vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QARABAĞ  
16:08 | 14 avqust 2014 | Cümə axşamı Məqaləyə 3553 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramiz Mehdiyevə müraciət olundu

Cəbhəboyu kəndlərə xüsusi statusun verilməsi təklif edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı cəbhə bölgəsinə səfərinin yekunları ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub göndərib. Modern.az-ın məlumatına görə, məktubda cəbhə bölgələri, yerli əhali ilə bağlı bir sıra təkliflər irəli sürülür. Məktubda göstərilir:

«Biz bir neçə gün əvvəl cəbhə bölgəsində, Ağdam, Bərdə, Tərtər rayonlarında, qoşunların təmas xəttindəki Qapanlı, Çıraqlı, Çəmənli, Əfətli kəndlərində yerli əhali ilə görüşmüş, söhbətlər aparmışıq. Məqsədimiz cəbhə bölgəsində olan insanlara mənəvi dəstək vermək, arzularını, istəklərini dinləmək, onlara imkanımız daxilində yardımçı olmaqdır. Bizim bu təşəbbüsümüz torpaqlarımızın işğaldan azad olunması işinə yardım etmək, payımızı vermək istəyindən irəli gəlir.

Qeyd etməliyik ki, olduğumuz ərazilərdə əhval-ruhiyyə, vəziyyət yaxşı səviyyədədir. İnsanların Milli Orduya və qələbəyə inamı güclüdür. Hər yerdə insanların Ali Baş Komandanın əmrini gözlədiklərinin, döyüşə hazır olduqlarının şahidi olduq.

Ümumi işimizin xatirinə bəzi problemləri də Sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Bu problemləri yerli əhalinin nümayəndələri dilə gətirib və həllini istəyiblər. Biz hesab edirik ki, ictimai təşkilatların bu cür səfərlərinin əsas məqsədlərindən biri məhz problemlərin ortaya çıxarılması və ölkə rəhbərliyinə çatdırılmasıdır ki, həmin problemlər vaxtında həllini tapsın və ciddi fəsadlar törətməsinə imkan verilməsin. Elə problemlər var ki, yerli məmurlar onları ya görə bilmir, ya görmək istəmir, ya da yuxarı instansiyalara çatdırmaqdan çəkinir. Biz bu problemləri və təklifləri ictimailəşdirməyi, ölkə rəhbərliyinin diqqətinə çatdırmağı özümüzə borc bilir və hesab edirik ki, bu proses bütövlükdə dövlətçiyimizin möhkəmlənməsinə xidmət edir. Nəzərdə tutduğumuz, eşitdiyimiz, gördüyümüz problemləri diqqətinizə çatdırırıq.

Birinci. Qoşunların təmas xəttində yerləşən kəndlərə, məsələn, Ağdamın Əfətli, Çıraqlı, Çəmənli, Tərtərin Qapanlı, Qaradağlı, Qazaxın Məzəm, Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kimi kəndlərə dövlət tərəfindən xüsusi status verilməsinə ehtiyac var. Bu kəndlərin əhalisinin hər cür vergilərdən azad olunması, işıq, qaz pullarının ödənilməsində güzəştlərin edilməsi, kənd təsərrüfatı işləri üçün pul şəklində yardımın göstərilməsi və sair məsələlər nəzərdə tutula bilər. Yuxarıda qeyd etdiyimiz kəndlərin adları şərtidir, bu kəndlərin siyahısı dövlət komissiyası tərəfindən dəqiq müəyyən edilə bilər.

İkinci. Bu kəndlərdə təhsillə bağlı problemlər var, atəşkəsin tez-tez pozulması dərslərin müntəzəm və keyfiyyətli həyata keçirilməsinə imkan vermir. Ona görə də bu kəndlərin məzunlarına ali məktəblərə qəbul zamanı imtiyazların nəzərdə tutulması, təhsil haqqından azad olunmaları yaxşı olardı.

Üçüncü. Bu kəndlər daim atəş altındadırlar. Vaxtaşırı düşmən gülləsinə özləri, heyvanlar, evləri, təsərrüfatları tuş gəlir. Kəndlərin əhalisi bu hadisələr zamanı onlara dövlət tərəfindən heç bir yardımın göstərilmədiyini bildirirlər. Məsələn, Tərtərin Qapanlı kəndində Daşqın Əliyev düşmən gülləsindən yaralanıb, onun müalicəsinə dövlət tərəfindən heç bir yardım göstərilməyib. Yenə həmin kəndin sakini Emin Tanrıverdiyevin ot tayası düşmən gülləsi ilə yanıb, 700 ədəd ot bağlaması (2500 manatlıq) yanıb, ona pulla və ya otla yardım edən yoxdur. Belə misallar çoxdur. Ona görə də hesab edirik ki, bu məsələlərə xüsusi diqqət yetirilməli, düşmən gülləsindən ölən kənd sakinlərinin yas mərasimi, yaralananların müalicəsi, zərərçəkənlərin zərəri dövlət tərəfindən ödənilməlidir. Cəbhəboyu kəndlərin hər birində tibb məntəqəsi və ən azından bir təcili yardım maşınının olmasına ciddi ehtiyac var.

Dördüncü. Tərtərin Qapanlı kəndində, Ağdam – Bərdə - Tərtər «Dörd yolu»ndakı qəsəbələrdə içməli su problemi var. Artezian quyuları vurulub, lakin dayaz vurulduğuna görə içmək mümkün deyil, əhali suyu pulla alır. Bu hal ciddi problemlər yaradır. Ona görə də təcili həll olunmalıdır.

Beşinci. İnsanlar, xüsusilə də gənclər işsizlikdən əziyyət çəkirlər. Yeni iş yerlərinin açılmasına ehtiyac vardır. Dövlət başçısı İlham Əliyevin ölkənin sənayeləşdirilməsinə dair irəli sürdüyü proqram üzrə bu ərazilərdə kiçik və orta sənaye müəssisələrinin tikilməsi çox yaxşı olardı.

Biz iddia etmirik ki, bu problemlərdən Sizin və ya digər dövlət orqanlarının xəbəri yoxdur. Biz sadəcə, bu problemləri bir daha gündəmə gətirməyi, yazıb Sizə göndərməyi özümüzə borc bilirik. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkürümüzü bildiririk».