəsmi şəkildə ortaya çıxır.
Gələn ay atəşkəsin 20 ili tamamlanacaq, amma belə böyük müddət də Güney Qafqazın «ən iri etnik-ərazi konflikti»nin həlli üçün yetərli olmadı. Fakt budur ki, BMT-nin bu missiya ilə görəvləndirdiyi ATƏT-in Minsk Qrupu ona tapşırılan vəzifənin öhdəsindən gəlməyib, gələ bilmir və öz bacarıqsızlığını «münaqişənin mürəkkəbliyi» ilə pərdələməklə acı etirafda bulunmaqdan savayı yol görmür.
***
Bəs niyə ATƏT «Qarabağ yükünü» yerindən tərpədə bilmədi? Səbəblər müxtəlifdir və onların haqqında zaman-zaman danışılıb. Yalnız birini, ən əsasını qeyd eləmək yetər: konfliktə cəlb olunmuş qlobal güclərin - ATƏT üzvü olan superdövlətlərin buna iradə və istəyi yoxdur. Bəs niyə yoxdur?
Ona görə ki, güc mərkəzlərinin Güney Qafqaza yönəlik geosiyasi, iqtisadi-energetik və təhlükəsizlik maraqları toqquşur. Bu səbəbdən təcavüzkar barmaqla göstərilmir, işğala məruz qalan tərəflə işğalçı tərəzinin eyni gözünə qoyulur, xristian amili, fövqəldövlətlərin bölgə ilə bağlı köklü maraqlarından qaynaqlanan ikili-üçlü standartlar da öz yerində.
Ukrayna hadisələri iki qütb arasında ziddiyyətləri daha çılpaqlığı ilə nümayiş etdirdi. Krım olayları beynəlxalq hüquq sisteminin, ümumiyyətlə, ciddi böhran yaşadığını və supergüclərin əlində bir oyuncağa, suveren dövlətlərə qarşı təzyiq alətinə çevrildiyini bəlli elədi.
Bunu indi necə beynəlxalq hüquq və təhlükəsizlik sisteminin böhranı saymayasan ki, öz daxilində onlarla potensial Krım bölgəsi ola-ola Rusiya başqa ölkənin ərazisində separatçılığı dövlət səviyyəsində müdafiə edir və hamıdan «xalqların öz müqəddəratını təyinetmə haqqı»na hörmətlə yanaşmağı tələb edir?! Absurd?
Həm hə, həm də yox. Ona görə yox ki, dövlətlərarası və beynəlxalq münasibətlərdə hələ də «güclünü mühakimə eləmirlər» məntiqi qüvvəsini itirməyib. Deməli, Dağlıq Qarabağ probleminin ədalətli həlli də mötəbər beynəlxalq təşkilatlardan daha çox konkret dövlətlərin, onların rəhbərlərinin insafına qalıb - təbii ki, əgər münaqişə tərəflərin özləri özlərində güc tapıb vasitəçisiz - filansız dil tapa bilmirsə.
***
Qarabağ ixtilafı ətrafında formalaşmış son durumu şərh edən ABŞ-dakı Kornegi Fondunun baş eksperti, Qafqaz üzrə mütəxəssis-jurnalist, «Qara Bağ» kitabının müəllifi Tomas de Vaal təsadüfi deyil ki, Krım və beynəlxalq hüquq sisteminin böhranı fonunda problemin həlli perspektivinin bir az da qəlizə düşdüyünü güman edir.
Onun qənaətincə, hazırda regionun gerçəkdən də ən iri münaqişəsi sayılan Qarabağ məsələsində fəallıq üçün heç də uğurlu məqam deyil: «Yəqin ki, Minsk Qrupu öz fəaliyyətini davam etdirəcək. Ancaq onun konflikti nizamlamaq bacarığı indi əvvəlkindən daha zəif görünür. Putinin Qarabağ planları da ehtimal ki, dəyişəcək və bir neçə ay əvvəlkilərdən fərqlənəcək».
