10:59 | 27 sentyabr 2013 | Cümə
Məqaləyə 4178 dəfə baxılıb
Şriftin ölçüsü
«Necə qatil oluruq»
“Giliz kimi gəzərgi” esselər silsiləsindən
Dostyevskinin “Cinayət və Cəza” romanındakı cinayət hadisəsi bizi həyəcanlandırır, qorxudur. Cinayətin necə və kim tərəfindən törədildiyi Raskolnikov qarını öldürən kimi bizə – oxuculara gün kimi aydın olur. Bəs hadisələrin necə cərəyan etdiyini bilir və qatili tanıyırıqsa niyə həyəcanlanırıq?
Mənə elə gəlir ki, Dostoyevski oxucusunu öz usta üslubu və təhkiyəsi ilə cinayət törədilən andan “qatilə çevirir”. Ən azı oxucu bu cinayətə “şahidlik” etmiş olur. Biz “qatil”ə və “şahid”ə çevriləndən sonra, təhtəlşüurumuzda, qeyri-ixtiyari, istər-istəməz həmin cinayəti gizlətməyə çalışırıq. Ona görə də hər dəfə cinayətin üstünün açılma, etiraf məqamı gəldikdə biz “törətdiyimiz cinayət”imizin faş olacağından təlaşlanırıq. Bax, bu təlaş, bizi həyəcanda saxlayır və qorxudur.
Çexov nəyi bilirdi?
A.Çexov A.S.Suvorinə yazdığı məktubda belə bir nüansı onunla mübahisə edirdi: “Sənətkardan işə şüurlu yanaşmağı tələb etməkdə haqlısınız, ancaq siz iki anlayışı qarışdırırsınız: sualın həlli və sualın düzgün qoyuluşu. Yalnız ikinci sənətkar üçün mütləqdi. “Anna Karenina”da və “Yevgeni Onegin”də heç bir sual həll olunmayıb, ancaq əsərlər sizi təmin edir, yalnız ona görə ki, bütün suallar düzgün qoyulub. Sulları qoymaq məhkəmənin borcudu, ancaq onları qoy iclasçılar həll eləsin”.
Klassik nəsrin bu cür gözəl, prozanı proza edən “kvadrat qanun”ları bu gün yoxdur. Ona görə də bir sıra əsərlərdə yazıçı hakim, hadisələr “cinayət işi”, oxucular “iclas iştirakçıları” deyil. Yazıçı hakim, hadisələr tale, ictimai rəy iclas iştirakçısı olmadığı dövürdə postmodernizim azadlığını hər cür vəchlə öz-özündən ilhamlanaraq izhar etmədədir. Klassik ədəbiyyatın bəyan elədiyi “Çexov planı” ilə müqayisədə belə demək olar ki, bugünkü posmodernist mənzərə belədir: Aralıdan məhkəmə kimi görünən “ədəbiyyat zalı”nda sual verən, iclas iştirakçıları, hakim və ən əsası sual yoxdur, amma məhkəmə gedir.
Bugün nə Gertsen “Kimdir müqəssir” soruşur, nə Hamlet “Olum, yoxsa ölüm” dilemması üzərində baş sındırır, nə də Parisdə Rodin muzeyinin qarşısındakı HEYKƏL düşünür.
İnsan “bəşrin əşrəfi” hayıl-mayıllığında
“Qurani-Kərim”də insana yüksək qiymət verilməsi, bəşəriyyətin əşrəfi kimi təqdim edilməsi, nədənsə çoxlarında bəzən qanaraq, bəzən qanmazcasına özündənrazılıq yaradır, amma dini kitabımızda dəfələrlə insanın nütfədən yaradıldığı da deyilir. Dini misalların insan-təbiət eyniləşdirilmələri ilə şərhi çox gözəldir. Amma əşrəf taxtına əyləşmiş insanın “iyrənmək” sindiromuna qarşı oxuduğum ən gözəl nümunə İbn Sinanın “Səadət iksiri” əsərindəndir. Deməli:
“Günlərin bir günü, Şeyx Əbu Səid sufilərlə yol gedirmiş. Necə olursa, onlar, çirkablı suların üzəri ilə nəcis üzən tullantı çalasının üstünə gəlib çıxırlar. Bu mənzərəni görənlər, burunlarını tutub kənara qaçırlar. Bircə Şeyx bu üfunətdən çəkinmir, yerindən tərpənmədən dayanıb bir müddət nəcisə baxır, sonra üzünü yanındakılara tutub deyir:
– Ay camaat, bilirsiz bu nəcis indi mənə nə deyir?...
– Nə deyir?.. – o birilər soruşur.
– O deyir ki, “Dünən mən bazarda, piştaxtanın ən hündür yerində idim... Siz pul kisələrinizin ağzını açdınız, məni almaqdan ötrü yarışa girdiniz. Mən, sizinlə bircə gecəni keçirdim və görün nə günə düşdüm… İndi deyin, kim-kimdən qaçmalıdı: siz məndən, ya mən sizdən?..”
Bu misalı oxuyandan sonra başqa bir məsələ də məni düşündürdü: Təkcə, meyvə kimi yox, insan kimi də bəzən elə adamların yanında olursan ki, onlarla bir gün bir yerdə olmaq murdarlanmağa bəs edir. Ən pisi də odur ki, bu murdarlıq da təbiət hadisəsi kimi təbii baş verir.