vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
09:00 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 4243 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Odessada öldürülən «Vaxa» kimdir?

«Ded Xasan» klanının yer alan azərbaycanlı «qanuni oğru» Baxış Əliyev «Lənkəranski» ilə düşmən idi

Xəbər xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 7-də Odessadakı «Veçerniy Baku» restoranında 39 yaşlı «Vaxa» ləqəbli «qanuni oğru» Baxış Əliyev güllələnib. Rusiyanın primecrime.ru saytının məlumatına görə, «Vaxa» ilə yanaşı onun mühafizəçisi də öldürülüb. Qətli kim(lər)in törətdiyi barədə əlavə məlumat verilmir. «Vaxa» 2004-cü ildə gürcü «qanuni oğru»ların «sxodka»sında «oğru tacı»nı alıb. Rusiya vətəndaşı olan «qanuni oğru» son illər əsasən Ukraynada məskunlaşmışdı. Onu sonuncu dəfə ötən ilin aprel ayının 27-də Kiyevdə həbs etmişdilər və məhkəmənin qərarı ilə 3 il müddətinə Ukraynaya gəlmək yasaq olunmuşdu.

«Vaxa»nın qətlinin digər təfərrüatları və Ukraynaya hansı pasportla gəldiyi barədə də məlumat verilmir. Qeyd edək ki, «Vaxa» 2013-cü ilin yanvar ayının 16-da qətlə yetirilən Rusiya kriminalının «xaş atası» sayılan Aslan Usoyanın («Ded Xasan») kastasında yer alırdı. Elə onun Ukraynada məskunlaşması da «Ded Xasan»ın istəyi ilə olmuşdu. Məlumatlara görə, «Ded Xasan» bir neçə il əvvəl onun klanında yer alan Yusif Əliyev («Yuska Şəmkirski») və «Vaxa»nı Ukraynaya göndərib. Məqsəd onunla pis münasibətləri olan azərbaycanlı «qanuni oğru» Rövşən Canıyevi («Lənkəranski») Ukraynada sıxışdırmaq olub. Amma onlar bu istəklərinə nail ola bilməyiblər.  

«Rövşən Lənkəranski» ilə «Vaxa»nın münasibətləri həmişə kəskin olub. Rusiya mətbuatının iddiasına görə, hələ 2009-cu ildə «Ded»in dəstəyi ilə «Vaxa» Moskvanın göyərti topdansatış bazaları uğrunda «Rövşən Lənkəranski» ilə mübarizə aparıb. Bu «razborkalar» nəticəsində tərəflər 20-dən çox itki verib.

Belə məlumatlar da var ki, 2012-ci ildə İstanbulda beş ulduzlu hotellərin birində azərbaycanlı «qanuni oğrular»ın yığıncağı («sxodka») keçirilib. Rusiya KİV-nə istinadən verilən məlumata görə, «sxodka»da «Vaxa» və «Rövşən Lənkəranski»nin tərəfdarları iştirak ediblər.

«Sxodka»nın Kiyev, Xarkov və Odessada, habelə Rusiyanın bəzi şəhərlərində nüfuz dairəsinin bölüşdürülməsi ilə bağlı keçirildiyi barədə məlumatlar var. Digər məlumata görə, «sxodka» vaxtı Baxış Əliyevin yanında iki azərbaycanlı olub. «Lənkəranski» isə «sxodka»ya Moskvadan yaxın olduqları iki gürcü «qanuni oğru» ilə gəlib. Bu iddia var ki, guya həmin «sxodka» da Canıyevin tərəfdarları «Vaxa» nı döyüblər. 