Analitik Krım olaylarından sonra Azərbaycan və Ermənistanın Qarabağa dair mövqelərini sərtləşdirməsinə də diqqət çəkib: «Sirr deyil ki, Azərbaycan Rusiyanı səbəbsiz yerə qıcıqlandırmamaq üçün susqunluq göstərsə də, bu böhranda Ukraynaya üstünlük verir. Prezident Əliyevin Qarabağla bağlı Novruzda elədiyi çıxışı həddən artıq kəskin idi. O bildirdi ki, nəinki Dağlıq Qarabağ, Ermənistan da tarixi Azərbaycan torpaqlarıdır. Halbuki münaqişə tərəfləri strateji uzaqgörənlik göstərsəydilər, Krım böhranından öz aralarındakı fikir ayrıqlarını götürmək və mövqeləri yaxınlaşdırmaq üçün istifadə edə bilərdilər». Ekspertə görə, münaqişə tərəfləri arasında etimad və onun gücləndirmək istəyi o dərəcədə zəifdir ki, böyük ehtimalla, Krım sülhün əldə olunmasında növbəti maneə olacaq.
***
Rusiyalı ekspertlər məsələdə nikbin deyillər. Misal üçün, tanınmış politoloq Sergey Markedonov hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ məsələsinə yanaşmasında bundan sonrakı davranışını Kremlin məntiqi yox, Rusiyanın tərəflərlə ayrı-ayrılıqdakı münasibətlərinin dinamikası diktə edəcək.
Yəni beynəlxalq hüquq, haqq-ədalət - hamısı artıq arxa plandadır Rusiya üçün. Belə çıxır, Azərbaycanın xarici siyasəti Moskvanı qane eləməsə, o, heç bir beynəlxalq norma-filana baxmadan özünün Qarabağ siyasətini gerçəyə uyğun da müəyyənləşdirəcək. Artıq simptomlar kifayət qədərdir.
Misal üçün, Kremlin danışan hədə dillərindən olan LDPR sədri Vladimitr Jirinovski görün nə deyir. Sitat: »Biz xalqın səs verib yeni dövlət yaratdığı və ya Rusiyaya birləşmək istədiyi istənilən ərazini tanıyacağıq. Qarabağ Rusiyaya birləşmək istəsə, qəbul edəcəyik. Dnestryanı bölgəni də qəbul edəcəyik. Bu muxtariyyətlərin müttəfiq respublikaların tərkibində yerləşməsi qanunsuz idi. Çünki SSRİ-dən çıxmaq haqda qanuna görə, SSRİ-dən çıxmaq istəyən respublikanın tərkibindəki muxtar qurumlar ittifaqın tərkibində qalmaq hüququna malik idi».
Bu, sözsüz ki, BMT üzvü olan postsovet məkanı ölkələrinin suverenliyinə və ərazi bütövlüyünü açıq təhdid, eyni zamanda SSRİ-nin çöküşündən sonra formalaşmış dövlətlərarası beynəlxalq sərhədləri zorla dəyişməyə çağırışdı.
Təbii ki, SSRİ-dən ayrılmaq haqda ittifaq qanununda elə bir bənd olub. O zaman hüquqşünaslar haqlı olaraq həmin qanunu SSRİ tərkibindən çıxmaq yox, çıxmamaq haqda qanun adlandırmışdılar. Ancaq müttəfiq respublikaları zorla SSRİ-nin tərkibində saxlamağa hesablanmış, indi ermənilərin də tez-tez istinad elədiyi həmin qanun imperiyanın çöküşü ərəfəsində, tələm-tələsik qəbul olunmuşdu və ən əsası, SSRİ Konstitusiyası ilə daban-dabana ziddiyyət təşkil edirdi. Çünki qüvvədə olan sonuncu Sovet Konstitusiyada birmənalı yazılmışdı ki, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Konstitusiya isə bütün ölkələrdə qanundan üstün qüvvəyə malikdir.
