vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
20:36 | 11 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 3912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mumiya ana»

«Poeziya buketi, nəğmə çələngi»

Murad KÖHNƏQALA

Bu gün borc pul almağa dostu olan adam çox xoşbəxtdi. Bu mənada mən də o xoşbəxtlərin içərisində ömür sürürəm, çünki borc almaq üçün Bakıda bir sinif yoldaşım yaşayır.

Yenə pul lazım oldu, ona zəng elədim. Dostum dərhal vəziyyəti başa düşdü və dedi: “Mən toydayam, “Qəmgin sevinc” şadlıq sarayına gəl”.
Bu yerdə şadlıq sarayının adını əziz oxucuya izah eləməsəm, bir yazar kimi mənə ayıb olar. Əziz oxucum, canım-ciyərim, bu sarayda həm toy, həm də yas mərasimi keçirildiyinə görə sahibi binanın adını belənçinə qoyub.
Həə, dostum dedi, toydayam, gəl “Qəmgin sevinc”ə!
Nağara-zurna sədalı binanın həyətindən dostuma zəng elədim ki, bayıra çıxsın. İçəri girmək istəmirdim, çünki təmtəraqlı toylar mənim ömrümü gödəldir. Dostum kopayoğlu telefona cavab vermədi. Onu görmək üçün məcburən zala daxil oldum. İçəridə kök bir kişi mikrofonda ana haqda mərsiyə deyir, yerdəkilər isə başlarını yellədib ağlaşırdı. Elə bildim səhvən yas mərasiminə gəlmişəm. Şəkilçəkəndən soruşdum, dedi, elə axtardığın toy budu.
Nə isə zalda baxa-baxa gəlib dostumu tapdım. Onun dəm olmağı məni xeyli sevindirdi. Çünki, hər bir azərbaycanlı kimi mənim bu dostum da yalnız içəndə mərhəmətli olur.
Xanəndə ağlaya-ağlaya oxuyurdu:
“Ana, ağrın alım, qalx məzarından
Al məni qoynuna mənə layla de,
Mənə layla de, mənə layla de, mənə layla de!”
Dostum bütün toy əhli ilə ahəngdar olaraq xanəndənin oxuduğu mərsiyəsinin ritmi ilə başını sağa-sola yelləyirdi.
Xanəndə, üst dodağının lap aşağısında bığ adına bir cərgə tük düzülmüş uca boylu, enlikürək, sıpa kimi sağlam bir adam idi. Cərgə tüklər onun burun tərəfdən ağzına gözlənilən hansısa təhlükəni zərərsizləşdirmək üçün düzülmüş sərhəd qoşununa bənzəyirdi. O, zarıya-zarıya zəngulələr vuraraq təkrar eləyirdi:
“Ana, qalx məzarından, mənə layla de, layla!”
Anladım ki, iri göbəkli bu xanəndənin anasının ölməyinə baxmayaraq könlünə ana laylası düşüb. Demək, ananı eskumasiya edib məzardan çıxmaq lazımdı ki, arvad durub bu peysərə bir dənə layla çalsın. Özü də kişinin yekə bir şərti var, anası onu qucağına almalıdı!
Baxdım ki, xanəndə bu arzusunda çox israrlıdı: “Ana-ana, ay zalım ana, qalx ayağa, mənə layla de, laylaaaa!..”
Onun bu arzusunun anası tərəfindən necə yerinə yetirilməsini xəyalımda canlandırdım. Demək, torpağa tapşırılmış mərhum ana övlad fəryadından vəcdə gələrək qəbirdə canlanıb kəfəni cırmalıdı. Sonra güc verərək, həmin övladının onun qəbrinin üstünə döşətdirdiyi qalın betonu və mərmər daşı dəlib gecə çölə çıxmalıdı. Qəbirdən çıxan ana oralardakı betonlu fəhlə paltarlarından  özünə libas düzəldib oğlunun yaşadığı evə gəlməli, qapının düyməsini basmalıdı. Bu yerdə ananın oğlunu dəhşətli bir mənzərə gözləyir.
