vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
13:39 | 14 avqust 2014 | Cümə axşamı Məqaləyə 2342 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tanımırıq, bilmirik...»

Xətai RİH-dən «dəqiq» cavab

ÜLVİYYƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Xətai Rayon İcra Hakimiyyəti (RİH) rayon ərazisində, Xudu Məmmədov küçəsi, 33 ünvanında (metronun «Həzi Aslanov» stansiyasının yaxınlığı) yerləşən əlil və uşaqlar üçün meydançanın dağıdılmasına münasibət bildirib.

İcra hakimiyyətindən virtualaz.org saytına verilən açıqlamada (açıqlamanı özünü icra başçısının köməkçisi kimi təqdim edən, amma adı-soyadını deməkdən də imtina edən şəxs verdi - red.) meydançanın yerində uşaq bağçasının tikilməsi faktını təsdiqləyiblər: «Ora boş ərazidir, buna görə də həmin yerdə uşaq bağçası tikilir. Biz oranın əlillər üçün meydança olduğunu bilməmişik. Boş ərazidir, ondan niyə istifadə olunmasın ki?!»

Amma RİH-dən uşaq bağçasının dövlət, yoxsa fərdi sahibkar tərəfindən tikildiyini söyləmək istəmədilər: «Uşaq bağçasına tələbat var. Buna görə də tikilir. Yəqin dövlət uşaq bağçası olacaq, amma dəqiq bilmirik».

«Orada tikinti aparan fəhlələr özəl uşaq bağçası tikildiyini söyləyirlər. Dövlət uşaq bağçasının tikintisi üçün hansı şirkətlə müqavilə bağlanılıb» - sualına RİH-dən belə «dəqiq və konkret» cavab verdilər: «Mən ərazini tanımıram, orada aparılan tikintinin də nə olduğunu bilmirəm. Sahibkar tikirsə də uşaqlara xeyirlidir».

İcra hakimiyyətindən onu da qeyd etdilər ki, tikinti işləri bu gün dayandırılıb: «Yəqin ki, etirazlar olduğundan ərazidə tikinti dayandırılacaq».

Əslində son cümlənin özü də maraqlıdır. Əgər bu tikinti plana və qanunlara uyğun aparılırsa, niyə dayandırılmalıdır, necə dayandırıla bilər? Yox, qanuna uyğun deyilsə, niyə aparılır? Hər halda bu məsələ ilə bağlı daha dəqiq cavaba, izahata ehtiyac var...

Qeyd edək ki, dünən axşam saat 19:00 radələrində Xudu Məmmədov, 33 ünvanında sakinlər tərəfindən etiraz aksiyası keçirilib. Əraziyə polislər cəlb olunub.

Etiraz edən sakinlər virtualaz.org saytına bildiriblər ki, meydançanın ərazisi bir iş adamına satılıb. Əlillərin və uşaqların dincəldiyi ərazidə qazıntı işlərinə başlanılıb, uşaqlar üçün əvvəllər qoyulmuş yelləncəklər sındırılıb, oturacaqlar götürülüb harasa aparılıb. Ərazi hasarlanıb, meydançaya ağır texnika yığılıb.

Onu da qeyd edək ki, sözügedən ünvanda əlillər üçün bina yerləşir. Əlil arabasında olanlar yalnız bu meydançada dincələ bilirdilər.

Sakinlər iddia edirlər ki, hələlik adı gizli saxlanılan iş adamı meydançanı 1 milyon manata satın alıb.