vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
12:23 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəşid Behbudovu Qorbaçov öldürtdürdü?

Korifey sənətkar hansı kasetin badına gedib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın əfsanəvi vokalisti və ictimai xadimi Rəşid Behbudovun müəmmalı ölümündən bu gün 25 il ötür. Hamı Rəşid Behbudovun ölməzlik qazanan sənətkarlardan olduğunu düşünsə də, ailəsi başqa fikirdədir. Behbudovlar onun unudulmasından gileylənir.


Əslində Rəşid Behbudov sağlığında qiymətini alan sənətkardır. Bu fikrin nə təkzibə, nə müzakirəyə ehtiyacı var. O, dünyanı qarış-qarış gəzən bir-iki xoşbəxt müğənnilərimizdən idi. Hansı ki, onların xarici səfərləri sözün əsl mənasında sensasiyaya səbəb olurdu. Məsələn, danışırdılar ki, hətta Hindistanda Rəşid Behbudovu oxutdurmaq üçün camaat onun getdiyi qatarı saxlatdırmalı olub.

Xalq artisti Kamil Vəzirovun sözlərinə görə, Cəvahirləl Nehru tədbirlərin birində bəyan edir ki, Rəşid Behbudov azərbaycanlı deyil, o, hindlidir: «Bu bəyanatdan dərhal sonta Rəşid Behbudov bildirir ki, yox, mən azərbaycanlıyam. Bir daha Cəvahirləl Nehru üzünü Rəşid Behbudova tutub deyir, sən hind mahnılarını hindlidən yaxşı ifa edirsən».

Elə 70 il adını xatırladığımız Stepan Şaumyanın da Hindistanda qocalıb öldüyünü Rəşid Behbudov deyilənlərə görə, Hindistanda eşitmişdi.

Rəşid Behbudovun şagirdi Teymur Əmrah isə qeyd edir ki, eşitdiyimizə görə, Rəşid Behbudovu Hindistanda aparırlar bir qəbiristanlığa: «Rəşid Behbudov orada çəkiliş aparır və onu Mərkəzi Komitəyə təqdim edir».

Maraqlıdır ki, Rəşid Behbudovun ölümü də 1989-cu ilə - Qarabağ münaqişəsinin təzəcə qızışdığı vaxtlara təsadüf edir və onun hansısa kasetin badına getdiyi haqqında söz-söhbətlər dolaşır. Üstəgəl, o, Mixail Qorbaçovla da baş-başa gəlmişdi. Bunu Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım belə xatırlayır.

Ceyran Behbudovanın sözlərinə görə, Rəşid Behbudov Mixail Qorbaçova deyib ki, bu, sizin tanklardır: «Deyib niyə sülh şəraitini təbliğ edən teatrın qarşısında tanklar durub. Belə olmaz. Rəşid Behbudov mənə dedi ki, düz 3 dəfə Mixail Qorbaçova səsləndim ki, bunu həll etmək lazımdır, yoxsa qan tökülə bilər. Rəşid dedi Qorbaçovun bu sözdən xoşu gəlmədi, deyəsən, məni aradan götürəcəklər».

Onu doğrudan da aradan götürdülər, yoxsa xəstəlikdən dünyasını dəyişdi, bunu bu gün deyə bilməyəcəyik. Çünki həmin günlərdə Rəşid Behbudovun böyrəklərindəki problem ciddiləşmişdi və xalq artistinin yaşı da təbii ki, öz sözünü deyirdi.

Amma sağlığında dünyaca məşhur olan bu adam ölümü ilə sanki unuduldu. Onun qəbirüstü abidəsi isə düz 9 il sonra hazırlandı. Ailəsi isə Rəşid Behbudova biganə münasibətin bu gün də davam etdiyi qənaətindədir.

Rəşid Behbudovun qızı Rəşidə Behbudova deyir ki, bir neçə il əvvəl Rəşid Behbudovun 95 illiyini də heç kim anmadı: «Bilirsiniz, mən o vaxt təmkinlə susdum. Acığımdan susdum və gözlədim, gözlədim ki, bu dəqiqə kimsə zəng edəcək, kimsə deyəcək ki, gözəl bir konsert keçirəcəyik, Rəşid Behbudovun xatirəsini hansısa bir tədbirlə anacağıq».

Mədəniyyət və Turizm Nazirliyində isə əksini düşünürlər. Deyirlər ki, gələn il Rəşid Behbudovun 100 yaşı Azərbaycanda geniş qeyd olunacaq.

Rəşid Behbudov SSRİ kimi nəhəng bir imperiyanın təkcə xalq artisti deyildi, həm də SSRİ Ali Sovetinin deputatı idi. Yəni bu dövlətin siyasi həyatına da nüfuz edirdi. Amma istənilən halda onun fəaliyyəti Azərbaycanın nüfuzunun yüksəlməsinə hesablanmışdı. O, balaca boyu ilə çox böyük işlər gördü. Bizim görməli olduğumuz iş isə onun adını və xatirəsini həmişə uca tutmaq, o biri dünyada da onu tək qoymamaqdır.

Rəşid Behbudovun məzarını ailəsindən başqa ziyarət edənlərin olmaması haradasa bu dahi müğənninin unudulmasını təsdiqləyir (ANS TV).