Baax, əziz oxucu, neçə ki gec deyil, səninlə məsləhətləşirəm, bəlkə heç ananı xortlatmayaq? Əziz xalqım, sənə səslənirəm, bəlkə ananı diriltməyək? Adətən, belə şeylərlə yaxşı nəticələr əldə olunmur! Bəlkə bu işi dayandıraq?..
Baxdım ki, yooox, xanəndə iki ayağını bir başmağa dirəyib:
“Ana, ağrın alım, dur məzarından, mütləq mənə layla de, yoxsa axırı pis olacaq!..”
Ay xanəndə, axı, sənin arvadın həmişə qayınanasına ölüm arzulayıb? İndi dirilib anan gəlsə bu işin axırı necə olacaq? Nə isə, özün bilərsən, məndən deməkdi! Davay, arxasına baxaq!
Demək, ana oğlunun layla arzusunu yerinə yetirmək üçün qəbirdə rahat yata bilmir, xortlayaraq gəlib gecəyarı oğlunun qapısının zəngini basır. Oğul handan-hana ayılaraq əynində tuman-köynək gəlib gözlükdən baxır. Budu haa, bir tərəfi çürümüş mumiya ana qapı ağzında onu gözləyir. Xanəndə vahimələnərək qaçıb titrəyə-titrəyə arvadını oyadır:
- Allah öyünü yıxsın, qalx gör, kim gəlib!
Arvadı zarıyaraq mızıldanır:
- Əəə, niyə qoymursan yataq?
Xanəndə təzədən iri məməli arvadını silkələyib bağırır:
- Dur gör, məni qara basır, yoxsa qapını döyən var?
Arvadı elə bilir kişisi... Bəlkə burdan beləsini yazmayaq, hə?
Ancaq xeyri yoxdu, xanəndə ağlaya-ağlaya yalvarır: “Ana, ağrın alım, qalx məzarından!..”
Hə, xanəndənin arvadı qalxıb gözlükdən baxır ki, rəhmətlik qayınanası ayağının birini qaldırıb o birisini qoyaraq səbirsizliklə qapının açılmasını gözləyir. Qayıdıb ərinə deyir: “A kişi, bu nə ujasdı, bəlkə polis çağıraq?” Xanəndə deyir: “Əzizim, bu mənim anamdı, hər gün oxuyurdum ee, ana, qalx məzarından! İndi gəlib, qucağında da bir dəstə çiçək, yəqin qəbiristanlıqdan yığıb!” Arvadı deyir: “Onda pajarnı  çağıraq, qoy üstünə su çiləsin, bəlkə qaçıb uyuduğu məkana qayıtdı, goru nurla doslun!” Xanəndə deyir: “Gözəlim, bəlkə qapını açaq? Hər halda anadı, əziyyət çəkib beton deşib, onun adına oxuduğum mahnının “şotuna” çox pullar qazanmışam. Ola bilsin mənə sözü-zadı var?” Arvadı deyir: “A kişi, sən nə danışırsan, gecə vaxtı ölünü içəri buraxmaqmı olar? Sənin canın üçün, mumiyanı içəri buraxsaq uşaqlar dəli olar!” Kişi deyir: “Canım, hər halda anadı, bəlkə doğrudan da layla deməyə gəlib?” Arvad deyir: “Əə, sən öl, mən heç vaxt onun xoşməramlı olduğunu görmədim! Görmürsən, üzünün də bir tərəfi çürüyüb? Mən ondan xoş bir şey gözləmirəm!”
Əziz oxucum, bu sənə lazımdı? Bəlkə ananı evə buraxmayaq? Ancaq xanəndə özünü yeyib-tökürdü: “Ana, ağrın alım, qalx məzarından...”
İçdiyi milli arağın kimyəvi tərkibindən məst olaraq mürgüləyən dostuma dedim: “Sən canın, mumiya ana evə girməmiş mənə yüz manat borc ver, çıxıb gedim...”

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)