vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
11:27 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 3846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Turizmin inkişafı?

Danışaq deyirsiniz, danışaq da...

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Turizm Nazirliyimiz var, Assosiasiya var, Milli Büro var, bölgələrdə turizm idarələri var, hamısı da səylərini məhz elə turizmin inkişafına yönəldir.

Düzdür, Vikipediyada, ya da elə Mədəniyyət və Turizm Nazirliyin öz saytında məlumatları vaxtında yeniləyən yoxdur, amma hər bir qurum çalışır ki, ölkəyə turist axını artsın, onlara göstərilən xidmət səviyyəsi müasir standartlara cavab versin, qonaqlara maraqlı ola biləcək tədbirlər keçirilsin.

Razılaşaq ki, müəyyən işlər görülüb və görülür, dəyişikliklər hiss olunur, turist artımı da göz qabağında. Amma heç bir qurum, heç bir sərəncam, heç bir Dövlət Proqramı bizim özümüzü dəyişə bilməyəcək.

Turizm diyarı iddiasında olan ölkənin vətəndaşları ilk növbədə özləri buna hazır olmalıdırlar. Bu böyük bir mədəniyyətdir, turizm mərkəzinin sakini olmaq. Bu yolu bütün turistik ölkələr, şəhərlər və kəndlər keçib artıq, biz hələ indi başlayırıq.

Son zamanlar oxuyuram, insanlar gileylənirlər, ərəblər belə gəldi, filankəslər belə getdi və ənənəvi deyingənlik, hərdən mən daxil.

Bəli, mən də, məsələn, Fəvvarələr meydanının «Parapet» keçmişinə dönməsindən narazıyam, mən də bəzi turistlərin bəzi hərəkətlərindən heyfslənirəm, amma indi söhbət bütövlükdə bizim hazırlığımızdan gedir, hazırıqmı biz özümüz turizmin inkişafına, turistik ölkənin vətəndaşı olmağa?

Düşünürəm ki, yox. Biz hələ dərk edə bilmirik ki, turizmin inkişafı yalnız firavan həyat demək deyil, turizmin inkişafı həm də problemlər deməkdir.

Bəli, nadan turist də olacaq, zahirən xoşumuza gəlməyən də, zənginliyi ilə bizi qıcıqlandıran da olacaq, kasıblığı ilə ürəyimizi sıxdıran da.

Fahişəlik biznesi də artacaq, gecə klubları da olacaq istənilən kateqoriyalar üçün, turistləri aldadan «maşennik»lər də olacaq, qiyməti qaldıran taksi sürücüləri də və daha nələr, nələr, nələr.

Biz bunların hamısına hazır olmalıyıq. Elə bilirsiniz, məsələn, Paris camaatı hər şeydən razıdır? Əlbəttə, yox. Amma həm orada, həm digər turizm mərkəzlərində sakinlər anlayırlar ki, onların şəxsi rifahı o cümlədən gələn turistlərdən asılıdır.

Yəni, yalnız nüfuz məsələsi deyil, həm də cib məsələsidir.

Yaxud, Dubay bu yola ayaq basanda, elə bilirsiniz şəhər əhli sevinirdi?

Biz «hurrey» deyib oralara tökülüşəndə, bizi görüb əl çalırdılar?

Oğrumuz da gedirdi, fahişəmiz də, əyyaşımız da, özünü apara bilməyən də, dəcəli də, «lotu-potu»su da. Hamısına və hər şeyə dözdülər bu müsəlman diyarında, mini-şortiklərə də, otellərdə satılan alkoqol içkilərə də, bütün dünyadan axışan modellərə də.

Sadəcə hakimiyyət tələb qoydu turistlərin qabağına - qanunlarımızı pozmayacaqsız, adətlərimizə hörmət edəcəksiz. Vəssalam.

Və Dubay bu gün liderlər sırasındadır, sakinləri isə dünyanın ən tolerant insanlarından hesab olunurlar.

Biz də gəlib çatacağıq bu mərhələyə. Çünki, az əvvəl sadaladığım və hər biriniz əlavə edə biləcəyiniz problemlər siyahısı ilə yanaşı, turizmin inkişafı digər sahələrə müsbət təsir göstərəcək.

Servis səviyyəsi artacaq, otellər və hostellər çoxalacaq, insanlar xarici dil öyrənəcək, yerli məhsullar satılacaq, rəqabət artacaq və s.

Və biz anlayacağıq ki, turistin milləti olmur, turist elə turistdir. Xoşumuza gəlsə də, gəlməsə də, o gəlib pulunu xərcləyir, dinindən və dərisinin rəngindən asılı olmayaraq.

Biri qapalı gəzəcək, digəri yarıçılpaq, biri sarışın olacaq, biri maralgöz, biri bədxərc olacaq, biri simic, biri içib lülqəmbər olacaq, digəri aristokrat, hamısına da qonaq kimi baxmalıyıq.

O ki qaldı problemlərə, mənfi tərəflərə, o da özümüzdən asılıdır.

Elə edək ki, turist özünü pis aparmağa utansın, elə edək ki, qadınlarımız fahişəlik etməsin, elə edək ki, yalnız Şərqdən yox, Qərbdən də gəlmək istəyənlər çox olsun, özümüz özümüzə hərmət edək ki, turist də bizə hörmət etsin.

«Bunlar maşını dəli kimi sürür», «piyadalar harada gəldi yolu keçir», «zibili küçəyə atırlar» deməsin.

Bizim çox böyük turizm potensialımız var və mən heç vaxt «bizdə turizm olmayacaq», «kimdir bura gələn», «hər şey pisdir» təbliğatını qəbul edə bilmərəm.

Turistə nə lazımdırsa, bizdə hamısı var. Təbiətimiz də var, tariximiz də, mətbəximiz də. Lakin ən əsası, bizim qonaqpərvərliyimiz var.

Xaricdə olanlar mənimlə razılaşarlar, hər hansı bir yerə qiymət verəndə, ilk növbədə yerli əhalının qonaqpərvərliyinə diqqət yetiririk.

Və deyim ki, bu cəhətdən bizə çatan az kim olar. Bir birimizin ətini didsək də, sosial şəbəkələrdə turistlərin ünvanına mənfi statuslar yazsaq da, mehmanımızı əlimizdə gəzdiririk.

Bir sözlə, turizmin inkişafı ilk növbədə özümüzdən başlayır...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)