Odur ki, Jirinovskinin bu blefi də keçməz. Amma onu ciddiyə almamaq mümkünsüz. Çünki Kremlin Qarabağ konfliktinin həlli prosesinə illərdir niyə pəl vurduğuna güclü işıq salır. Rusiya müttəfiq respublikaların ayrılıb suveren ölkələrə çevrilməsini indiyədək həzm edə bilməyibsə, ondan Qarabağ məsələsində vasitəçilik ummaq, həm də ədalətli vasitəçilik ummaq böyük absurd olardı...
***
Rusiyalı hərbi ekspert, Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyevin məsələyə baxışı bir qədər fərqlənir. Vesti.az-a açıqlamasında o, Jirinovskinin mövqeyini bölüşmədiyini deyib: «Dağlıq Qarabağ heç vaxt, heç bir halda Rusiyanın tərkibinə daxil olmayacaq. Birinci ona görə ki, onun əsas əhalisi ruslar deyil. İkincisi, Dağlıq Qarabağ heç vaxt Rusiya Federasiyasının subyekti olmayıb. Üçüncüsü, Dağlıq Qarabağı Rusiyaya birləşdirmək cəhdi nəinki Azərbaycanla, həm də Ermənistanla münaqişəyə gətirər».
Bundan əlavə, ekspert bu cür birləşmənin Rusiyaya heç bir iqtisadi faydasının olmağını, yalnız böyük ziyan gətirə biləcəyini düşünür: «Krımın Rusiyaya birləşdirilməsindən sonra rəsmi Moskvanın problemləri onsuz da başından aşır. Odur ki, Kreml hər vəchlə başqa ölkələrlə münasibətlərin kəskinləşməsindən qaçmağa, münasibətləri gərgin olanlarla isə gərginliyi azaltmağa çalışacaq».
***
Bu arada Ermənistan prezidentinin (Levon Ter-Petrosyan) xarici siyasət məsələləri üzrə keçmiş müşaviri, ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Libaredyan da Qarabağ məsələsi ilə bağlı yeni sensasiyalı açıqlama verib (virtual.org). Ermənistanın «168 saat» qəzetinə verdiyi müsahibədə o, Qarabağın Rusiyaya birləşdirilməsinə dair əvvəlcə Zori Balayan tərəfindən ortaya atılan, son günlər isə Jirinovski tərəfindən ikinci dəfə gündəmə gətirilən ideyaya münasibət bildirib.
«Mən hesab etmirəm ki, Rusiya Qarabağı özünə götürmək istəyir, çünki bu, Azərbaycanı Rusiyanın əbədi düşməninə çevirərdi. Moskvanın planlarına isə bu daxil deyil» - deyə Jirayr Libaredyan bildirib.
Ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak edən Jirayr Libaredyan deyib ki, Rusiya Ermənistana heç nə borclu deyil: «Üstəlik, İrəvandan almağa məxsusi nəsə qalmayıb. Rusiya Ermənistanla bağlı istədiyinə nail olub. Və indi Azərbaycanı qayda-qanuna çağırmaq, yəni onu nüfuz orbitinə qaytarmaq istəyir. Əgər Moskva Qarabağı götürüb özünə birləşdirsə və ya onun indiki statusunu tanıyıb qanuniləşdirsə, bunu edə bilməyəcək. Moskvaya Dağlıq Qarabağı təsir altında saxlamağa imkan verən hansısa aralıq status lazımdır. Bu status elə olmalıdır ki, Rusiyanın Dağlıq Qarabağı Azərbaycandan alması kimi anlaşılmasın. Bundan sonra Moskva Azərbaycanla danışıqlar aparacaq, ondan istədiyinin hamısını alacaq, Bakıya nə lazımdır, ona nə lazımdır - müzakirə edəcək...
Dəqiq deyə bilmərəm, ancaq mən uzun müddət danışıqlarda iştirak etmişəm, sonra 15 il ərzində bu problemi araşdırmışam və mənə elə gəlir ki, bir məsələ tamamilə aydındır: Rusiya əraziləri qaytaracaq, bununla belə, Laçın rayonunu özünə götürəcək və ondan isti su kranı kimi istifadə edəcək».