Ümumiyyətlə, «Lənkəranski»nin Gürcüstan doğumlu azərbaycanlı «qanuni oğru»larla münasibətləri həmişə kəskin olub. Rusiya KİV-lərinin iddiasına görə, azərbaycanlı «qanuni oğru»lar arasında baş vermiş parçalanmanın da maraqlı tarixçəsi var. İnternet resurslarının xəbərlərində iddia edilir ki, hər şey ötən il İstanbulda qətlə yetirilən «Qoca» ləqəbli Əlibala Həmidovun (o da «Ded Xasan»ın ölümünədək onun kastasında yer alıb) taclandırılması məsələsindən başlayıb. Belə ki, nüfuzlu «qanuni oğru» Mirseymur Abdullayev («Rövşən Lənkəranski»yə «oğru» adını «Nardaranlı Mirseymur» verib) «Qoca»nın namizədliyini irəli sürüb. 

Amma bununla bağlı çağırılmış «sxodka» dava ilə bitib. İddia olunur ki, kriminal aləmin generallarından olan «Borçalı klanı»nın lideri Otar Bədəlov «Qoca»ya ad verilməsinə qarşı çıxıb. Və Mirseymurla Otar arasında dava düşüb. 

Bu yarımçıq qalmış «sxodka»dan sonra azərbaycanlı «qanuni oğru» lar arasında ciddi parçalanma yaranır. Belə ki, bu davadan sonra Moskva kafelərinin birində Otar Bədəlov və onunla birgə olan «Çeçen Ruslan»qətlə yetirilir. Otarın qətli Azərbaycan kriminal qruplaşmalarını iki barışmaz düşərgəyə bölür. Bundan sonra Mirseymur qətlə yetirilir. «Peşera» barına gələn iki killer Mirseymura «Steçkin» tipli tapança-avtomatdan 12 güllə vurur. Azərbaycanlı «qanuni oğru» xəstəxanaya çatdırılmamış həyatla vidalaşır.

Vaxtilə «Ded Xasan» qruplaşmasında yer alan azərbaycanlı «qanun oğru»lar - Gürcüstan doğumlu «Vaxa», Vaqif Süleymanov («Vaqif Marneulski yenicə həbsdən buraxılıb) və Nadir Səlifov («Lotu Quli» Bakıdakı cəzaçəkmə müəssisəsində saxlanılır) ilə «Lənkəranski» indi də düşmən münasibətdədir. Təsadüfi deyil ki, 2012-ci ilin noyabrında «Ded Xasan»ın rəhbərliyi ilə keçirilən toplantıda «Lənkəranski»nin «oğru» adının alınması barədə qərarı imzalayanlar arasında onların da adı vardı. Deyilənlərə görə, «Lotu Quli» ilə «Vaxa»nın qohumluq əlaqələri də var. 

Yeri gəlmişkən, onun qətli ilə bağlı xəbərlərdə «Vaxa» keçmiş «qanuni oğru» kimi təqdim edilir ki, bu da təsadüfi deyil. Belə ki, 2006-cı ildə «Vaxa» azərbaycanlı iş adamının oğurlanmasında, daha sonra isə qətlində şübhəli bilindiyi üçün saxlanılıb. Lakin məhkəmə onun bu cinayətdə əli olduğunu sübut edə bilmir. «Vaxa»nın girovun artıq ölmüş olduğunu bildiyi halda onun qaytarılmasında vasitəçilik etməsi «oğru qaydalarına» zidd hesab edilir və o, 2007-ci ildə «vor zakone» titulundan məhrum edilir. 

Daha sonra gürcü avtoritetlərlə «Ded Xasan» arasında yaranan münaqişə zamanı sonuncu «Vaxa»nın oğru titulunu bərpa edir və onu Ukraynaya «Lənkəranski»nin mövqelərini zəiflətmək üçün göndərir. 

Baxış Əliyev 1975-ci ildə, tam dəqiqləşdirilməmiş məlumata görə, məhz öldürüldüyü gün-aprelin 7-də Gürcüstanda anadan olub. Evin tək oğlu olan (onun 4 bacısı var) B. Əliyev bir müddət Bakıda yaşayıb, sonra isə Rusiyaya köçərək, orada vətəndaşlıq alıb. Moskvada Olqa adlı qadınla ailə quran «Vaxa»nın Rüstəm adlı oğlu var. («Yeni Müsavat»)